Namazın həqiqəti və ruhu zikrdir – Zikrin həqiqət və ruhu isə günahların tərk olunması və vacibatların yerinə yetirilməsidir.
قَالَ رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ : «إِنَّ عَمُودَ اَلدِّينِ اَلصَّلاَةُ وَ هِيَ أَوَّلُ مَا يُنْظَرُ فِيهِ مِنْ عَمَلِ اِبْنِ آدَمَ فَإِنْ صَحَّتْ نُظِرَ فِي عَمَلِهِ وَ إِنْ لَمْ تَصِحَّ لَمْ يُنْظَرْ فِي بَقِيَّةِ عَمَلِهِ» – تهذيب الأحكام , جلد۲ , صفحه۲۳۷
İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) buyurmuşdur:
“Namaz dinin sütunudur. Əgər qəbul olunsa, başqa əməllər də qəbul olunar, rədd olunsa, sair əməllərin heç biri qəbul olmaz.”
Namazın düzgünlük şərtlərindən biri qəsbi (Yəni ixtiyarında olmayan bir şey.) şeydən çəkinməkdir. Yəni əgər namaz qılanın paltarı, yaxud məkanı və s. qəsbi olsa, qıldığı namaz batildir və mötəbər deyil.
Buna görə də namaz qılan şəxs qəsb olunmuş şeydən ciddi surətdə çəkinməli və namaza aid şərtləri halal yolla yerinə yetirməlidir. Bu məsələ insanların hüquqlarına təcavüzün (oğurluq, rüşvət, riba, xəyanət və s.) qarşısını alır. Əgər yuxarıda deyilən bu bir şərtə (qəsb olunmuş şeyə) riayət olunsa, cəmiyyətin islahı üçün çox xeyirli olar.
Başqa bir şərt namaz qılanın gözəl əxlaqa yiyələnməsi və rəzil (alçaq) sifətlərdən uzaq olmasıdır.
Bir sözlə, kamil namaz o namazdır ki, insan onun boynunda olan vəzifələri öyrənməklə bərabər, onları düzgün surətdə yerinə yetirsin. O, hər nə qədər öz vəsifəsindən uzaqlaşsa, bir o qədər də namazının dəyəri aşağı düşəcək.
إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي – طه: ۱۴
“Taha” surəsinin 14-cü ayəsində Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!
Ayə aşkar surətdə namazın fəlsəfəsinin Allahı yad etməkdən ibarət olduğunu açıqlayır. Namaz “zikr” (yad etmək) deyə adlandırılır. Bu cəhətdən Quranda bəzən “namaz” kəlməsi “zikr” kəlməsi ilə təfsir olunmuşdur.
Başqa bir ayədə belə buyurulur:
وَ مَنْ أَعْرَضَ عَن ذِكْرِى فَإِنَّ لَهُ مَعِيشَةً ضَنكاً وَ نحَْشُرُهُ يَوْمَ الْقِيَمَةِ أَعْمَى – طه: ۱۲۴
“Hər kəs Məni yad etməkdən boyun qaçırsa, dünya həyatı daralar və qiyamət günü onu kor olaraq məhşur edərik.”(Taha” surəsi, 124-cü ayə.)
Zikrin özü həm namazın hissəsi, həm də onun şərti sayılır. Çünki zikr üç növdən ibarətdir.
- Dil vasitəsilə zikr.
- Qəlb vasitəsilə zikr.
- Kamil zikr. (Yəni həm dil, həm də qəlb vasitəsilə zikr).
Birinci növ zikr (dil vasitəsilə zikr) namazın bir hissəsi, ikinci növ zikr (qəlb vasitəsilə zikr) namazın düzgünlüyünün şərti və üçüncü növ zikr (kamil zikr) isə namazın qəbul olma şərtidir. Bu da namazın bütün zikrlərində qəlbin Allah yanında iştirakına işarədir.
Məsumlardan (ələyhimussalam) buyurulan hədislər deyilənləri bir daha təsdiqləyir.
O cümlədən: “Hüzuri-qəlblə (yəni qəlbin iştirakı) qılınmayan namaz-namaz deyildir.”
Kamil namaz qəlbin hüzuru ilə qılınan namazdır. Əslində zikrin həqiqəti qəlbin Allaha yönəlməsidir. Bu yönəlmə o vaxt düzgün olar ki, namaz qılan qəlbində Allahın rəhmət və qəzəbini duyaraq Onun əmrlərinə itaət etsin.
İmam Sadiq (ələyhissalam) Əbu Ubeydə Xəzaiyə belə buyurur: “Allah-təalanın öz bəndələrinin boynuna qoyduğu vəzifələrdən sənə xəbər verimmi?”
Dedi: “Bəli!”
Həzrət (ə) buyurdu: “Birincisi, insafdır. Əgər bir iş sənin zərərinə olsa belə, heç vaxt insafı əldən vermə! İkincisi, müsəlman qardaşından malını və sərvətini heç vaxt əsirgəmə! Üçüncüsü, Allahı çox zikr et!”
Sonra Həzrət İmam Sadiq (ələyhissalam) əlavə edib buyurdu:
“Zikr kəlməsində məqsədim “Subhənəllah” və ya “Əlhəmdulilləh”demək deyil. Baxmayaraq ki, bunlar da zikrdən hesab olunur. Əsl məqsədim budur ki, Allahın buyurduğu vacib əməlləri həmişə yerinə yetir və Onun haram etdiyi əməllərdən həmişə çəkin!”
Sonra o, Həzrət Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) bu hədisini dəlil göstərdi:
“Hər kəs Allahın əmr etdiyi vacibatlara və haramlara müti (itaətkar) olsa, həmin şəxs “zikr” əhlindəndir.” (İddətud-dai”, səh.283.)
Deyilənləri nəzərə aldıqda, إِنَّ الصَّلَوةَ تَنهَْى عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر “Həqiqətən namaz (insanı) pis və yaramaz əməllərdən saxlayır.” (“Ənkəbut”-45) ayəsinin mənası aydın olur ki, namaz zikrdir və zikr günahın tərk olunmasına və vacibatların yerinə yetirilməsinə səbəb olur.
Namazın həqiqəti və ruhu zikrdir. Zikrin həqiqət və ruhu isə günahların tərk olunması və vacibatların yerinə yetirilməsidir.
“Namazın hikmət və sirləri” əsərindən
Mənbə: www.ahlibeyt.az