DİNİN YALANA OLAN BAXIŞI
“Nəhl” surəsinin 105-ci ayəsində Qurani-Kərimin yalana olan mənfi münasibəti və yalançının həqiqi müsəlman cəmiyyətindən uzaq olması barəsində deyilir: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar.”
Peyğəmbər (s) buyurur: “Sizləri düz danışmağa tövsiyə edirəm. Bu bir həqiqətdir ki, düzlük insanı xeyirxahlığa, xeyirxahlıq isə insanı cənnətə qovuşdurar. Yalnız həqiqəti deyib, həqiqət axtaran şəxslər Allah-taalanın nəzərində düz danışanlardan hesab olunarlar. Yalan danışmaqdan çəkinin. Yalan insanı günaha, günah isə insanı cəhənnəmə sürükləyir. Yalan danışan şəxslər isə Allahın nəzərindən düşər və Onun dərgahında yalançılardan hesab olunarlar.”
Yalançı şəxslərin ən bariz xüsusiyyətlərindən biri də başqalarının dediklərinə gec inanmalarıdır. Peyğəmbərdən (s) bu haqda nəql olmuş hədisdə deyilir: “Düz danışan şəxslər başqalarının dediklərinə tez inanar, yalançı şəxslər isə başqalarını da yalançı hesab edər.”
Samuel Smaylz deyir:
–Bəziləri özlərinin xoşagəlməz xüsusiyyətlərini başqaları ilə müqayisə edirlər. Lakin bilməliyik ki, başqaları rəftar və davranışlarımızı ayna tək özündə əks etdirir və onlarda müşahidə etdiyimiz yaxşı və ya pis davranışlar bizim öz rəftar və davranışlarımızdır ki, onlarda inikas (əks) olunmuşdur.
Əxlaqi dəyərlərə yiyələnən hər bir şəxs heç vaxt yalan danışıb özünü günah çirkabında aludə etməz. Yalançı şəxslərin zahir və batinində haqq yoldan uzaq olan psixoloji çatışmazlıq vardır. Yalana, özlərində zəiflik və süstlük hiss edən şəxslər əl atırlar. Yalan, qorxaq və bacarıqsız şəxslərin sığınacaq yeridir. Əli (ə) bu barədə buyurur: “Əgər əşyaları oxşarlıq və bir-birlərinə olan bağlılıq baxımından yan-yana qoysaq, düzlük şücaətin, yalan isə qorxaqlığın kənarında duracaqdır.”
Raymon Piç deyir:
–Yalan, bacarıqsız insanların ən gözəl müdafiə və təhlükədən qorunma vasitəsidir. Bunun üçün də ağdərili insanların tabeçiliyində olan müxtəlif qara dərili millətlər arasında yalan daha çox yayılmışdır. Yalan, zəiflik və bacarıqsızlığın təcəllisidir. Uşaqdan: “Konfetlərə sən dəymisən?”, ya “Güldanı sən sındırmısan?” – deyə soruşduqda, etiraf etdikdə cəzalandırılacağını bildiyinə görə” – xeyr, mən etməmişəm” – deyərək özünü müdafiə etməyə məcbur olacaqdır.”
Əli (ə) başqa bir yerdə düz danışmağın üstünlük və verdiyi müsbət nəticələr barədə buyurur: “Düz danışan şəxslər üç şeyi əldə edərlər: camaatın etibarını qazanar, onu səmimi dost kimi qəbul edər və qəlblərində böyüklüyünə yer verərlər.”
İslam insanın fəzilətini onun düzlüyündə və düz danışmağında görür.
İmam Sadiq (ə) bu haqda buyurur: “Bəzilərinin çoxlu namaz qılıb oruc tutmalarına aldanmayın. Çünki ola bilsin onlar buna vərdiş etsin və vərdiş etdikləri şeydən əl çəkmək onlar üçün çətin olsun. İnsanları əmanətə vəfadar olmaları və düz danışmaları ilə sınayın və bir-birləri ilə müqayisə edin!”
Əli (ə) buyurur: “İnsan üçün ən pis xüsusiyyət yalan danışmaqdır.”
Samuel Smaylz deyir: “İnsana yaraşmayan xüsusiyyətlərdən ən pisi yalan danışmaqdır. Düzlük və səadət insanın yeganə məqsədi olmalı və heç vaxt onu digər məqsədlərinə qurban verməməlidir. “
İslam, bütün əxlaqi proqramlarını iman üzərində qurmuşdur və onu bəşəriyyətin səadət və xoşbəxtliyi üçün ən başlıca amil hesab etmişdir. Əxlaqsız iman – Dekartın dediyi kimi – bataqlıq üzərində tikilən saraya bənzəyir. Alimlərdən başqa biri isə bu barədə deyir: “Dinsiz əxlaq, qayalıq və ya kolluğa düşmüş və orada quruyan toxuma bənzəyir. Ən gözəl əxlaq belə, əgər dindən ilham almazsa, hərəkətsiz ölütək kimsəyə fayda verməz.”
Din qəlb və şüur adlanan iki daxili ölkəyə hökmranlıq edir. Elə buna görə də sülh və asayiş mərkəzi qəlb və beyinin özüdür. İnsanda dinə maraq və rəğbətin artması maddiyyatın nüfuzunun zəifləməsinə səbəb olur. Bu isə insanla bir çox xoşagəlməz xüsusiyyətlər arasında böyük bir maneə yaradır. İman və təqvaya arxalanan şəxs daim aramdır və müəyyən hədəfə malik olur. İslam, iman və əxlaqi dəyərləri insanın şəxsiyyəti üçün meyar təyin etmiş və eyni zamanda onların güclənməsinə böyük diqqət yetirmişdir. Müsəlmanın sözlərinə dəyər verən də məhz imandır. Belə ki, şəri qanunlara əsasən hər bir müsəlman özünü müdafiə etmək və ya hər hansı bir mətləbi sübuta yetirmək üçün and içmək və ya şəhadət verməklə irəli sürülən iddia və mətləbin sübuta yetirilməsinə son qoya bilər. Məlum məsələdir ki, əgər bu kimi hallarda yalana əl atılarsa, dəyən zərəri nə bağışlamaq olar nə də aradan qaldırmaq. Demək, yalan nə qədər böyük olarsa, dəyən zərəri və günahı da bir o qədər ağır və böyük olar. İmam Həsən Əskəri (ə) yalanın bütün pisliklərə səbəb olması haqda buyurur: “Bütün pisliklər bir evə yığılmışdır və bu evin açarı da yalandır.”
Dediklərimizə daha da aydınlıq gətirmək üçün diqqətinizi Peyğəmbərin (s) bu barədə verdiyi göstərişlərə cəlb etmək istəyirik. Rəvayətlərdən birində deyilir: “Günlərin birində bir şəxs Peyğəmbərin (s) yanına gəlib ondan xoşbəxtlik və səadətə çatmaq üçün tövsiyələr etməsini xahiş edir. Peyğəmbər (s) onun xahişini qəbul edib bu qısa cümlə ilə ona cavab verir: “Hər zaman həqiqəti de və yalandan uzaq ol! “Şəxs cavabını eşidib gedir. Onun özü sonralar etiraf edərək deyərdi: “Mən əvvəllər olduqca bədxasiyyət bir insan idim. Peyğəmbərin (s) dediklərini eşitdikdən sonra isə onların hamısını kənara qoydum. Belə ki, məndən gördüyüm işlər barədə soruşduqda, bundan sonra hər şeyi açıb düz deyər və sirrimi aşkar edərdim və beləliklə böyük rüsvayçılıqla üzləşərdim. Bunun üçün də özümə haqq qazandırmaq və eybimi ört-basdır etmək üçün yalan danışmalıydım ki, bu zaman da Peyğəmbərin (s) buyuruğuna əməl etməzdim. Mən Peyğəmbərin (s) dediklərini eşitdikdən sonra təxirə salmadan icra etməyə başladım və nəticədə günah və pisliklərdən uzaqlaşıb qəlbimi günah çirkabından çıxara bildim.” Bəli, həqiqəti deyən və düz yolda olan şəxslər həyatda bütün ağrı-acılardan, iztirab və nigarançılıqdan uzaq və daim yüksək əhval-ruhiyyədə olarlar.
Deməli, din və dünya baxımından yalanın qoyduğu mənfi təsirləri araşdırmaq şüurlu insanlar üçün ən böyük ibrət və həyat dərsidir. Həqiqi kamal isə iman və əxlaq sayəsində təcəlli tapır, həqiqi kamal olmayan yerdə isə nə asayiş olar, nə də səadət.
Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Tərcümə edən: İ. Əhmədov