Allah-təala Əhzab surəsinin 33-cü ayəsində Həzrət Peyğəmbərin (s) Əhli-Beytinin (ə) ali məqamını belə təsdiq edir:
وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا – احزاب: ۳۳
“Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Həqiqətən, Allah iradə etmişdir, siz Əhli-Beytdən bütün çirkinliyi uzaqlaşdırıb, sizi paklığın ən ali səviyyəsinə qədər təmizləsin.”
Bu ayəni oxuyan hər kəs üçün haqlı sual yarana bilər ki, Əhli-Beytdən (ə) məqsəd kimlərdir?
Əlbəttə mübarək ayənin zahirinə nəzər salsaq məlumdur ki, söhbət Rəsulullahın (s) xanımlarından gedir və ayədə hicabı riayət etmək onlardan tələb olunur. Deməli ayə onların barəsində nazil edilmişdir.
Hələ çox qədimdən alimlər və siravi müsəlmanlar arasında bu mövzu ciddi mübahisə yerinə çevrilmişdir. Əhli sünnə qardaşlar Əhli-Beytin (ə) dairəsini daha geniş tutur, Rəsulullahın (s) digər ailə üzvlərini, ən azından işarə edilən ayəyə istinadən Həzrətin (s) zövcələrini də bu sıraya daxil edirlər. Şiələr isə dairəni çox kiçik tutur ancaq bir neçə nəfərin sıraya daxil olmasına etiqad bəsləyirlər. Amma nə üçün?
Əgər Rəsulullah (s) bəşəri hidayət etmək üçün Allah tərəfindən seçilibsə, bu mövzuda da çaşqınlığa düçar olmuş insanları hidayət etməli və düzgün yolu ümmətə göstərməlidir. Digər tərəfdən Qurani Kərimin əsil təfsir və izah edəni Allahın elçisi Həzrət Muhəmməd (s) özüdür. Bu iki həqiqətə əsasən bu ayənin barəsində də Rəsulullahın (s) bəyanına müraciət edib Əhli-Beytin (ə) kimlərdən ibarət olmasını sorğulamaq təbii haqqımızdır.
Şiə, Həzrət Peyğəmbərin (s) Əhli-Beytinin (ə) yalnız Əli (ə), Fatimə (əs), Həsən (ə) və Hüseyndən (ə) ibarət olduğunun qənaətindədir. Allah rəsulu (s) kimləri Əhli-Beyt (ə) kimi təqdim edir?
Bəzi rəvayətlərə əsasən Təthir ayəsi Peyğəmbərin (s) zövcəsi Ümmü Sələmənin evində nazil olmuşdur.
(Əlmustədrək fis-səhihəyn: 2/451/3558)
شَهرُ بنُ حَوشَبٍ عَن اُمِّ سَلَمَةَ: إنَّ النَّبِيَّ صلي الله عليه و آله جَلَّلَ عَلى عَلِيٍّ وحَسَنٍ وحُسَينٍ وفاطِمَةَ كِساءً، ثُمَّ قالَ: اللّهُمَّ هؤُلاءِ أهلُ بَيتي وخاصَّتي، اللّهُمَّ أذهِب عَنهُمُ الرِّجسَ وطَهِّرهُم تَطهيرًا. فَقالَت اُمُّ سَلَمَةَ: وأنَا مِنهُم ؟ قالَ: إنَّكِ إلى خَيرٍ
[مسند ابن حنبل: ۱۰ / ۱۹۷ / ۲۶۶۵۹، سنن الترمذيّ: ۵ / ۶۹۹ / ۳۸۷۱ و فيه «أنا معهم يا رسول اللّه ؟»، مسند أبي يعلى: ۶ / ۲۹۰ / ۶۹۸۵، تاريخ دمشق «ترجمة الإمام الحسين عليه السلام»: ۶۲ / ۸۸، تاريخ دمشق «ترجمة الإمام الحسن عليه السلام»: ۶۵ / ۱۱۸ وفي الثلاثة الأخيرة «حامّتي» بدل «خاصّتي»]
Şəhr ibni Həvşəb Ümmü Sələmədən nəql edir:
Allahın elçisi (s) əbanı Əlinin (ə), Fatimənin (əs), Həsənin (ə) və Hüseynin (ə) başına çəkib, buyurdu: Ey mənin Allahım, bunlar mənim Əhli-Beytim (ə) və yaxınlarımdırlar. İlahi, günahları onlardan uzaqlaşdır, ən ali dərəcədə onları təmizlə.
Ümmü Sələmə (bu zaman) soruşdu: Mən də onlardanammı?
Peyğəmbər (s) buyurdu: Sən xeyirə doğrusan.
(Müsnəd İbni Hənbəl: 10/197/26659, Sünəni Tirmizi: 5/699/3871 və s.)
