ƏXLAQIN DƏYƏR VƏ ƏHƏMİYYƏTİ
Hər bir millətin ictimai həyatı üçün zəruri olan məsələlərdən biri də əxlaqdır. Əxlaq, bəşərin ömrü ilə bərabər və onunla birgə yaradılmışdır. Heç bir şüurlu insan asayişin təmin olunması, cəmiyyətin islah və inkişafı üçün əxlaqın zəruri olduğuna şübhə etmir.
Hansı normal insan əhdə vəfa etməkdən, əmin-amanlıqdan və haqdan üz döndərərək öz xoşbəxtliyini xəyanət və haqsızlıqda axtarar? Əxlaqın dəyər və əhəmiyyəti barədə yalnız bunu demək kifayətdir ki, istər inkişaf etmiş, istərsə də geridə qalmış hər bir millət əxlaqi dəyərlərə böyük hörmət və ehtiramla yanaşır. İnsan yaşadığı enişli-yoxuşlu həyatda bir sıra qanun-qaydalara tabe olub onlara riayət etməyi özü üçün zəruri hesab edir. O, müxtəlif zaman və şəraitlərdə yaşamasına baxmayaraq bir-birinə oxşar əxlaqi dəyərlərə yiyələnmiş və illər, əsrlər ötüb keçsə də bu günədək həmin dəyərləri qoruyub saxlaya bilmişdir. Məşhur ingilis alimi Samuel Smaylz deyir: “Əxlaq dünyanı hərəkətə gətirən ən böyük qüvvədir. Əxlaq, insaniyyətin həqiqi tərifi olduğu üçün ən gözəl surətdə özünü büruzə verdikdə insanın təbiətini ən yüksək formada təcəssüm etdirir. Həyatın bütün sahələrində uğur və müvəffəqiyyətə nail olan və nisbi üstünlüyə malik olan şəxslər başqalarının diqqətini özlərinə cəlb edir və onların hörmət və ehtiramını qazanırlar. Bütün gözəl xüsusiyyətləri özlərində cəm etdikləri üçün başqalarına örnək və nümunə olurlar. Əgər onlar bu dünyada olmazlarsa, yaşamaq qeyri-mümkün bir hala çevrilər. Bəşəriyyəti haqq və təqvaya hidayət edən bu şəxslər nur tək onların yoluna işıq saçır və səadətə çatmağa səbəb olurlar. Bunun üçün də onlara hər bir şəxsin hörmətlə yanaşması onun insanlıq borcudur. Cəmiyyət nə qədər ki, gözəl əxlaqi xüsusiyyətlərə yiyələnməyib, hüquq və siyasi ixtiyarları nə qədər geniş olsa da belə, yenə də tərəqqi və irəliləyişə nail ola bilməz və əgər hər hansı bir millət azad və başı uca yaşamaq istərsə heç də hökmən geniş əraziyə malik olmamalıdır. Çünki geniş əraziyə malik olsa da, bəzən təkamül üçün lazım olan şəraitdən məhrum olur. Əxlaq və mənəviyyatdan məhrum olan hər hansı bir millət isə tez bir zamanda zəifləyərək süquta uğrayır. “
Qeyd olunanlar nəzəri baxımdan hamı tərəfindən yekdilliklə qəbul olunur. Lakin əməli olaraq həyata keçirilib-keçirilmədiyinə gəldikdə, insanların elmlə əməl arasında böyük fasilə yaratdıqlarının şahidi oluruq. Belə ki, insanların bir çoxu əxlaqi dəyərləri nəfsani istəklərə qurban verərək daim aldadıcı naz-nemətlər fikrində olurlar. Bəşəriyyət yaradıldığı ilk gündən özü ilə bir-biri ilə zidd olan xüsusiyyətlər gətirmişdir. Onun xeyirlə şərin mübarizə meydanı olan qəlbi qəzəb və şəhvət hisslərinə də hakim olmuşdur. Sair nəfsani istəklərin mənşəyi də məhz odur.
Bunun üçün də insan heç nədə ifrata varmamalı və sərt davranışını gözəl və ürəyəyatan əxlaqi dəyərlərlə əvəz etməlidir. Bu bir həqiqətdir ki, yüksək əxlaqi xüsusiyyətlərə malik olan insan gözəl davranışının tez bir zamanda müsbət nəticəsini görür. Lakin onun həqiqi müsbət nəticələrini Allahın qarşısında təslim və Onun əmrlərinə tabe olduqda görür. Psixoloqlardan biri deyir: “İnsanın hissiyyatları iki hissədən ibarətdir. Onun bir hissəsində təzyiqedici qüvvə, digər hissəsində isə müqavimət duyğuları özünə yer etmişdir. Müqavimət duyğularına güc gələ bilən hər bir qüvvə dərhal vücudumuza öz təsirini qoyur və bizi özünə tabe edir. “
Daxili hisslərinə nəzarət edib istəklərini ağıl və məntiqlə ayaqlaşdırmağa nail olan şəxslər, necə deyərlər, qəlblə ağıl arasında sülh bərqərar etmiş olurlar. Buna nail olan şəxslər təbii ki, xoşbəxtlik və səadət yolunu bir çox çətinliklər arasından süstlük göstərmədən azad iradə ilə qət etmişlər. Bəşər elm və texnikada ağlasığmaz nailiyyətlər edib öz qüdrətini dənizin dərinliklərində də nümayiş etdirsə də, lakin hələ də müasir sivilizasiya çətinliklər qarşısında acizdir. Bu çətinliklər bəşəriyyəti hərc-mərcliyə, tamahkarlığa və nəzmsizliyə düçar etmişdir. Bütün bunların ən başlıca səbəbi isə ruhi düşkünlük və əxlaqi dəyərlərdən uzaq düşməkdir. Jul Roman deyir: “Hal-hazırkı dövrdə elm çox inkişaf etmişdir, lakin daxili istəklərimiz hələ də özünün ibtidai mərhələsində dayanmışdır. Əgər onlar da elm və şüurumuzla çiyin-çiyinə irəliləsəydi, deyə bilərdik ki, fikir və iradədən meydana gələn mədəniyyət də inkişaf etmiş və tərəqqiyə nail olmuşdur.
Bəli, əxlaqi dəyərlərə üstünlük verməyən mədəniyyət onun görüşlərinə birdəfəlik xətt çəkmiş olur və nəticədə öz əli ilə özünə quyu qazmış olur. Cəmiyyətdə nöqsan və bədbəxtçiliklərin mövcud olması onun əxlaqi dəyərlərə ehtiyac duyduğundan xəbər verir. Əxlaq isə yorğun və heç bir taqəti olmayan mədəniyyətə yeni bir həyat bəxş edir.
Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Tərcümə edən: İ. Əhmədov
Davamı var …