İLAHİ ƏDALƏT

4

Nə üçün Allahın sifətləri arasından təkcə «ədalət» üsuliddinə daxil edilmişdir?

Allahın ədaləti barədə bəhsə başlamazdan qabaq, gərək bilək ki, Allahın bu qədər sifətləri arasından nə üçün məhz ədalət sifəti böyük alimlər (şiə alimləri) tərəfindən üsuliddinə daxil edilmişdir.

Allah Alim, Qadir, Adil, Həkim, Rəhman, Rəhim, Əbədi, Xaliq, Raziq (ruzi verən) və sairdir. Nə üçün təkcə ədalət sifəti üsuliddinə daxil edilmişdir?

Bu sualın cavabını öyrənmək üçün aşağıdakı məsələlərə diqqət olunmalıdır:
a) Allahın sifətləri arasında ədalət sifəti böyük əhəmiyyət və xüsusiyətə malikdir. Bu xüsusiyyət odur ki, Allahın bir çox sifətləri ədalət sifətinə aiddir. Çünki ədalət sözünün leksik mənası hər şeyi öz yerində və lazım olduğu kimi etməkdir. Məsələn, Allah insanları yaradıb, deməli, onların ruzisini də yetirməlidir. Ədalət bunu tələb edir ki, yaradan yaratdığına ruzi versin.
Deməli, Allahın sifətlərindən biri olan «Raziq» (ruzi verən) ədalət əsasındadır. Eləcə də Rəhman, Rəhim,

Həkim və bir çox başqa sifətlər.
b) Məad (qayıdış) məsələsi də Allahın ədalətinə əsasən icra olunacaq. Eləcə də peyğəmbərlik, imamət ədalətlə əlaqədardır.
c) İslamın ilkin dövrlərində Allahın ədaləti barədə müsəlmanlar arasında ixtilaf yarandı.
Müsəlmanların sünni məzhəbindən olan və «Əşairə» adlanan bir qrup ümumiyyətlə Allahın ədalətini inkar edirlər. Onlar deyirlər ki, Allahın ədalət və zülmünün fərqi yoxdur. Bütün dünya onun mülküdür, ona məxsusdur. O, istədiyi işi görə bilər. Onlar hətta ağıl cəhətdən xeyir və ziyanı da inkar edirlər. Yəni, deyirlər ki, insanın ağıl və düşüncəsi o səviyyədə deyildir ki, öz xeyir və ziyanını anlasın. Hətta, ehsan verməyin yaxşı və zülmün pis iş olduğunu da anlaya bilmərik. (Onlarda bu kimi səhv fikirlər həddən artıq coxdur).
Bu dəstənin müqabilində isə Allahın ədalətinə inanan iki məzhəb vardır. Sünni məzhəbinin Mötəzilə dəstəsi və bütün şiə məzhəbi bu əqidədədirlər.
Birinci dəstə ilə ikinci dəstə arasında fərq olsun deyə, ikinci dəstəni «Ədliyyə» (yəni, Allahın ədalətinə inanan), birinci dəstəni isə «Qeyri-ədliyyə» (yəni, Allah barədə ədalət etiqadında olmayan) adlandırmışlar.

Şiələr ikinci dəstədəndir.
Şiə məzhəbi başqa «Ədliyyə» tərəfdarlarından fərqli olaraq (dəlillər əsasında) «İmamət»i də üsuliddinə daxil etmişdir. Deməli, harada Ədalət və İmamətdən söhbət gedirsə, həmin söhbət şiələr barəsindədir.
d) Firuiddinin üsuliddindən bir nişanə olduğunu və Allah ədalətinin cəmiyyətdə həddən artıq təsirli olduğunu, ictimai ədalətin bəşər həyatında böyük rol oynadığını nəzərə almaqla, ədaləti üsuliddinin bir rolu, bir bəndi kimi qəbul etmək insanlar arasında ədalətin icra olunduğuna və zülmlə mübarizəyə bir nişanədir.

Peyğəmbərlər və imamların rəhbərliyi də cəmiyyətdə həqiqi rəhbər və başçının olması məsələsinə ilham verir. Deməli, bütün dünyaya hökmranlıq edən Allahın ədaləti bəşər həyatının hər sahəsində ədalətin lazım olduğuna bir nişanədir. Bu böyüklükdə aləm ədalətlə yaşayır və cəmiyyət də ədalətsiz bir gün qala bilməz.

