TƏKƏBBÜR, NİFRƏTƏ SƏBƏB OLUR
İnsanın daxili xüsusiyyətlərindən biri də həyatı üçün zəruri olan “özünü sevərliyidir.” Bu hiss, daha dəqiq desək, xüsusiyyət onun həyata və yaşamağa olan meyl və istəyindən meydana gəlir. Onun vasitəsi ilə bir çox müsbət xüsusiyyətləri daha da gücləndirmək mümkün olsa da, ifrata vardıqda bir çox xoşagəlməz hallara səbəb olur.
Əxlaqi dəyərlərə vurduğu ilk zərbə insanın həddindən artıq özünü sevməsi və başqalarına qarşı laqeyd olmasıdır. İnsanın məhz bu xoşagəlməz xüsusiyyəti onu həqiqəti qəbul etməyə və çatışmazlıqlarını etiraf etməyə mane olur.
Professor Robinson deyir: “Dəfələrlə heç bir zəhməti olmadan öz fikir və əqidələrimizi dəyişməli oluruq. Lakin birisi bizə səhvə yol verdiyimizi bildirdikdə, dərhal bunu töhmət kimi qəbul edir və özümüzü müdafiə etməyə çalışırıq. Biz çox asanlıqla hər hansı bir fikri qəbul edirik. Birisi onu bizdən almaq istədikdə isə dəlicəsinə özümüzü müdafiə etməyə başlayırıq. Lakin belə bir əksül-əmələ səbəb olan həmin fikir və ya əqidəyə olan bağlılığımızdan deyil, bizi ciddi təhlükə ilə üzləşdirən xudpəsəndlik və ifrat surətdə özünü sevərlikdən irəli gəlir. Əgər birisi bizə: “Saatın geri qalır və maşınınız çox köhnədir” – deyərsə, bəlkə də “Mars və qədim Misir mədəniyyəti barədə yiyələndiyiniz məlumatlar” səhvdir – deyildiyi zaman göstərdiyimiz əksül-əməli göstərək!”
İnsanın bədbəxtçiliyinə səbəb olan ən başlıca amillərdən biridə onun “xudpəsənd” və “təkəbbürlü” olmasıdır.
Təkəbbürlük kimi insanın nifrət etdiyi ikinci bir xüsusiyyət yoxdur. Bunun nəticəsində məhəbbət və səmimiyyət öz yerini ədavət və düşmənçiliyə verərək hamının nifrətinə səbəb olur. İnsan başqalarından səmimiyyət gözlədiyi kimi, onlara qarşı da son dərəcə səmimi və mehriban olmalı və əlaqələrin pozulmasına səbəb olan hər bir soyuq münasibətdən uzaq olmağa çalışmalıdır. Başqalarının səmimi münasibətinə etinasızlıq etmək insanın eyni əksül-əməl ilə qarşılaşmasına və şəxsiyyətinə xələl gəlməsinə səbəb olur.
Cəmiyyətdə şəxslərin hüdudları müəyyəndir və hər bir şəxs başqalarından öz ləyaqəti səviyyəsində səmimi münasibət görür. Xudpəsəndlik çərçivəsində əsir olub qürur və təkəbbürlüyün qurbanına çevrilən şəxslər isə yalnız özlərini fikirləşib nə başqalarını nəzərə alar, nə də onların qarşısında üzərlərinə düşən vəzifələrə riayət edərlər. Onlar nəyin bahasına olursa-olsun şan-şöhrət əldə etməyə can atar və özlərini hamıdan üstün tutmağa çalışarlar. Bütün bunların nəticəsində camaatla həmin şəxsin istək və arzuları arasında böyük bir ziddiyyət meydana gəlir. Cəmiyyət üzvlərinin göstərdikləri əksül-əməl və bəslədikləri nifrət onların narahatçılığına səbəb olur. Gözlədiklərinin tam əksini müşahidə etdikləri üçün iztirab və qəzəblə hər şeyə dözməli olurlar.
Təkəbbürlüyün səbəb olduğu şeylərdən biri də bədbinlikdir. Onlar daim zənn və gümana qapılaraq başqalarının onlar barədə pis fikirdə olduğunu təsəvvür edərlər. Qürur və etinasızlıqdan əl çəkməzlər və ixtiyarsız olaraq müxtəlif şəxslər barədə pis fikrə düşüb yaranmış ilk fürsətdə onlardan intiqam almağa can atarlar. Daxillərində baş verən tüğyan yatmayınca nə rahatlıq, nə də asayiş bilərlər.
İnsanda təkəbbürlük və xudpəsəndlik hisslərinin yaranması onun bir növ psixoloji xəstəliyə düçar olmasından xəbər verir. Xəstəlik kimi qələmə verilən bu xüsusiyyət sonralar tədriclə “eqoistliyə” çevrilir. Bu isə ciddi nigarançılıqlara və bir çox cinayətlərin baş verməsinə səbəb olur.
Nəticədə insan böyük bədbəxtçiliklə üzləşir. Tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, bütün dövrlərdə peyğəmbərlərə qarşı çıxan və haqqı qəbul etməkdən boyun qaçıran şəxslər özlərindən son dərəcə razı və təkəbbürlü olmuşlar. Əsrlər boyu kütləvi qırğınlar olmuş və baş verən müharibələrdə minlərlə günahsız insanın qanı axıdılmışdır. Bəşəriyyəti ciddi təhlükə ilə üzləşdirən bu vəhşiliklərə də məhz insanların qürur və təkəbbürlüyü səbəb olmuşdur.
Əxlaqi dəyərlərdən bəhrələnməyən ailələrdə tərbiyə olunan uşaqlar cəmiyyətdə də heç nəyə nail olmurlar. Onların bir çoxu təkəbbürlüyə düçar olur və bu yolla ailələrində gördükləri çatışmazlıqları aradan qaldırmağa çalışırlar. Belə bir xüsusiyyətə yiyələnən şəxslər öz şəxsiyyətlərini başqalarından qat-qat üstün tutur və qürur hissi ilə öz üstünlüklərini nümayiş etdirirlər. Həqiqətən yüksək şəxsiyyətə malik olan şəxs heç vaxt özünü uca tutmağa və başqalarının qarşısında öyünməyə ehtiyac duymur. Çünki o bilir ki, lovğalıq və öyünmək heç də üstünlük demək deyildir, qürur və təkəbbürlük hələ bu vaxtadək heç bir kəsə şərəf nəsib etməmişdir.
Alimlərdən biri deyir: “Psixoloji sağlamlığınızı qorumaq üçün istək və arzularınızı azaldıb başqalarından az şey gözləyin və özünüzü qəlbinizin tələblərindən xilas edin. Qürur və xudpərəstlikdən uzaq olun!”
Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Tərcümə edən: İ. Əhmədov
Səsləndirdi: Turanə Allahverdiyeva
Davamı var …