Bərəkət nədir? Necə olur? Maddi və mənəvi bir şey bərəkətli ola bilirmi? Tutaq ki, bir şey bərəkətli olarsa nə xeyiri olacaq?
Bərəkət sözü mübarək sözü ilə eyniköklü sözdür və təbrik sözü də bu sözlərin kökündən alınmışdır. Bəzən biz, insanlara hər hansı bir xeyir işinə görə təbrik deyiriksə mənası budur ki, sənin bu xeyirli işin bərəkətli olsun. Bəs bərəkət nədir sualını bir misal ilə izah edib keçirik Quran və hədislərdə olan bərəkətin mənasına.
Baxın Allah Təalanın yaratdığı iki heyvana it və qoyuna diqqət edək. İt bəhər verəndə və doğanda ən azı altı, yeddi bala doğur. Amma qoyun ən çox ildə iki dəfə doğur əgər hər ikisi əkiz olarsa dörd baladan çox doğa bilmir. Amma dünyada say hesabı ilə götürsək görərik ki, baxmayaraq qoyun itdən az doğur amma qoyunların sayı itlərin sayından olduqca çoxdur. Hansı ki, çobanların min qoyunu olanda üç dörd iti olur. Baxın bu Allahın qoyuna verdiyi bərəkətdir və bunun kimi çox misallar çəkmək olar ki, həmişə çoxluq bərəkət deyil bəzən az bir işə Allah bərəkət verir. Məsələn Peyğəmbərin (s) kafirlərlə ilk döyüşü yəni Bədr döyüşündə müsəlmanların sayı kafirlərin sayından üç dəfə az olmasına baxmayaraq müsəlmanlar bu döyüşdə qalib gəlir. Bu və digər misallar göstərmək olar ki, çoxluq bərəkət deyil əksinə Allahın razılığı üçün görülən kiçik bir iş də nəticə etibarilə çox faydalı ola bilər.
İndi isə Quran və hədislərə müraciət edək.
Allah Təala Qurani kərimdə Öz nemətlərini “mübarək” kəlməsi ilə yad etməklə yanaşı bərəkətin özünə də çox zərif və gözəl şəkildə işarə edərək buyurur: Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq (göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq).(Əraf.96)
Bu ayənin təfsirində buyurulur ki, insanlar günahdan uzaq olsaydı Allah insanları təkamülə aparan xeyirlər və yağış göndərib qida maddələrini bol və firavan etməklə insanlara göyün bərəkət qapılarını açardı.
Əlbəttə bu bərəkətin maddi tərəfindən olan təfsiri idi. Amma Bərəkətin mənəvi tərəflərinin də insanın dünya və axirətdə xoşbəxtliyə çatması üçün olduqca təsiri çoxdur.
İmam Rza ələyhissəlamın bərəkətin əsas amili haqqında yəni Allaha itaət haqqında olan hədisində buyurulur ki; Allah Təala Öz peyğəmbərlərindən birinə vəhy göndərdi ki; hər vaxt Mənə itaət olunarsa razı olacam və razı olduğum zaman bərəkət bəxş edəcəm və Mənim bərəkətim tükənməzdir.(Mizanul Hikmə, c1, hədis1700)
Hədisdən göründüyü kimi (istər maddi istər mənəvi) ruzinin bərəkətli olması üçün ən mühüm amil iman və təqvanın olması (vaciblərə əməl haramlardan çəkinmək) dir və Allahın yolundan uzaq düşmək nemətləri məhv edərək həyatımızdan bərəkəti aparmaqdır.
Başqa bir hədisə də diqqət edək: İmam Rza (ə) Həzrət Peyğəmbərdən (s) belə bir hədis nəql edir: Nə vaxta qədər mənim ümmətim bir-birini sevib, bir-birinə hədiyyə verib əmanətə xəyanət etməyib, haramlardan çəkinib, qonaqlarına hörmət bəsləyib, namazlarını (vaxtında) qılıb zəkat verərlərsə, xeyir və yaxşılıq içində olacaqlar. Əgər bu işləri yerinə yetirməzlərsə qıtlıq və quraqlığa düçar olacaqlar. (Uyune əxbari Riza (ə), c2, s29).
Əziz və dəyərli möminlər. Gördüyünüz kimi bərəkəti qazanmağın yollarını həm Quran, həm hədislər bizlərə çox gözəl bəyan edir və insan həm mənəvi həm də maddi cəhətdən bərəkətə ehtiyaclı bir məxluqdur. Əgər biz müsəlman olaraq bir birimizin dərdlərinə şərik olub bir birimizdən xəbərdar olsaq və zərrə qədər bir birimiz haqqında pis düşünməyib öz ana-ata bir qardaşımızdan və bacımızdan bir birimizi ayırmasaq mütləq Allah da öz sözündə sadiq durub bizi dünya və axirətdə səadət və xoşbəxtliyə çatdıracaq.
Alimlərimizin həyatına fikir verin. Necə olur bir alim 120 cild kitab yazır amma baxanda görürük ömrü 50-60 yaxud yetmiş ildən artıq olmur çox olsa 100 il. Əllamə Məclisi bir neçə kitabın müəllifidir təkcə Biharul Ənvar kitabı 120 cilddə yazılıb. Əgər bu böyük şəxsiyyət 70 il yaşayıbsa orta hesabla bir ildə iki cild kitab yazıb. Bəs biz necə? İldə bir kitab oxuyuruqmu? Bax buna deyirlər bərəkətli ömür.
Gəlin həyatımızı bacardığımız qədər bərəkətli yaşayıb insanların yəni müsəlmanların və İslamın xidmətində ömrümüzü keçirək ki, Allaha qovuşanda bizi Öz Rəhmət ağuşuna alaraq belə desin: “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!” (Fəcr surəsi 27-30-cu ayələr).
Bax budur əsil əbədi səadət və əbədi qurtuluş.