Ədalət nədir?
Ədalətin iki müxtəlif mənası var.
a) Bu sözün leksik mənası «Hər şeyin öz yerində olması» deməkdir.
Ədalətin bu mənası bütün dünyada, qalaktikamızda, atomlarda, insanın vücudunda, bitkilər və sair canlılar aləmində hökmranlıq edir.
Bu mənanı Peyğəmbərin (s) buyurduğu (yəni yer və göy ədalət əsasında qurulmuşdur) hədisində də görmək olar.
Məsələn, əgər yer kürəsi öz cazibə və dəfetmə qüvvələrini əldən versə öz tarazlığını itirmiş olar. Yaxud əgər bu iki qüvvədən biri digərindən çox olsa, ya günəş yer kürəsini özünə tərəf cəzb edəcək və nəticədə yer kürəsi yanıb külə dönər, ya da yer kürəsi öz oxundan çıxaraq məhv olar.
b) Ədalətin digər mənası «camaatın haqqına riayət»dir. Bunun müqabilində isə, zülm və başqalarının haqqına riayət etməmək durur.
Ədalətin birinci mənası ikinci mənasından genişdir. (Çünki ikinci məna yalnız insanlara, birinci məna isə, istər insan, istərsə də qeyri-insan olsun, bütün məxluqata, aiddir.)
Allah üçün ədalətin hər iki mənası uyğun gəlir. Lakin ən çox ikinci məna nəzərdə tutulur.
Allahın ədalətinin mənası budur ki, o, nə birinin haqqını tapdalayır, nə birinin haqqını başqasına verir, nə də insanlar arasında ayrı-seçkilik salır. O, hər cəhətdən adildir.
İstər birinin haqqını tapdalamaq, yaxud birinin haqqını başqasına vermək olsun, istərsə də insanlar arasında ayrı-seçkilik salmaq olsun, Allahın qatında zülmün heç bir mənası yoxdur. O, heç vaxt yaxşı insanı cəzalandırmaz, pis insanı mükafatla təltif etməz, birini başqasının yerinə cəzalandırıb, yaxud mükafatlandırmaz, yaşı qurunun oduna yandırmaz. Hətta, əgər cəmiyyətdə bir nəfərdən başqa hamısı günahkar və pis adam olsa belə, Allah həmin bir nəfərin hesabını cəmiyyətdən ayrı çəkəcəkdir. Onu günahkarlarla eyni səviyyədə tutmayacaqdır.
Əşairə firqəsinin «əgər Allah bütün peyğəmbərləri Cəhənəmə və bütün günahkarları Cənnətə aparsa belə, yenə də ədalətə riayət etmişdir» kimi dedikləri ifadə isə əsası olmayan bir sözdür. Sağlam və mövhümatla kirlənmiş ağıla malik insanlar bu ifadənin səhv və əsassız olduğunu dərhal anlayır.

Müsavatla ədalətin fərqi nədir?
Diqqəti cəlb edən başqa bir məsələ bəzən ədalətlə müsavat arasında anlaşılmazlığın olması və bu iki məfhumun bir-biri ilə qarışmasıdır. Belə güman etmək olar ki, ədalət müsavata riayət etmək deməkdir. Əslində isə, belə deyildir.
Ədalətdə müsavata riayət etmək şərt deyil. Əksinə, burada ləyaqətlər və dəyərlər nəzərdə tutulur. Məsələn, bir sinfin şagirdləri arasında ədalətə riayət etmək o demək deyildir ki, onların hamısına eyni qiymət verilsin. Yaxud iki fəhlə arasında ədalətə riayət etmək onların ikisinə də eyni məbləğdə maaş vermək deyildir. Əksinə, ədalətə riayət etmək budur ki, hər şagirdin bilik, savad və ləyaqətinə və hər fəhlənin zəhmət və işinə görə qiymət, yaxud maaş verilsin.
Təbiətdə də ədalət (geniş və birinci mənasına əsasən) bu mənadadır.
Məsələn, balinanın bir tona yaxın ürəyi ilə bir qram ağırlığı olan sərçə ürəyi bərabər olsaydı, bu, ədalət olmazdı. Yaxud böyük və nəhəng bir ağacın kökü ilə kiçik və gənc ağacın kökü bərəbər olmaz. Əgər bərabər olsa, bu, zülm olar.
Təbiətdə ədalətin mənası budur ki, hər bir məxluqa öz dəyəri və ləyaqəti qədər pay verilir.

Kitabın adı: Gənclər üçün üsulid-din haqqında 50 dərs
Tərcümə edən: Hacı Mais Ağaverdiyev

Hazırladı:

Dərc edilib: