Müctəhidlərə təqlid etmək vacibdirmi? Təqlidin vacibliyi necə sübuta yetir?
Lüğət ərəb mənşəli “təqlid” sözünü mənfi məna etməyə tam imkan verir. Təbiidir ki, fiqhdə hallanan təqlid sözünü imitasiya – yamsılama kimi tərcümə etsək, bir növ dini düşüncəsizlik və saxtakarlığın təbliğatçısı kimi təqdim etmiş oluruq. Əqidədə təqlidi heç cür məqbul saymayan müqəddəs dinimiz əməldə təqlidin vacibliyini vurğulayır. Əməllərimizdə tələb olunan “təqlid”in termin olaraq mənası xüsusi sahədə qeyri mütəxəssisin mütəxəssisə müraciət etməsidir. Fiqhi məsələlərdə təqlidin lüzumuna ən mühüm sübut həmin əqli arqumentdir ki, insan bilmədiyi işlərdə bilənə müraciət etməlidir. Deməli təqlidin vacibliyi fiqhi məsələ deyil və əqlin istidlal (elmi prinsiplərə əsaslanaraq elmi nəticələrə gəlmək) və istinbatının (deduksiyanın) bəhrəsidir.
Əlbəttə, Quran ayələri və hədislər də müəyyən mənada təqlidin lüzumuna toxunmuşdur. Belə ki, Quranda buyurulur:
«فاسئلوا أهل الذکر إن کنتم لا تعلمون»
“Bilmədiyiniz şeyləri “zikr əhli”ndən (alimlərdən) soruşun. (Nəhl, 43)”
Mübarək ayə, əqlin qənaətini təsdiqləyərək, elmsizin alimə, bilməyənin peşəkara müraciətini düzgün addım kimi Allah tərəfindən də məqbul sayıldığına aşkar sübutdur.
Təqlidin bütün leksik arqumentləri aqil insanlar tərəfindən (bilməyənin bilənə müraciəti) qəbul edilən iş xüsusundadır.
İslam dini, insan həyatının tənzimi və bəndəlik yolunda düzgün hərəkəti üçün – istər maddi və mənəvi, istər fərdi və ictimai, istərsə də siyasi və iqtisadi – Allah tərəfindən göndərilən qanun və qaydalar toplusudur.
İnsanın dünya və axirət səadəti üçün dində “vacibat” (vacib olunan işlər) və “mühərrəmat” (qadağan olunan işlər) mövcuddur ki, insan onlara riayət etmədiyi surətdə nə səadətə çatacaq, nə də cəzadan amanda qalacaqdır.
Əbədi səadəti təmin edən şəri (dini) hökmlərə əməl etmək üçün ilk öncə onları əldə etmək lazımdır. Çıxış yolu isə şəriətin sahibi Allah və Onun elçisinə üz tutmaqdır. Mümkün deyilsə birbaşa Allah və Rəsulundan (s) hökmkləri almaq, o zaman mənbələrə müraciət edilməlidir. Mənbəyə yəni İlahi hökmlərin daşıyıcısı Quran və hədisə müraciət etmək isə əsla şəri hökmü rahatlıqla əldə etmək mənasında deyil, bəlkə ağır və çətin bir prosesin başlanğıcıdır. Çünki mənbədə şəriət qanunları ilə yanaşı digər oxşar məlumatlar da mövcuddur. Bilmək lazımdır ki, mənbədən hökmü əldə etmək üçün bir çox məlumata, metod və bacarıqlara, o cümlədən ayə və hədislərin dərki, səhih və qeyri-səhih hədislərin tanınması, ayə və hədislərin tərkib və cəminin ortaq məxrəci və s. kimi onlarla digər biliklərə yiyələnmək lazımdır. Təbii ki, bu səviyyədə təhsil üçün illərlə ciddi çalışmaq və səy ediləməlidir.
İslam elmləri arasında mövzu etibarı ilə “şəriət” adlanan və bütünlüklə insan həyatını əhatə edən İlahi qanunlar “fiqh” elmində bəhs edilir. İmam Xomeyni (rəh.) demişkən: “Fiqh – həqiqi teoriya və beşikdən qəbirədək insan və cəmiyyətin mükəmməl idarəsidir”.1
Məsumlar (ə) fiqh elmi və şəri hökmlərin fövqəladə əhəmiyyətinə görə öz ardıcıllarını fiqh elmini öyrənməyə tövsiyə edirdilər. Habelə bu vəzifədən boyun qaçıranları və ya dini hökmlərin öyrənilməsində səhlənkarlıq edənləri isə cəzalanmaya və töhmətə layiq bilirdilər.
İmam Baqir (ə) buyurur: “Şiə gənclərindən birini elmi dərindən (fiqh) öyrənmədiyinə görə yanıma gətirsələr, onu ədəbləndirərəm!”2
Müctəhidlər də fiqh elmi sahəsində mütəxəssisdirlər. Peyğəmbər (s) və məsum imam (ə) olmadıqda yalnız o Həzrətlərin (ə) təliminə əsasən İslam mənbələrindən şəri hökmlərin çıxarışına qadir olan şəxslər məhz onlardır. Digərlərinin isə dini qayda-qanunları əldə etmək üçün onlara müraciətdən qeyri çarələri yoxdur. İmamı əvəzedicilik missiyası müctəhidlərə elə İmamların (ə) öz zamanından verilmişdir. Rəvayətlərə görə dəfələrlə şəri məsələsini aydınlaşdırmaq üçün uzaq məsafədən İmamın (ə) hüzuruna gəlmiş şiələri İmam (ə) yerlərdəki alimlərə tərəf yönəltmişdir. Sadə və siravi şiələrə hədis və ayə oxuyaraq hökmü ələ gətirməyi yox, məhz təqvalı və savadlı şiə alimlərinə müraciət etməyi tövsiyə etmişdir.
Nəticə alırıq, mükəlləfin (dini vəzifələri yerinə yetirməli olan şəxs) üç yolu var:
– Birincisi, elm əldə etmə yolu, həmin ictihada çatmaq və müctəhid olmaq.
– İkincisi, hər bir iş barəsində deyilən versiyaları mütaliə etmək və bütün versiyalara uyğun əməl etmək (bütün versiyalar tərəfindən görülən iş düzgün sayılsın) – ehtiyat yolu.
– Üçüncüsü, bu sahədə nəzər sahibi, dini hökmlərin çıxarışında mütəxəssis olan şəxsin rəyindən faydalanmaq.
Şübhəsiz, şəxs birinci yolda ictihada çatdıqdan sonra dini hökmlər üzrə mütəxəssis olarsa, digər iki yola ehtiyac duymayacaqdır. İctihad məqamına yetişənədək digər iki yol qaçılmazdır.
İkinci yolda, mükəlləf hər bir məsələdə ehtiyat üslublarına uyğun mövcud versiyalar haqda kifayət qədər informasiyaya möhtacdır. Sırf ayənin və ya hədisin mövcud olması kifayət etmir. Əgər bir mövzuda iki ayə gələrsə mükəlləf nə edəcək? Quranla fərqli rəvayətlərdə bəzən ziddiyyətlər müşahidə olunur. Bəzən hədislə Quran uzlaşmadıqda nə etməlidir? Bunlara cavab vermək üçün sadəcə ərəb dilini bilib Qurani Kərimi və ya Peyğəmbər (s) hədislərini üzündən oxumaq kifayət etmir. Qaldı ki, dünya müsəlmanlarının böyük əksəriyyəti nəinki ərəbcə bilmirlər, hətta sadə məntləri üzündən belə oxuya bilmirlər. Qətiyyətlə demək olar ki, ehtiyat etmənin çətinlikləri adi həyatı alt-üst edir. Naçar üçüncü yol “təqlid” məsələsi cəmiyyət üçün rahatlıqdan, asanlıqdan əlavə qaçılmaz olur. Bu üç yol təkcə şəri hökmlərdə deyil bəlkə digər təhsil sahələrində də keçərlidir. Misal üçün, hər hansı səbəbdən xəstələnən mühəndis bir şəxsi təsəvvür edin. O, sağalması üçün ya tibb elmini öyrənməli, ya bütün həkimlərin nəzərini bilməli (və elə əməl etməlidir ki, sonradan peşman olmasın), ya da həkimə müraciət etməlidir.
Birinci yol onu tez sağaltmayacaq, ikinci yol çox çətindir və onu öz peşəsindən (mühəndislikdən) uzaqlaşdıracaqdır. Bu səbəbdən dərhal həkimdən kömək istəyərək onun dediklərinə əməl etmək ən səmərəli yol kimi qəbul edilir.
O, həkimin dediklərinə əməl etməklə həm gələcəkdəki peşmançılıqdan, dostların qınağından yaxa qurtarır, həm də əksər hallarda dərdinə dərman tapır. Mükəlləf də müctəhidin rəyinə əməl etməklə özünü axirət peşimançılığı və İlahi əzabdan qutarmaqla bərabər şəri hökmlərin daha münasibinə riayət etmiş olur.3
Deməli, “təqlid”dən məqsəd xüsusi sahədə qeyri-mütəxəssisin mütəxəssisə müraciət etməsidir. Dini məsələlərdə təqlidin lüzumuna ən mühüm sübut həmin əqli arqumentdir ki, insan bilmədiyi işlərdə bilənə müraciət etməlidir.
«فاسئلوا أهل الذکر إن کنتم لا تعلمون»
“Bilmədiyiniz şeyləri “zikr əhli”ndən (alimlərdən) soruşun.”4
Habelə hədislərdə gəlmişdir: “Lakin baş verən hadisələrdə hədislərimizi nəql edənlərə müraciət edin ki, onlar sizin üçün mənim höccətlərim (dəlillərim) və mən də Allahın sizin üçün olan höccətiyəm.”5
1 – “Səhifeyi-Nur”, cild.21, səh. 98
2 – “Bihar əl-ənvar”, cild.1, səh. 214
3 – “Risaleyi- daneşcuyi”, beşinci çap, Seyid Müctəba Hüseyni, səh. 45- 46
4 – “Nəhl”, 43
5 – “Vəsail əş- Şiə”, cild.27, səh. 140