İMAM MUHƏMMƏD BAQİRİN (ə) HƏYATI

76

İMAM BAQİRİN (ə) TƏVƏLLÜDÜ
Beşinci imam Həzrət Muhəmməd Baqir (ə) 57-ci hicri ilinin rəcəb ayının birində Mədinə şəhərində dünyaya gəldi. Babasına çox bənzədiyi üçün o Həzrətin adını Muhəmməd qoydular.

Elmin sirlərini aşkar etdiyinə görə isə ona “Baqir” ləqəbini verdilər.
Atası Həzrət Səccad (ə), anası isə İmam Həsənin (ə) qızı Fatimə idi. O Həzrət (ə), nəsli həm ata, həm də ana tərəfindən Həzrət Peyğəmbərə (s) çatan ilk imam sayılır. İmam Muhəmməd Baqirin (ə) həyatını iki hissəyə ayırmaq olar:
1. İmamətdən qabaqkı 35-illik həyatı. (Həmin dövrdə İmam (ə) Mədinədə yaşayırdı.)
2. Təxminən iyirmi il davam edən imamlıq dövrü. (Bu dövr islami elm və biliklərini təbliğ etdiyi zamandır.)

İMAM BAQİRİN (ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
İmam Muhəmməd Baqir (ə) həmişə təzə və səliqəli paltar geyər, özünə ətir vurar və yavaş-yavaş yeriyərdi.

Bir gün dardüşüncəli insanlar o Həzrətə (ə) tənə vuraraq, baban Əli (ə) köhnə və ucuz paltarlar geyərdi, bəs sən niyə bahalı libaslar geyinirsən – dedilər?

O Həzrət (ə) isə onların cavabında belə buyurdu: “O dövrdə camaat yoxsul və kasıb yaşadığı üçün, Əli (ə) də ucuz paltar geyməli, sadə xörək yeməli idi. Lakin bu gün camaat rifah və rahatlıqda ömür sürdüyünə görə mən belə paltarlardan geyməliyəm. Babamın o dövrdə gördüyü iş ədalət və rəhbərliyinə uyğun olduğu kimi, mənim də gördüyüm iş ədalət və rəhbərliyimə uyğundur.”

O Həzrətin (ə) ədəb və tərbiyəsi haqqında belə yazırlar:
–Heç vaxt ucadan gülməz, həmişə ahəstə və ədəbli danışardı. İmam Baqir (ə) heç vaxt əsəbləşməzdi, həmişə rastlaşdığı adama hörmət göstərib onunla mehribanlıqla görüşərdi. Özü bu haqda belə buyurur: “Bu iş ürəkləri bir-birinə yaxınlaşdırıb, düşmənçilikləri aradan qaldırar.”

İmam (ə) dua edərkən çox ağlar amma heç vaxt ucadan, hönkür-hönkür ağlamazdı. Danışarkən sözünü Allah adı ilə başladığı kimi Allah adı ilə də bitirərdi.

O Həzrətin (ə) çoxlu bağı və tarlası var idi. Onun özü də sadə bir əkinçi kimi, tarlaya gedər, fəhlələrlə birgə işləyib xörək yeyərdi. Həzrət (ə) xidmətçiləri ilə yaxından əməkdaşlıq edən bir malik idi.

Həzrət (ə) öz bağ və tarlalarından əldə etdiyi qazancı Allah yolunda sərf edib, fəhlələrin bütün ehtiyaclarını təmin edərdi. Belə ki, öz zamanında Hicazda ən səxavətli şəxsiyyət kimi tanınmışdı.

Şeyx Müfid İmam Baqir (ə) haqqında belə yazır: “O Həzrət (ə) bütün elm və mərifətlərə bələd idi. Bütün ömrünü öz Allahına itaət etməklə başa vurmuşdu. Təqva və pərhizkarlığında möhkəm və sarsılmaz idi. Bağladığı əhdü-peymanına həmişə sadiq qalardı. Ürəyinin saflığı, ruhunun paklığı və insani rəftarları hamını heyran qoymuşdu. O, camaata İslam əxlaqını təlim edərək onları məhz bu əxlaqla tərbiyələndirərdi.

