HİDAYƏT və AZĞINLIQ

6

Hidayət və azğınlığın növləri
Məsələn, bir nəfər sizə əlində tutduğu bir ünvanı göstərərək ünvanı tanımadığını və sizdən kömək istədiyini bildirir. Sizin ünvanı ona tanıtdırmaq üçün iki yolunuz var.

Biri odur ki, ona qoşulub istədiyi yerə gətirib ünvanı ona göstərəsiniz. İkincisi isə odur ki, ünvanın yerini, nişanəsini deyib onu tanış edəsiniz. Siz hər iki surətdə onu öz məqsədinə çatdırmış olursunuz. Lakin bu iki yol arasında fərq var. Birinci halda siz ünvanı ona göstərməkdən əlavə, onu ötürüb məqsədinə çatdırmısınız. İkinci halda isə yalnız ünvanın yerini və nişanələrini söyləmisiniz.

Quranın bir çox ayələrində, eləcə də islami hədislərdə gəlmiş «hidayət» sözü bu iki mənanın hər ikisində işlədilmişdir.

Bundan əlavə bəzən yalnız təşrii məna daşıyır. Yəni, qanun və fərmanlar vasitəsilə həyata keçir. Bəzən isə təkvini məna daşıyır. Yəni, təbii yollarla, xilqətin qurduğu vücudla həyata keçir. Necə ki, bir nütfə kamil bir insana tərəf hidayət olur və insana çevrilir. Hidayətin bu iki mənası da Quran və hədislərdə gəlmişdir.

Quranın çox ayələrində gəlmişdir ki, hidayət etmək və azdırmaq Allahın işidir. Şübhəsiz ki, insana düz yolu göstərən odur. Çünki o, peyğəmbərlər göndərməklə və asimani kitabları nazil etməklə yolu insanlar üçün müəyyən etmişdir. Ancaq məqsədə çatdırmaq, özü də məcburi şəkildə, yəqin ki, insan iradəsinin azadlığı ilə uyğun gəlmir. Lakin məqsədə çatmaq üçün lazım olan qüvvələr Allah tərəfindən bizə verildiyi üçün və bu işdə bizə o kömək etdiyinə görə deyirik ki, hidayət Allahın əlindədir. Belə ki, Allah bütün başlanğıcları insan üçün hazırlayaraq onları bəşərin ixtiyarında qoymuşdur.

Mühüm bir sual
Quranda hidayət və zəlalətin yalnız Allahın əlində olduğuna işarə edən ayələrlə rastlaşırıq.

Məsələn, «İbrahim» surəsinin 4-cü ayəsində deylilir: “Allah kimi istəsə hidayət edər, kimi də istəsə yolundan azdırar. O, yenilməz qüdrət və hikmət sahibidir”.

… فَيُضِلُّ اللَّهُ مَن يَشَاءُ وَيَهْدِي مَن يَشَاءُ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ‎ – ابراهیم: ۴

Bəzi insanlar Quranın digər ayələrini nəzərə almamaqla belə sual verirlər ki, əgər insanı hidayət edən, yaxud yolundan azdıran Allahdırsa, bəs onda insanların nə günahı var? Lakin diqqəti cəlb edən budur ki, Quran ayələrini bir-biri ilə əlaqələndirib onun əsl, həqiqi mənasını ələ gətirmək lazımdır. Biz indi hidayət və zəlalət barədə olan ayələrin bir neçəsini sizin nəzərinizə çatdırırıq. Bu ayələri yuxarıda deyilən ayə ilə müqayisə edib lazımi nəticəyə gələ bilərsiniz.

“Allah zalimləri (haqq yoldan) azdırar.” (İbrahim, 27).

وَيُضِلُّ اللَّهُ الظَّالِمِينَ ۚ وَيَفْعَلُ اللَّهُ مَا يَشَاءُ – ابراهیم: ۲۷

“Allah (küfr etməklə) həddi aşan, şəkk içində olan kimsəni belə yoldan azdırar.” (Qafir, 34).

كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُّرْتَابٌ –  غافر: ۳۴

“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.” (Ənkəbut, 69).

وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا – عنکبوت: ۶۹

Yuxarıdakı ayələrdə gördüyümüz kimi, Allahın istək və iradəsi heç də hesabsız deyildir. Nə bir nəfər hikmətsiz və hesabsız hidayət olunur, nə də bir nəfər hesabsız yolundan azdırılır. Əgər  Allah onun yolunda cihad edən, çətinliklərlə mübarizəyə qalxan, öz nəfsi ilə mübarizə edən, düşmənlərlə üz-üzə gələn bir şəxsə onu hidayət edəcəyini vəd edirsə, bu ədalətin eynilə özüdür.

Əlbəttə ki, zülm, şəkk və şeytani hərəkətlərdə həddini aşmış insanları Allah hidayət etməz. Əksinə, onu yolundan azdırar. Bu şəxslərin qəlbləri, gördükləri bu işlər nəticəsində daşa dönmüşdür və onlar bir daha düz yola hidayət oluna bilməzlər. Əgər Quran ayələrində «Allah istədiyini yoldan azdırar» kimi ifadələrlə rastlaşırıqsa, mənası budur. Allah əməllərimizin nəticəsini bizim öz ixtiyarımıza qoymuşdursa, bu da ədalətin özüdür.

Kitabın adı: Gənclər üçün üsulid-din haqqında 50 dərs
Tərcümə edən: Hacı Mais Ağaverdiyev

Hazırladı:

Dərc edilib: