Başqaları haqqında düzgün olmayan fikirlərin səsləndirilməsi iki surətdə mümkündür:
1. Kiminsə haqqında bədgümanları onun özü qarşısında dilə gətirmək:
Bəzən töhmət vuran şəxs müşahidə etdiyi pis xüsusiyyətləri elə həmin adamın qarşısında dilə gətirir.
2. Kiminsə haqqında bədgümanları onun olmadığı yerdə söyləmək:
a) Töhmət vuran şəxs yalnız bir nəfərin rəftarına dair düşündüklərini dilə gətirmir. Yəni “filan rəftarına görə bu nəticəyə gəldim” demir. Əlbəttə ki, burada bədgümanlığa səbəb olmuş rəftarla digər rəftarlar arasında heç bir fərq yoxdur. Çünki hər halda bədgümanlıq üçün şərait yarandığından, artıq, töhmət məfhumu gerçəkləşmişdir.
b) Başqasının rəftarını, söz və yaxud xüsusiyyətini bildirməklə yanaşı, özünün aldığı nəticəni də ona əlavə edir.
TÖHMƏTİN ƏN PİS NÜMUNƏSİ
Məlum olduğu üzrə, töhmət başqalarına qarşı bədgümanlıq deməkdir. Bu rəzilətin ən pis və xoşagəlməz nümunəsi belə xarakterizə olunur ki, insan bir nəfərə etibar edib işlərini ona həvalə etdikdən sonra bədgümanlığa düçar olur və bu haqda başqalarına məlumat verir. İmam Cəfər Sadiq (ə) buyurur:
لَيْسَ لَكَ اَنْ تَتَّهِمَ مَنِ ائْتَمَنْتَهُ
“Kiməsə əmin olduqdan sonra ona töhmət vurmağa haqqınız yoxdur.”1
TÖHMƏTİN ÇİRKİN ADƏTƏ ÇEVRİLMƏSİ
Töhmət paxıllıq, ehtiras, qəzəb və düşmənçilik kimi rəzilətlərdən qaynaqlanır. İlk anlarda təsadüfi bir hal kimi baş verən bu xüsusiyyət sonralar təkrar olunmaqla nəfsin mələkəsinə və tərkolunmaz bir adətə çevrilir.
Bu pis xarakterin “mələkə”yə çevrilmədiyi insanlar töhmət vurduqları zaman vicdan əzabı çəkir, sahib olduqları etiqadların təzyiqi altına düşürlər. Lakin bu iş təkrar olunarsa, nəfsin adi adətlərindən biri kimi insanı rəzil edir, təkcə narahatçılıq deyil, saxta sevinc və xoşbəxtlik mənbəyinə də çevrilir. Yəni insan düşmənini döyüş səhnəsindən xaric etdiyini zənn edərək sevinir, lakin bu sevincin saxta olduğunu hiss etmir. Bu üsulla günahların təkrar olunmaması, insanlığa nalayiq rəftarların adət halına çevrilməməsi tövsiyə olunur.
ŞƏRİ CƏHƏTDƏN TÖHMƏTİN NALAYİQ RƏFTAR HESAB OLUNMASI
Bədgümanlıq başqalarının pis xarakteri barədə fikirləşməklə bağlı olduğundan, töhmət də bu pis xüsusiyyəti dilə gətirildiyi üçün daha pis xarakter hesab olunur. Buna görə də, qeybətin xüsusi bir növü kimi qəbul olunur.
Bir nəfər barədə bədgüman edilərsə və sahibinin olmadığı yerdə dilə gətirilərsə, bu qeybət hesab olunur. Əgər bəyan edilən pis xüsusiyyət tərəf-müqabilində olmazsa, “böhtan” xarakterini özündə əks etdirir. Təbiidir ki, adıçəkilən hər üç söz, yəni “töhmət”, “böhtan” və “qeybət” arasında cüzi də olsa, fərqlər mövcuddur. “Töhmət”, “qeybət” və “böhtan” arasında keçid kimi əxlaqi rəzilət nəzərdə tutulur. Bu iki rəftarın hər ikisinin haram olmasına isə heç bir şübhə yoxdur. Bu cəhətdən də, töhmət də haram əməllər sırasına daxildir. Çünki sonluq ya qeybətlə, ya da böhtanla nəticələnir. Başqalarının heysiyyətinə toxunub, kiminsə yanında onun barəsində nalayiq sözlər danışmaq haramdır.
TÖHMƏT VURULAN ŞƏXSƏ BƏRAƏT QAZANDIRMAQ
“Qeybət” fəslində qeyd etdiyimiz kimi, insan qeybəti dinləyərsə, yaxud istər-istəməz eşidərsə, haqqında sözügedən şəxsi müdafiə etməyə çalışmalıdır. Yalnız “Qeybət etməyin!” – deməklə kifayətlənmək olmaz. Çünki qeybətdən pəhriz etmək, kiminsə haqqında qeybəti eşidərkən onu müdafiə etmək zəruridir.
Bu sözlər “töhmət” və “böhtan”a da aid edilir. Yəni töhmət vurulan şəxsin üzərindən ittihamı qaldırıb ona bəraət qazandırmaq lazımdır.
Kimisə ittihamlandıran şəxs əlində olan dəlillərə əsasən, bu fikri başqalarına söyləməklə öz bədgümanlığını büruzə verir. Bu cəhətdən də, onun sözlərini inkar edib bu səhv əməlin başqalarına nisbət verilməsinin qarşısını almaq vacibdir. Çünki ittiham edilmiş şəxsin bu rəftarı düzgün olmasa belə, ona “qeybət” hökmü qazandırır. Səhv olduqda isə, “böhtan” kimi haram əməllər sırasına daxil olur. Beləliklə də, insanların qarşısında duran əsas vəzifələrindən biri də, “böhtan” və “töhmət”ə məruz qalan şəxsi müdafiə edərək, onun şəxsiyyətinə xələl gətirməmək üçün çalışmaqdır. Peyğəmbəri-Əkrəm (s) buyurur:
مَنْ اَذَلَّ عِنْدَهُ مُؤْمِنٌ وَ هُوَ يَقْدِرُ عَلى اَنْ يَنْصُرَهُ فَلَمْ يَنْصُرْهُ، اَذَلَّهُ اللّهُ يَوْمَ الْقِيامَةِ عَلى رُءوُسِ الْخَلائِقِ
“Kiminsə qarşısında bir möminin xar edildiyini görüb, onu müdafiə etmək imkanı ola-ola, səssiz qalan insanı Allah-Taala qiyamət günü bütün varlıqların arasında xar edəcəkdir.”2
مَنْ اَذَلَّ عِنْدَهُ مُؤْمِنٌ وَ هُوَ يَقْدِرُ عَلى اَنْ يَنْصُرَهُ فَلَمْ يَنْصُرْهُ، اَذَلَّهُ اللّهُ يَوْمَ الْقِيامَةِ عَلى رُءوُسِ الْخَلائِقِ
“Bir mömin qardaşının abır-həyasını qoruyub, onun müdafiəsinə qalxan insan bu əmələ xatir atəş alovlarından qoruyan bir pərdəyə sahib olacaqdır.”3
Kiminsə həyasını qorumağa qadir olmayan şəxs həmin məclisi tərk etməlidir. Bunu da bacarmazsa, qəlbində burada iştirak etdiyi üçün narahatlıq hissləri keçirib, həmin söhbətlərə qarşı soyuqqanlığını göstərməlidir.
Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova
1. “Kafi”, Kuleyni, 5-ci cild, səh. 298, 1-ci hədis.
2. “Biharul-ənvar”, Əllamə Məclisi, 72-ci cild, səh. 226.
3. “Biharul-ənvar”, Əllamə Məclisi, 72-ci cild, səh. 226.