AYƏTUL-KURSİ NEÇƏ AYƏDƏN İBARƏTDİR?
Ayətul-Kursi (Bəqərə surəsi, 255) Allahın cəlal və cəmal sifətlərinin məcmusudur ki, burada Allahın həm zati sifətləri vəhdaniyyət, həyat, qəyyumluq, elm və qüdrət kimi sifətləri, həm də feli sifətləri kainata sahib olmaq və şəfaət etmək kimi sifətlər daxildir.
Bu ayədə gələn “vəsiə kursiyyuhus-səmavati vəl-ərz” kəlməsinə görə ona ayətul-kursi deyirlər. Bəziləri Bəqərə surəsinin 256 və 257-ci ayələrini də “ayətul-kursi”-dən hesab etmişdir. Lakin bir çoxu isə hədislərə və bu ayədə olan nişanələrə əsasən onu yalnız Bəqərə surəsinin 255-ci ayəsi kimi qəbul etmişlər. Hədis qaynaqlarında bu ayə üçün çoxlu xüsusiyyətlər və fəzilətlər bəyan olunmuşdur. Məsələn hədislərin birində bu ayə Quranın ən üstün ayəsi qeyd olunub. Bu ayəni hər vaxt məxsusən də yatmazdan öncə, dəstəmazdan və namazdan sonra, təhlükə ilə üzləşdikdə, evdən çıxdıqda və s. hallarda oxumaq çox tövsiyə olunub. Bu ayəni bəzi müstəhəb namazlarda o cümlədən də qəbrin ilk gecəsinin namazı (vəhşət namazında) oxumaq dini qaynaqlarda gəlmişdir.
AYƏTUL-KURSİNİN ƏRƏBCƏ MƏTNİ
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ -255
لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ -256
اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ -257
AYƏNİN OXUNUŞU:
Bismillahir-Rəhmanir-Rəhim
Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la tə‘xuzuhu sinətuv-vəla nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz, mən zəlləzi yəşfəu indəhu illa bi iznih, yə‘ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəyim-min ilmihi illa bima şaə, vəsiə kursiyyuhus-səmavati vəl-ərz və la yəuduhu hifzuhuma və huvəl-əliyyul-əzim. (Bəqərə – 255)
(Əlavə məlumat üçün)
La ikrahə fid-dini, qəd tabəyyənər-ruşdu minəl-ğəyyi, fəməy-yəkfur bit-tağuti və yu`min billahi, fəqədistəmsəkə bil-urvətil-vusqa lənfisamə ləha, vəllahu səmiun əlim. (Bəqərə – 256)
Əllahu vəliyyulləzinə amənu yuxricuhum-minəz-zulumati ilən-nur, vəlləzinə kəfəru əvliyauhumut-tağut, yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun. (Bəqərə – 257)
AYƏNİN TƏRCÜMƏSİ:
Mehriban və bağışlayan Allahın adı ilə
Bəqərə surəsi 255-ci ayə (Ayətul-kursi). Allahdan başqa heç bir ilah yoxdur. Əbədi, Əzəlidir. Onu nə mürgü tutar, nə də yuxu. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun yanında (hüzurunda) kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük Odur!
(Əlavə məlumat üçün)
256. Dində (əqidənin əsaslarında) məcburiyyət yoxdur (çünki, daxili inanc və etiqadlar zorla qəbul etdirilə bilməzlər və dəlil-sübuta tabedirlər). Şübhəsiz, (bu Quran vasitəsilə) hidayət yolu azğınlıqdan (seçilib) aydınlaşmışdır. Buna görə də, kim azğın və itaətsizə (şeytan və onun ardıcıllarına) kafir olub Allaha iman gətirsə, doğrudan da heç vaxt qırılmayan möhkəm bir dəstəkdən yapışmışdır. Allah eşidən və biləndir.
257. Allah iman gətirənlərin Mövlasıdır. Onları (nadanlıq, küfr və itaətsizliklik) qaranlıqlar(ın)dan (elm, iman və təqva) nur(un)a tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları (hidayət) nur(un)dan (azğınlıq) zülmətlər(in)ə tərəf çıxarırlar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
AYƏNİN FƏZİLƏTİ
Cənab Əbazər məclislərin birində Peyğəmbərimiz Həzrət Muhəmməddən (s) soruşdu: Sizə nazil olmuş ən üstün və dəyərli ayə hansıdır? Hz. Rəsulullah (s) buyurdu: “Ayətul-kursi”. Çünki o mübarək ayədə, şərafətli “Həyy və Qəyyum” sözləri vardır.
