Həzrət Ayətullah Seyyid Əli Xamenei hicri-şəmsi təqvimi ilə 1318-ci ildə tir ayının 24-də, hicri-qəməri təqvimi ilə 1358-ci ildə səfər ayının 28-də müqəddəs Məşhəd şəhərində dünyaya gəlmişdir. O, mərhum Höccətül-İslam vəl-müslimin Hacı Seyid Cavad Hüseyninin övladı və ailənin ikinci oğlu idi.
Uşaqlıq illəri
Seyid Cavad Xamenei digər İslam alimləri kimi çox sadə həyat tərzi keçirmişdir. Onun həyat yoldaşı və övladları da qənaətlə keçinib, sadə yaşamağı ondan öyrənmişlər. O, ailəsinin vəziyyəti haqqında söylədiyi xatirələrdən birində belə demişdir: “Atamın məşhur ruhani olmasına baxmayaraq, sadə və yoxsul yaşayırdıq. Bəzən evimizdə şam yeməyi olmadığından anam bizə kişmişlə çörək yedizdirərdi”.
Seyid Cavadın yaşadığı evinin vəziyyətini Ayətullah Xamenei belə vəsf edir: “Doğulduğum ev Məşhədin yoxsul bir məhəlləsində yerləşirdi. Ev 60-70 metrlik bir otaq və qaranlıq bir zirzəmidən ibarət idi. Atamın yanına qonaqlar gəldiyi zaman (atam ruhani olduğu üçün adətən, evimiz gediş-gəlişli olardı) onlar gedənə kimi hamımız zirzəmidə qalardıq. Atama hörmət bəsləyən bir neçə nəfər evimizin kənarında kiçik bir yer alaraq evimizə əlavə etdilər. Bununla da evimiz genişlənərək üç otaqlı oldu”.
Seyid Əli uşaq yaşlarından sırf İslami tərbiyə ilə böyümüşdür. Dörd yaşında olarkən böyük qardaşı Seyid Məhəmmədlə birlikdə Quran və əlifbanı öyrənmişdir. Sonra hər iki qardaş yeni təsis edilmiş “Darut-təlime diyanəti” adlı dini mədrəsəyə qəbul olmuş və ibtidai təhsil dövrünü bu mədrəsədə başa vurmuşlar.
Elmiyyə hövzəsində
Ayətullah Xamenei orta məktəbdə oxuduğu vaxtlardan “Camiul-muqəddəmat” kitabını, sərf və nəhv (ərəb dilinin qramatikası) elmini öyrənməyə başlamışdır. Sonralar hövzəyə qəbul olub, atasından və başqa ustadlardan ərəb dilini öyrənmişdir. O, elmiyyə hövzəsinə daxil olmağının və ruhaniyyət yolunu seçməyinin əsas hədəfini belə açıqlayır: “Bu nurani yolu seçməyimin səbəbi atamın ruhani olması idi. Anam da məni buna təşviq etmiş və həvəsləndirmişdir”.
O, ərəb dilini atasının nəzarəti altında “Süleyman xan” və “Nəvvab” mədrəsələrinin müəllimləri yanında “Camiul-muqəddəmat”, “Siyuti”, “Muğniy” və s. kitablardan öyrənmişdir. “Kitabu məalim”i də həmin vaxtlarda oxumuşdur. Sonra “Şərayiul-İslam” və “Şərhe Lumə”ni atasının yanında, bu kitabların bir hissəsini mərhum Ağa Mirzə Mudərris Yəzdinin yanında, “Rəsail” və “Məkasib”i mərhum Hacı Şeyx Haşim Qəzvinidən, fiqh və üsul dərslərinin qalan bəhslərini atasından öyrənmişdir. Beləliklə, Seyid Əli Xamenei ruhani təhsilinin ilk mərhələlərini təəccüb edəcək qədər çox qısa bir vaxtda – beş il yarım müddətində başa vurmuşdur. Bu mərhələdə oğlunun irəliləyişində və müvəffəqiyyətində mərhum atası Seyid Cavadın böyük rolu olmuşdur. Ayətullah Xamenei məntiq və fəlsəfə elmlərini “Mənzumeye Səbzevari”dən əvvəlcə mərhum Ayətullah Mirzə Cavad Tehraninin yanında, sonralar isə mərhum Şeyx Rza İsadan öyrənmişdir.
Ayətullah Xamenei 18 yaşlarında Məşhəddə olarkən yüksək dərəcəli fiqh və üsul elmlərinə daha dərindən yiyələnmək üçün mərhum Ayətullahül-üzma Milaninin yanında dərsə başlamışdı.
Müqəddəs Nəcəf şəhərinin elmiyyə hövzəsində
1336-cı ildə müqəddəs məzarları ziyarət etmək məqsədilə Nəcəf şəhərinə yollanmışdı. Nəcəf hövzəsində olarkən müctəhidlərin dərslərində, o cümlədən mərhum Seyid Möhsün Həkim, Seyid Mahmud Şahrudi, Mirzə Baqir Zəncani, Seyid Yəhya Yəzdi və Mirzə Həsən Bocnurdi kimi alimlərin dərslərində iştirak etmiş və oranın təhsil sistemini çox bəyənmişdir. Amma atasının razılığı olmadığından, Nəcəf elmiyyə hövzəsində təhsilini davam etdirməmiş və bir müddətdən sonra Məşhədə qayıtmışdır.
Müqəddəs Qum şəhərinin elmiyyə hövzəsində
Ayətullah Xamenei 1337-1343-cü illərdə Qum elmiyyə hövzəsində fiqh, üsul və fəlsəfə elmlərinə ən yüksək səviyyədə yiyələnmiş, mərhum Ayətullahül-üzma Bürucerdi, İmam Xomeyni, Şeyx Mürtəza Hairi Yəzdi və Əllamə Təbatəbai kimi böyük ustadlardan bəhrələnmişdir. 1343-cü ildə isə atası keçirdiyi göz xəstəliyindən görmə qabiliyyətini itirir. Bu səbəbdən Ayətullah Xamenei təhsilini yarıda qoyub, Məşhədə qayıtmalı olur. O, bu barədə belə deyir: “Məşhədə qayıtdım, Allah-Taala müvəffəqiyyətimi daha da artırdı. Çünki Məşhədə qayıtmaqla boynumda olan vəzifəni yerinə yetirmiş oldum. Mənim fikrimcə, həyatda qazandığım hər bir uğur ata-anama etdiyim xidmətin bəhrəsidir”.
Ayətullah Xamenei iki yol arasında qalmışdı: Qumda qalıb təhsil almaq və ya Məşhədə dönüb, görmə qabiliyyətini itirmiş atasına xidmət etmək. Amma o, Məşhədə qayıtmaqla doğru yolu seçmiş oldu. Bəzi ustadlar və tanışlar onun hövzəni yarıda qoyub tərk etməsinə təəssüf edirdilər. Çünki qalsa idi, gələcək üçün daha çox şey əldə edəcəyini güman edirdilər. Amma onun nə qədər düzgün yol seçdiyini zaman göstərdi. Belə ki, Allah-Taala ona ətrafdakıların güman etdiyindən daha uğurlu həyat nəsib etdi. Allah rizası və ata-anasına xidmət üçün təhsilini yarıda qoyub, Qumdan Məşhədə gələn 25 yaşlı bu istedadlı gənc oğlanın 25 il sonra müsəlmanların rəhbərlik məqamına çatacağına kim inanardı?!
O, Məşhəddə olduğu zaman dərs oxumaqdan əl çəkmir, tətildə, səfərdə, mübarizə, ya zindanda olmadığı bütün vaxtlarda 1347-ci ilədək rəsmi şəkildə fiqh və üsul dərslərini Ayətullah Milani kimi böyük ustadlardan öyrənirdi. Təhsil almaqla yanaşı, 1343-cü ildən fiqh, üsul və digər İslam elmlərini cavan tələbələrə tədris edir və həmçinin xəstə atasına xidmət edirdi.
Ardı burada…
