Günah etmək Allahın əzəli və əbədi elminin nəticəsidirmi?
Məcburiyyət və ixtiyar barədə digər məsələ budur ki, məcburiyyət əqidəsində olan insanlar (cəbrilər) özlərini paklığa çıxarmaq üçün bəhanə kimi Allahın onların günah etmələrinə səbəb olan əbədi elmini göstərirlər. Onlar deyirlər ki, Allah filan şəxsin filan vaxda filan günahı edəcəyini bilirdi, ya yox?
Əgər cavab versək ki, yox, bu Allahın alim və agah olması ilə uyğun gəlmir. (Çünki Allah hər şeyi bilir.) Əgər desək ki, bəli bilirdi, deyəcəklər ki, onda mütləq o şəxs həmin günahı etməlidir. Yoxsa, Allahın elmi düz çıxmaz.
Deməli, Allahın elminin düzgün çıxması üçün bütün günahkarlar günahları, möminlər isə itaətlərini etməyə məcburdurlar.
Onlar özlərini sudan quru çıxarmaq üçün bu bəhanəyə əl atmışlar, ancaq bir şeyi nəzərə almayıblar ki, Allah filan şəxsin filan günahı edəcəyini bilsə də, bu, günahkar öz günahında məcburdur mənasına gəlməz.
Allah bilir ki, filan şəxs filan günahı, mömin də itaətini öz ixtiyar və iradəsi ilə görəcəkdir. Yəni, Allah bu işləri (günah və itaət edəcəyimizi) bizim öz ixtiyarımızla görəcəyimizi bilir. Əgər məcbur olsaq, onda Allahın elmi düzgün çıxmaz. (Deməli, Allahın elminin düzgün çıxması üçün tək çarəmiz insanın iradəcə azad və ixtiyar sahibi olduğunu etiraf etməkdir.)
Bu məsələni aşkar bir misalla daha da açıqlayaq. Fərz edin ki, bir sinifdə tənbəl bir şagird var. Sinfin müəllimi topladığı təcrübə nəticəsində bilir ki, həmin şagird imtahanı verə bilməyəcək. Buna yəqini də var ki, o, sinifdə qalacaq. İmtahan zamanı çatdıqda həmin şagird imtahanı verə bilmir və sinifdə qalır. İndi həmin şagird deyə bilərmi ki, ey müəllim, sənin mənim imtahanı verə bilməyəcəyim haqdakı biliyin məni imtahandan kəsilməyə məcbur etdi? Yaxud məsum bir şəxs filan cinayətin baş verəcəyini bilir. Cinayət baş verdikdə cani məsuma deyə bilərmi ki, sənin elmin məni cinayət törətməyə məcbur etdi? Və ya baş verəcək hadisələr haqqında bir az qabaqcadan xəbərdarlıq edən cihazlar barədə hadisə baş verdikdən sonra deyə bilərikmi ki, bu cihazlar bu hadisənin baş verməsinə səbəb oldu? Deməli, belə nəticəyə gəlirik ki, Allahın elmi heç kəsi öz işində məcbur etmir.
Kitabın adı: Gənclər üçün üsulid-din haqqında 50 dərs
Tərcümə edən: Hacı Mais Ağaverdiyev