İmam Sadiq (ə) buyurmuşdur: Hər nədə zirvə vardır, Quranın da zirvəsi “ayətul-kursi”dir. Onu bir dəfə oxuyan şəxsdən Allah Taala min dünya ağrı-acısını və min axirət narahatçılığını uzaqlaşdırar ki, dünya ağrı-acısının ən yüngülü yoxsulluq və axirət narahatçılığının ən yüngülü qəbir əzabıdır. Mən də o məqama nail olmaq arzusu ilə onu (ayətul-kursi) oxuyuram. (Qamusi Quran, cild 6, səh: 101 – 103)
AYƏNİN FAYDASI
Muhəmməd (s) Peyğəmbər buyurmuşdur: Ayətul-kursi oxunan evdən İblis uzaqlaşar, sehr və cadu o evə daxil olmaz.
KURSİ AYƏSİ, YOXSA KURSİ AYƏLƏRİ?
Şiə təfsirçilərinin nəzərinə əsasən Ayətul-Kursi Bəqərə surəsinin yalnız 255-ci ayəsidir.1
Əl-Mizan təfsirinin müəllifi, Əllamə Seyid Muhəmməd Hüseyn Təbatəbai də Ayətul-Kursini Bəqərə surəsinin 255-ci ayəsi hesab edir, “əliyyul-əzim” ibarəsində bu ayənin bitdiyini qeyd edir.
Şiənin görkəmli müasir alimlərindən olan Ayətullah Məkarim Şirazi Ayətul-Kursinin bir ayə olduğuna dair altı arqument gətirir:
Bu ayənin fəzilətindən danışan bütün hədislər yalnız bu ayəni Ayətul-Kursi adlandırıb.
- Kursi kəlməsi yalnız bu ayədə qeyd olunub.
- Bəzi hədislərdə gəlib ki, Ayətul-Kursi 50 kəlmədən ibarətdir və Bəqərə surəsinin 255-ci ayəsində olan kəlmələrin də sayı 50-dir.
- Baxmayaraq bəzi hədislərdə Ayətul-Kursidən sonra ondan sonrakı iki ayəni oxumaq tövsiyə olunsa da həmin iki ayə Ayətul-Kursi ünvanı ilə qeyd olunmayıb. Bu hədislər şiələr arasında məşhur olduğundan həmin iki ayəni bir çoxu Ayətul-Kursidən hesab etmişlər.
- Bəqərə surəsinin 256-257-ci ayələrini Ayətul-Kursidən hesab edənlərin dəlilləri budur ki, sonrakı iki ayı Ayətul-Kursi ayəsi ilə məzmun baxımdan çox yaxındırlar.
- Seyid Muhəmməd Kazim Təbətəbai Yəzdi, Urvətul-Vusqa kitabında “vəhşət namazı” üçün 257-ayəyə qədər oxumağı ehtiyata uyğun hesab etmişdir.2
- Beləliklə nəticə alırıq ki, Ayətul-Kursi, bir ayədir və Bəqərə surəsinin 255-ci ayəsidir. Çünki heç yerdə 256 və 257-ci ayələr Ayətul-Kursi olaraq qeyd olunmamışdır və əgər sözü gedən ayələri oxumaq tövsiyə olunsa da Ayətul-Kursi adı verilməmişdir.
Bundan əlavə bütün hədislərdə Ayatul-Kursi (kursi ayələri cəmdə) yox, Ayətul-Kursi (kursi ayəsi təkdə) gəlmişdir. Lakin müstəhəb namazlarda və məxsusən də vəhşət namazında 255, 256 və 257-ci ayəni savab qəsdi ilə oxumağın da eybi yoxdur.
Məqalənin hazırlanmasında wikishia.net saytının materiallarından istifadə edilmişdir.
1. Tusi, əl-Əmali, c2, s278
2. Nümunə təfsiri, Ayətul-Kursinin təfsiri