Mehriban və Bağışlayan Allahın adı ilə!
Misilsiz hədiyyə
Belə rəvayət olunur: “Əmirəl-möminin (ə) Həzrət Fatimeyi-Zəhraya (əs) buyurdu ki, gedib özünə yardım etmək üçün Peyğəmbərdən bir xidmətçi (qulluqçu) istəsin. Həzrət Zəhra (əs) atasının hüzuruna getdi və əllərinin qabarlarını göstərib dedi: «Əl dəyirmanını dolandırmaq (fırlamaq) məni zəhmətə salmışdır!» Sonra bir xidmətçi istədiyini bildirdi. Peyğəmbər (s) cavabında buyurdu: “Xidmətçi əvəzinə bütün dünyadan daha qiymətli bir hədiyyəni sənə verməyimi istəyirsənmi? Yatmağa hazırlaşdığın zaman 34 dəfə ”Allahu-Əkbər”, 33 dəfə ”Əlhəmdu lillah”, 33 dəfə ”Subhanəllah” de!”
Təsbih xidmətçidən daha üstündür
“Dəaimul-İslam” kitabında İmam Əlidən (ə) nəql olunur ki, buyurdu: “Əcəm (qeyriərəb) padşahlarından biri Peyğəmbərə (s) bir qul hədiyyə etdi. Xanım Fatiməyə (əs) dedim: “Allah Peyğəmbərinin yanına get və ondan özün üçün bir xidmətçi istə!” Fatimeyi-Zəhra (əs) Həzrətin (s) yanına gedib bu məsələni ona söylədi. Peyğəmbər (s) buyurdu: ”Fatimə can! Sənin üçün xidmətçidən və dünyadan daha üstün olan bir şey verimmi? Namazdan sonra 34 dəfə “Allahu-Əkbər”, 33 dəfə “Əlhəmdu lillah”, 33 dəfə “Subhanəllah” de və axırda bu üçlük zikri “La ilahə illəllah” ilə tamamla! Bu sənin üçün istədiyindən, dünya və dünyada olanlardan daha yaxşı və üstün olacaq. Buna görə də Xanım Zəhra (əs) hər namazdan sonra bu zikrləri etməyə diqqət yetirirdi və bu səbəbə görə bu zikr ona nisbət verildi və camaat arasında “Fatimeyi-Zəhra (əs) zikri (təsbihatı)” adı ilə məşhurlaşdı.
Zikrin sirri
Məsum imamlardan olan hədislərdə gəlmişdir ki, Fatimeyi-Zəhranın (əs) məşhur zikrini (34 dəfə “Allahu-Əkbər”, 33 dəfə “Əlhəmdu lillah”, 33 dəfə “Subhanəllah”) əlavə olaraq “La ilahə illəllah” ilə tamamlayın!1
Qeyd olunan zikrin savab və fəlsəfəsini bilmək üçün aşağıdakı hədisə diqqət yetirmək lazımdır:
–Bir şəxs İmam Cəfər Sadiqdən (ə) sual edir ki, Kəbə evinin 4 sütunu var və kub şəkilində dörd güşəlidir. Bunun sirri nədir?
İmam (ə) buyurdu: “Çünki Beytul-Məmurun da 4 rüknü (sütunu) var. O şəxs soruşdu: “Niyə Beytul-Məmurun 4 sütunu vardır.
İmam (ə) buyurdu: “Çünki ərşin 4 sütunu vardır. Soruşdu: “Ərşin niyə 4 sütunu vardır ?”
Buyurdu (ə): “Çünki hər ərş bir rüknün üstündə durur: 1-si Allahu-Əkbər, 2-si Subhənallah, 3-sü Əlhəmdu lillah, 4-sü La ilahə illəllah-dır.”
Bu hədis bir daha çatdırır ki, ilahi qanunvericilikdə olan qanunlar, yaradılış aləmində müəyyən sirrə, hikmətə sahibdir.
Peyğəmbərin (s) bu zikri Fatimeyi-Zəhraya (ə) təlim edərək, xanımın adını bu zikrin üzərinə qoyması və İmam Sadiqin (ə) “Bu zikri oxumaq bizim üçün min rəkət namazdan üstündür” – deyə buyurması, bəlkə də bu zikrin insanı yüksək məqamlara (Allaha qovuşmağa) ucaltması səbəbindəndir. Elə bu zikri deyərkən dəstəmazlı olmaq, qibləyə tərəf yönəlməyin şərt olması da, bu zikrin insanı namaz kimi meraca aparmaq potensialına malik olmasına görədir. “La ilahə illəllah” cümləsi bütün tanrıları inkar edərək, vahid Allahı isbat edir. Bəli, belə bir şəxsin zaman keçdikcə azmasının imkanı azdır, çünki daha möhkəm bir şeydən yapışmışdır. Çünki o, Allahın ərşindən yapışmışdır.
Fatimeyi-Zəhra (əs) zikrinin şəriətə mənsub olmasının səbəbi
Həzrət Peyğəmbər (s) qızı Fatiməyə (əs) hər namazdan sonra və yatan zaman oxuması üçün zikrlər öyrətdi və bunlar Həzrət “Fatimənin zikri” adı ilə məşhurdur. Əllamə Məclisi (rəh.) deyir: “Bu təsbihin şəri olmasının səbəbini bir qayda olaraq “İmamiyyə” və başqaları rəvayət etmişlər. Belə ki, Əmirəl-möminin (ə) buyurur: “Ev işlərində Fatimənin (əs) çox zəhmət çəkdiyini görürdüm. Digər tərəfdən də Allah elçisi üçün döyüş qəniməti olaraq əsirlər gətirilmişdi. Fatiməyə (əs) dedim: “Niyə atanın yanına gedib ondan ev işlərində sənə kömək etmək və əziyyətini azaltmaq üçün bir xidmətçi istəmirsən?” Xanım Zəhra Həzrət Rəsulun (s) yanına getdi, lakin bir qrup insanın Həzrətin (s) hüzurunda oturduğunu müşahidə edib öz mətləbini demədən evə qayıtdı. Həzrət Peyğəmbər (s) Fatimənin (əs) onun yanına əhəmiyyətli bir iş üçün gəldiyini başa düşmüşdü. Səhərisi gün sübh çağı Fatimənin (əs) mənzilinə gəlib dünənki gəlişinin səbəbini soruşdu. Xanım (əs) öz istəyini bəyan etməyə xəcalət çəkdi. İslam Peyğəmbərinə (s) ərz etdim: “Siz ev işlərinin nə qədər çox olduğunu bilirsiniz. Su çəkmək, əl dəyirmanında un üyütmək, evi süpürmək və bunlar kimi ağır işlər onu narahat edir. Mən ona demişdim ki, yaxşı olar yanınıza gəlib çətinlik və əziyyətlərini azaltmaq üçün bir xidmətçi təyin etməyinizi istəsin.”
Həzrət buyurdu: “Xidmətçidən daha üstün bir şeyi deyimmi?”
Dedi: “Bəli! Ey Allahın rəsulu!”
Həzrət bu məşhur zikri yatan zaman və hər namazdan sonra oxumasını ona öyrətdi.
Kitabın adı: Fatimeyi-Zəhranın (əs) zikrinin və salavatın savabı
Müəllif: Abbas Əzizi
Tərcümə edən: Əbdülğəfur
1 “Biharul-ənvar”, c.85, s.336.