Təəssübkeş sünni alimlərdən olan İbn Həcər o Həzrətin (ə) əxlaqı barədə yazır: “İmam Muhəmməd Baqir (ə) səfalı və pak qəlbə malik bir şəxsiyyət idi. Sözü və əməli bir idi. Davranışı insani və islami idi. O, böyük arif, misilsiz bir abid idi. Onun insani zinətlərini vəsf etməkdə acizəm.“

O Həzrətin (ə) xidmətçilərindən biri onun haqqında belə demişdir: “Həzrətlə (ə) birlikdə Məkkəyə getmişdik. Gözü Allahın evinə sataşdıqda o qədər ağladı ki, bihuş oldu. Ərz etdim ki, niyə bu qədər ağlayırsan? Buyurdu: “Bəlkə Allah bu göz yaşlarıma görə qiyamət günündə məni bağışlasın və rəhm etsin.”
Sonra İmam (ə) namaz qılmağa başladı və uzun müddət səcdə halında qaldı. Başını qaldırdıqda isə səccadəsi Həzrətin (ə) göz yaşlarından islanmışdı.”

Yalançı şəxsiyyət sayılan Məhəmməd ibn Münkədir belə demişdir: “İmamın (ə) çox işlədiyini görüb öz-özümə fikirləşdim ki, Həzrət (ə) dünya malının aşiqidir və gərək bir gün qabağını kəsib bu barədə ona nəsihət edəm. Nəhayət bir gün onu qızmar havada çox işlədiyinə görə tərlənmiş görüb qabağına gedərək salam verdim və dedim:
“Ey Peyğəmbərin oğlu, niyə bu qədər dünya malının dalıncasan? Əgər bu vəziyyətdə ölsən, nə edərsən?” Buyurdu: “Bu mənim ən yaxşı zamanımdır. Çünki sizə və başqalarına möhtac olmamaq üçün, işləyirəm. Əgər Allah bu vəziyyətdə mənim canımı alsa çox sevinərəm. Çünki ona ibadət və itaət halındayam.” Mən bu cavabdan başa düşdüm ki, yanılırmışam. O Həzrətdən (ə) üzr istəyib dedim: “Mən sizə nəsihət vermək istəyirdim. halbuki, siz mənə nəsihət verərək məni ayıltdınız.”

Kuleyni isə o Həzrətin (ə) haqqında belə yazır:
–İmamın dostlarından bir qrup belə deyir: Günlərin birində İmamla (ə) görüşmək üçün evinə getdik. Salam verib halını soruşduqdan sonra gördük ki, Həzrət (ə) çox narahatdır. Səbəbini soruşduqda övladının ağır xəstə olduğunu öyrəndik. “Əgər bu uşaq ölsə, İmamın (ə) başına nə gələr.” – deyə düşündük. Xudahafizləşib getdik. Sabahısı gün halını soruşmaq üçün Həzrətin (ə) mənzilinə təkrar gəldikdə onu xoşhal gördük. “Yəqin Allah-taala lütf edib uşağı sağaldıb və İmam (ə) da buna görə xoşhaldır” – deyə düşündük. Lakin məlum oldu ki, uşaq ölüb. Biz İmamdan (ə) “nəyə görə uşağın ölümündən qabaq çox narahat idiniz, lakin ölümündən sonra xoşhalsınız” – deyə soruşduqda İmam (ə) cavabımızda belə buyurdu: “Övladım xəstə idi, mən də atalıq və insanlıq borcuma görə çox narahat idim və sağalması üçün cəhd edib Allahdan şəfasını diləyirdim. Lakin Allah onun ölərək əzab-əziyyətdən qurtulmasını məsləhət gördü. Mən də Onun əmr və istəyinə təslim olub Allaha şükr etdim. Biz Onun razılığı naminə hər bir şeyə razıyıq və Onun sevdiyini sevirik.”

İMAM BAQİR(ə)İN ELMİ MƏQAMI
İmam Muhəmməd Baqirin (ə) elmi məqamı haqqında Şeyx Tusi belə yazmışdır:

“Şamlı bir kişi İmam Muhəmməd Baqirin (ə) hüzuruna gəlib dedi: “Sən elmli və biliklisən. Belə ki, sənin məclisin mənim üçün çox mənfəətli və dəyərlidir. Lakin sənin məclisində iştirak etsəm də özünü və xanədanını özümə düşmən hesab edirəm.”

İmam (ə) heç bir cavab vermədi. Neçə gündən sonra həmin kişi xəstələnib yatağa düşdü. İmam (ə) dostları ilə birlikdə onun görüşünə gəlib yatağının yanında əyləşdi və halını soruşdu. Bu alicənablığı görən şamlı kişi dediyi sözdən peşman olub İmamdan (ə) necə üzr istəyəcəyini bilmirdi.

Həzrət (ə) xəstənin dərmanları və pəhrizi haqqında ailəsinə danışdı və sağalması üçün dua etdi. Çox çəkmədi ki, o kişi sağalıb xəstəlik yatağından qalxdı. Sabahı gün İmamın (ə) dərsinə gəlib dediyi sözdən peşman olduğunu söyləyərək ondan üzr istədi. Beləliklə də həmin şamlı kişi həmişəlik olaraq İmamın (ə) dostlarından birinə çevrildi.

CABİR İMAM BAQİRİN (ə) HÜZURUNDA
Həzrət Peyğəmbər (s) təqvalı səhabələrindən biri sayılan Cabir ibn Abdullaha buyurmuşdu: “Ey Cabir! Sən sağ qalaraq Tövratda adı Baqir olaraq yazılmış övladım Muhəmməd ibn Əli ibn Hüseyni görəcəksən. O zaman mənim salamımı ona yetirərsən.”

Peyğəmbər (s) vəfat etdikdən sonra Cabir uzun müddət yaşadı. Bir gün Cabir İmam Zeynəlabidinin (ə) evinə gəldikdə orada balaca bir uşaq gördü və Həzrət Səccadan “bu uşaq kimdir?” – deyə soruşdu.

İmam (ə) belə cavab verdi: “Bu oğlum Muhəmməd Baqirdir və məndən sonra müsəlmanların imamı olacaq.”

Bu zaman Cabir ibn Abdullah İmamın (ə) ayağını öpüb dedi: “Sənə canım qurban olsun ey Peyğəmbərin övladı! Baban Peyğəmbərin salamını qəbul et. O mənim vasitəmlə sənə salam göndərmişdir.”

İmamın (ə) gözləri yaşardı və buyurdu: “Babam Peyğəmbərə göy və yerlər durduqca salamlar olsun, sənə də ey Cabir salam olsun ki, onun salamını mənə yetirdin.”

İMAM BAQİRİN (ə) TƏRBİYƏ METODU
O biri imamlar kimi İmam Muhəmməd Baqirin (ə) də elm və biliyi vəhydən qaynaqlandığı üçün bütün məsələlərin cavabını bilirdi. İmamın (ə) elmi şəxsiyyəti o qədər yüksək idi ki, alimlər onun məclisində şagird müəllimin qarşısında əyləşdikləri kimi əyləşərdilər.

İmam (ə) öz dərs məclisində bir bulud kimi elm yağışını tələbələrin zehnlərinə yağdırır və hər kəs istedadı qədər ondan istifadə edirdi.

Hişam 106-cı-hicri-ilində şamlı bir qrupla Məkkəyə gəlmişdi. O, həcc mərasimindən sonra istirahət etmək üçün Məscidül-Həramda əyləşmişdi. Birdən gözü İmam Muhəmməd Baqirə (ə) sataşdı: Həzrət bir küncdə əyləşmişdi, camaat da onun ətrafına yığışmış və hər kəs öz məsələsini, sualını ondan soruşurdu. Bunu görən Hişam hirslənib alimlərdən birini – Nafeni o Həzrətin (ə) yanına göndərdi ki, İmama (ə) cavabını bilmədiyi suallar verərək Həzrətin (ə) nüfuzunu xalqın gözündən salsın.

Saray alimi gəlib salam verdikdən sonra sual vermək üçün İmamdan (ə) izn istədi. İmam (ə) onun salamını alıb buyurdu: “İstədiyin sualı ver!”
Nafe soruşdu: “İsa ilə Muhəmmədin arasında nə qədər zaman fərqi var?”
İmam (ə) buyurdu: “Bizim nəzərimizə əsasən 500 il.”
Nafe soruşdu: “Peyğəmbərə (s) “vəsəl” (soruş) buyuran bu ayə Peyğəmbərin kimdən soruşmasını nəzərdə tutur?”
İmam (ə) cavab verdi: “İçində hər şey yazılmış olan Allahın Löhvi-Məhfuzundan.”
Nafe soruşdu: “Allah nə vaxtan mövcuddur?”
İmam (ə) buyurdu: “Vay sənin halına! Zamanı Allah yaratmışdır. O, cism deyil və doğulmayıbdır ki, zamana da ehtiyacı olsun.”
Nafe utanıb dedi: “Allaha and olsun ki, sən zəmanənin ən bilici şəxsiyyətisən!”

Bir nəfər Abdullah ibn Ömərə sual verdi. O da sualın cavabını bilməyib onu verənə dedi: “Bu uşaq Muhəmməd Baqirdir. Onun yanına get və sualını ondan soruş, sonra aldığın cavabı mənə də deyərsən.”

Həmin adam İmamın (ə) yanına gəlib sualını Həzrətdən soruşdu və doğru cavab aldı. Sonra da Abdullah ibn Ömərin yanına gəlib İmamın (ə) verdiyi cavabı ona dedi.

Abdullah ibn Ömər cavabı eşitcək dedi: “Bunlar Allahın elm və bilik zinəti ilə bəzədiyi xanədandır.”

İmamın elmi məqamı o qədər yüksək idi ki, hər yerdə Peyğəmbərin ailəsindən (ə) danışıldığı zaman İmam Muhəmməd Baqiri (ə) Peyğəmbərin (s) elminin yeganə varisi sayırdılar.

İMAM BAQİRİN (ə) XRİSTİAN ALİMLƏ OLAN MÜBAHİSƏSİ
İmam Sadiq (ə) buyurmuşdur: “Bir gün atamla birlikdə Hişamın məclisindən qayıdırdıq ki, yolumuz xristianların yığışıb alimlərinə sual verdikləri yerdən düşdü. Yaxınlaşdıq ki, görək nə xəbərdir.
Saçı ağarmış bir qoca kişinin onların arasında oturduğunu, Hz. Məsihin (ə) ardıcıllarının da onun qarşısında əyləşdiklərini və ona müxtəlif suallar verdiklərini gördük. Biz də onların arasında oturduq.

Qoca, atam Muhəmməd Baqiri (ə) gördükdə dedi: “Sən bizdənsən ya Muhəmmədin ardıcıllarındansan?”
Atam cavab verdi: “Muhəmmədin ardıcıllarındanam.”
Qoca kişi dedi: “Alimlərindənsən ya nadanlarındandən?”
Atam buyurdu: “Nadanlarından deyiləm.”
Qoca kişi dedi: ”Mən səndən soruşum ya sən məndən soruşursan?”
Atam buyurdu: “Sən soruş!”
Qoca kişi heyrətlə atama baxdı və dedi: “Ey Allahın bəndəsi! Nə gecə nə də gündüz olmayan saat hansı saatdır?”
Atam buyurdu: “Dan yeri söküldüyü vaxt ilə günəşin çıxdığı vaxtın arası.”
Qoca kişi dedi: “Hansı saatlardandır?”
Atam buyurdu: “Cənnətin saatlarındandır. Bu saatda xəstələr sağalar, ağrılar toxtayar və gecə yuxusuz qalan yuxulayar.”
Qoca dedi: “Cənnət əhli yeyib-içər, amma bir şey ifraz etməzlər. Bu dünyada da onlara bənzəyən bir nümunə varmı?”
Atam buyurdu: “Bəli, uşaq ananın bətinində yeyər, lakin yediyi şeyi ifraz etməz.”
Qoca dedi: “İddia edirsiniz ki, cənnət əhli cənnətin meyvələrindən nə qədər yesələr də o meyvələrdən heç bir şey azalmaz və əvvəlki halına qayıdar. Dünyada da elə bir şey varmı?”
Atam buyurdu: “Bəli, çıraqdır. Əgər yüz çırağı bir çıraqdan yandırsan yenə ondan bir şey əskilməz.”
Xristian alim yerindən qalxıb dedi: “Bu kişi məndən daha alimdir.” Sonra mübahisə etdiyi adamın İmam Muhəmməd Baqir (ə) olduğunu öyrənən kimi ona iman gətirib müsəlman oldu.”

İMAM BAQİR (ə) HİŞAMIN MƏCLİSİNDƏ
İmam Sadiq (ə) buyurmuşdur: “İllərin birində Hişam ibn Əbdülməlik həcc üçün Məkkəyə gəlmişdi. Həmin il mən də atamla birlikdə həccə getmişdim. Bir gün yığıncaqda mən belə dedim: “Allaha həmd olsun ki, xalqa doğru yolu göstərmək üçün Muhəmmədi (s) peyğəmbərliyə seçdi və bizə də o Həzrətin (s) varlığı sayəsində dəyər verdi. Biz Allahın bəndələrinin seçilmişləri və onun yer üzündəki xəlifələriyik. Bizə tabe olan xoşbəxtdir, bizimlə müxalif və düşmən olanlar isə bədbəxtdir.” Hişamın camaat arasındakı xüsusi casusu olan qardaşı eşitdiklərini Hişama xəbər verdi. Hişam Məkkədə bizə toxunmadı, lakin Şama qayıtdıqdan sonra Mədinədəki nümayəndəsinə məni və atamı Şama göndərməsini yazdı. Mədinənin hakimi bizi Şama göndərdi. Hişamın məclisinə daxil olduğumuz zaman Şamın əyan-əşraflarının hamısının orada olduğunu gördük.
Hişamın özü səltənət taxtında oturmuş əyanları isə onun qarşısında durmuşdu. Uzaq məsafədə bir nişan qoymuşdular ki, hamı ona ox atırdı.
Məclisə girdikdə Hişam atama hörmət edib dedi: “Yaxına gəl, sən də ox at!”
Atam buyurdu: “Mən qocalmışam, məndən ox atmağı istəmə!”
Hişam and içdi ki, əl çəkməyəcək. Atam çarəsiz qalıb yayı götürüb nişan aldı. Ox hədəfin tam ortasına dəydi. Bir ayrı ox atdı, o da əvvəlki oxun ortasına dəyib onu yarı böldü, üçüncü ox da ikincisinin ortasına dəyib onu yarı böldü. Bu iş doqquzuncu oxa qədər davam etdi.”
Hişam dedi: “Bəsdir ey Əbu Cəfər. Sən ox atmaqda hamıdan mahirsən!” Qəzəb odunda yanan və işindən peşman olan Hişam elə orada atamı qətlə yetirmək qərarına gəldi və özünü vəziyyətdən qurtarmaq üçün yaltaqlanmağa başlayıb dedi:
“Qüreyş qəbiləsi ərəb və əcəmlərdən üstündür, çünki sənin kimi bir şəxsə sahibdir.”
Daha sonra atamdan belə soruşdu: “Belə dəqiq ox atmağı harada öyrənmisən?”
Atam belə cavab verdi: “Allah-taala hər bir elm və mərifəti tam şəkildə bizə əta etmişdir.”
Hişam atamın sözlərindən çox qəzəblənib, başını aşağı saldı, sonra başını qaldırıb belə dedi:
–Məgər bizlər və sizlər Əbdü Mənafın nəslindən deyilik? Məgər Peyğəmbər (s) Əbdü Mənafın nəslindən deyildi ki, Allah onu bütün xalqın rəhbəri olaraq təyin etdi? Siz bu biliyi haradan irs aparmısınız?!”

Atam onun cavabında belə buyurdu: “Biz vəhy ailəsiyik və Allah bizə, başqa adamlara bəxş etmədiyi xüsusiyyətləri bəxş etmişdir. Necə ki, Peyğəmbər (s) kürəkəni Əliyə (ə) başqa adamlara demədiyi sirləri deyirdi. Əlinin (ə) özü də belə idi. Belə ki, bir gün o Həzrət (ə) Kufədə belə buyurdu: “Allahın Peyğəmbəri elmin min qapısını mənim üzümə açmışdı ki, hər bir qapıdan min təzə qapı açılır.”
“Ey Hişam, təkcə biz o elmləri irs aparmışıq, başqaları yox!”
“Hişam heç bir söz demədi və əmr etdi ki, bizi hörmətlə Mədinəyə yola salsınlar.”

İSLAMİ SİKKƏLƏR İMAM BAQİRİN (ə) ƏMRİ İLƏ BASILDI
Hicrətin birinci əsrində hələ kağız istehsalı sənayesi rumluların əlində idi. Misir xristianları bu sənəti rumlulardan öyrənib özləri də kağız düzəltməyə başlayıb onlar kimi xristianların şüarı olan “Ata-oğul-ruhul-qüdus” (Buna “təslis”deyilir. Yəni üç tanrıya inanırdılar.) şüarını çap etdilər.

Zirək bir adam olan Əbdülməlik Mərvan həmin kağızları görüb üstündə yazının mənasını öyrəndikdə çox narahat oldu. Axı Misir İslam ölkəsi idi və bu şüardan istifadə etmək ağlabatan deyildi. Buna görə də dərhal Misir hakiminə belə bir məktub yazdı: “Bundan belə kağızların üstündə “tövhid” şüarını yazmalısınız.

Üstündə tövhid şüarı yazılmış yeni kağızlar Rum şəhərlərinə çatdı və Rumun padşahı olan Qeysər əhvalatı öyrənib Əbdülməlikə məktub üstündən məktub göndərərək onu belə hədələdi: “əgər bu şüarı pozdurmasan, Rumda kəsdirilən sikkələrin üstünə İslam Peyğəmbərinə söyüş yazmalarını əmr edəcəyəm. Bu sikkələr kəsildikdən sonra artıq sənin abrın gedəcək.”

Əbdülməlik öz-özünə düşündü ki, “əgər bu iş baş tutsa, işin səbəbkarı olduğum üçün İslam hökmdarlarının ən pisi hesab edilərəm.“ Tezliklə bir iclas təşkil edib məmləkətin böyükləri ilə məsləhətləşdi, lakin heç bir nəticə almadı. İclasda iştirak edənlərdən biri belə dedi: “Bu məsələnin həllini İmam Muhəmməd Baqirdən (ə) soruşmalıyıq.”
Əbdülməlik onun təklifini bəyənib dərhal Mədinə hakiminə əmr etdi ki, İmamı (ə) etiramla Şama göndərsin. Özü də Qeysərin elçisini Şamda saxladı.

İmam (ə) buyurdu: “Qeysər səni qorxutmuşdur. O, bu işi görməyəcək və Allah-taala ona bu işi görməyə mane olacaq. Lakin, bununla belə, çıxış yolu bundan ibarətdir ki, sənətkarları çağırıb onlara əmr edəsiniz ki, bir üzündə tövhid surəsi, digər üzündə isə Peyğəmbərin (s) adı həkk olunmuş sikkə bassınlar. Beləliklə Rum sikkələrinə ehtiyacımız olmayacaq.” Sonra isə sikkələrin ağırlığı və ölçüsü barədə izahat verib buyurdu: “Sikkələrin kəsildiyi şəhər və tarixi də üstünə yazılmalıdır.”

Əbdülməlik İmamın (ə) əmrini yerinə yetirdi və bundan sonra müsəlman şəhərlərində yeni sikkələrin dövrədə olduğunu, köhnə sikkələrin isə artıq dövrədən çıxdığını və onları gətirib yeni sikkələrlə dəyişə biləcəklərini elan etdi. Daha sonra Qeysərin elçisinə gördüyü işləri izah edib onu ölkəsinə qaytardı.

Qeysər əhvalatı öyrəndikdə nə edəcəyini bilmədi. Sarayında olanlar ondan təhdidini həyata keçirməsini tələb etdikdə o, belə cavab verdi: “Bu iş mənasızdır. Çünki İslam şəhərlərində artıq Rum sikkələrindən istifadə olunmur.”
İmam Baqir (ə) bu fövqəladə işi ilə müstəmləkəçilərin nüfuzunun qarşısını aldı.

İMAM BAQİRİN (ə) ƏSHABI
İmam Baqir (ə) zamanında Əməvi xəlifələri öz şəxsi işlərilə məşğul olduqlarından və həm də Abbasilərlə hakimiyyət uğurunda mübarizə apardıqlarından o Həzrət (ə) üçün İslam maarifini yaymaq fürsəti yaranmışdı. İmam (ə) bu fürsətdən istifadə edərək dərs və tədqiqat məclisləri təşkil etməyə başladı və öz məktəbində öz səviyyələrində misilsiz olan tələbələr yetirdi. Həmin tələbələrdən bəzisi bunlardan ibarətdir:
1. İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqin (ə) hüzurunda dərs oxuyan, zəmanəsinin görkəmli elmi şəxsiyyətlərindən sayılan, təfsir, fiqh, hədis və lüğət elmlərində dərin biliyə sahib olan Əban ibn Təğlib.
İmam Baqir (ə) ona belə buyurmuşdur: “Ey Əban, Mədinə məclisində otur, xalqa fətva ver!”
2. İmam Baqir (ə) və İmam Sadiqin (ə) hüzurunda dərs oxuyan, hədis, fiqh və şiə maarifində dərin elmə malik olan Zürarə.
İmam Sadiq (ə) onun haqqında belə buyurmuşdur: “Əgər Zürarə və dostları olmasaydı, Peyğəmbərin (s) əsərləri məhv olmuşdu!”
3. Görkəmli şair, lüğət və ədəbiyyat elmlərində ustad olan Küməyt Əsədi.
Küməyt həqiqətləri bəyan etmək və zülmkar hakimləri tənqid etməkdə misilsiz idi. O, gözəl şeirləri ilə Əhli-beyti (ə) müdafiə edirdi, buna görə də bəzən öldürülməklə təhdid olunurdu. Əhli-beytin (ə) əsərlərini və onların üstünlüklərini bəyan etmək Əməvilər zamanında olduqca təhlükəli bir iş idi. Lakin bu azad şair, Əhli-beyt (ə) üçün, bütün təhlükələrə sinə gərirdi.
Küməyt İmam Muhəmməd Baqiri (ə) çox sevirdi. Bir gün İmamın (ə) hüzurunda çox gözəl və rəvan şeirlər oxuduqda Həzrət (ə) Kəbəyə tərəf dönüb belə buyurdu: “Ey Allah! Küməytə rəhmət qıl!”
4.“Əhli-beytin fəqihi” ləqəbini alan Məhəmməd ibn Müslim İmam Muhəmməd Baqir (ə) və İmam Sadiqin (ə) həqiqi dostlarından sayılırdı.
İmam Sadiq (ə) onun haqqında belə buyurmuşdur: “Əhli-beytin (ə) elmləri onun vasitəsilə davam etmişdir.”

Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi

Hazırladı:

Dərc edilib:

,