عَطاءُ بنُ يَسارٍ عَن اُمِّ سَلَمَةَ: في بَيتي نَزَلَت «إنَّما يُريدُ اللّه ُ لِيُذهِبَ عَنكُمُ الرِّجسَ أهلَ البَيتِ ويُطَهِّرَكُم تَطهيرًا». قالَت: فَأَرسَلَ رَسولُ اللّه ِ صلي الله عليه و آله إلى عَلِيٍّ وفاطِمَةَ والحَسَنِ والحُسَينِ، فَقالَ: هؤُلاءِ أهلُ بَيتي
[المستدرك على الصحيحين : ۳/ ۱۵۸/ ۴۷۰۵، وراجع السنن الكبرى: ۲ /۲۱۴ /۲۸۶۱]
Əta ibni Yəsar Ümmü Sələmədən nəql edir:
İnnəma yuridullah liyuzhibə ənkumur-ricsə Əhləl-Bəyt və yutəhhirəkum təthira – mənim evimdə nazil oldu. Ümmü Sələmə dedi: Rəsulullah (s) çağırmaq üçün Əli (ə), Fatimə (əs), Həsən (ə) və Hüseynin (ə) dalınca adam göndərdi. Onlar gəldikdən sonra Həzrət (s) buyurdu: Bunlar mənim Əhli-Beytimdir.
(Əlmustədrək fis-səhihəyn: 2/214/2861)
عَبدُ اللّه ِ بنُ مُغيرَةَ مَولى اُمِّ سَلَمَةَ زَوجِ النَّبِيِّ صلي الله عليه و آله أنَّها قالَت: نَزَلَت هذِهِ الآيَةُ في بَيتِها «إنَّما يُرِيدُ اللّه ُ لِيُذهِبَ عَنكُمُ الرِّجسَ أَهلَ البَيتِ ويُطَهِّرَكُم تَطهيرًا» أمَرَني رَسولُ اللّه ِ صلي الله عليه و آله أن اُرسِلَ إلى عَلِيٍّ وفاطِمَةَ والحَسَنِ والحُسينِ عليهم السلام، فَلَمّا أتَوهُ اعتَنَقَ عَلِيًّا بِيَمينِهِ، والحَسَنَ بِشِمالِهِ، والحُسَينَ عَلى بَطنِهِ، وفاطِمَةَ عِندَ رِجلِهِ فَقالَ: اللّهُمَّ هؤُلاءِ أهلي وعِترَتي فَأَذهِب عَنهُمُ الرِّجسَ وطَهِّرهُم تَطهيرًا، قالَها ثَلاثَ مَرّاتٍ. قُلتُ: فَأَنَا يا رَسولَ اللّه ِ ؟ فَقالَ: إنَّكِ عَلى خَيرٍ إن شاءَ اللّه ُ
[أمالي الطوسيّ: ۲۶۳ / ۴۸۲، تاريخ دمشق «ترجمة الإمام الحسين عليه السلام»: ۶۷ / ۹۷، عن عبد اللّه بن معين مولى اُمّ سلمة، وهو موافق لما في بعض نسخ الأمالي]
Abdullah ibni Muğəyrə Rəsulullahın (s) zövcəsi Ümmü Sələmədən nəql edir ki, dedi:
İnnəma yuridullah liyuzhibə ənkumur-ricsə Əhləl-Bəyt və yutəhhirəkum təthira – onun evində nazil oldu. Allahın rəsulu (s) mənə əmr etdi Əli (ə), Fatimə (əs), Həsən (ə) və Hüseynin (ə) dalınca adam göndərim. Onlar gəldikdə Həzrət (s) Əlini sağ qolu ilə, Həsəni sol qolu ilə qucağına aldı. Hüseyni dizləri üstündə, Fatiməni isə ayaqlarının önündə oturtdu və buyurdu: İlahi, bunlar mənim ailəm və əhlimdirlər. Elə isə günahları onlardan uzaqlaşdır və Onları hər növ çirkinliklərdən təmizlə.
Rəsulullah (s) üç dəfə sözünü təkrarladı.
Ümmü Sələmə deyir, soruşdum: Mən necə, ya Rəsuləllah?
Peyğəmbər (s) cavabımda buyurdu: Allahın istəyilə sən xeyirdəsən (yaxşı mövqedəsən).
(Əmali, Şeyx Tusi: 263/482)
Digər bir rəvayətdə Ümmü Sələmədən nəql edilir: “Bir gün Həzrət Peyğəmbər (s) evdə əyləşmişdi. Qızı Həzrət Fatimə (əs) əlində bir parça daxil oldu. Rəsuli Əkrəm (s) parçanı qızından alıb yerə qoydu və buyurdu: “Qızım, get, yoldaşın Əlini (ə) və oğlanların Həsən (ə) və Hüseyni (ə) çağır gəlsinlər.”
Xanım Fatimə (əs) getdi və bir az keçməmiş Əli (ə), Həsən (ə) və Hüseynlə (ə) birgə Allah rəsulunun (s) hüzuruna gəldi. Bir süfrə kənarında əyləşib yemək yedilər. Sonra Həzrət Peyğəmbər (s) qızının gətirdiyi parçanı gətirib onların üstünə çəkərək belə dua etdi: “İlahi! Bunlar mənim Əhli-Beytim və itrətimdir. Bütün çirkinlik və pislikləri onlardan təmizlə və onları tər-təmiz, pak et!”
Həzrət Peyğəmbər (s) bu duanı edib qurtaran kimi elə o haldaca Həzrət Cəbrail (ə) nazil olaraq Əhzab surəsinin 33-cü ayəsini gətirdi.
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
“Həqiqətən, Allah iradə etmişdir, siz Əhli-Beytdən bütün çirkinliyi uzaqlaşdırıb, sizi paklığın ən ali səviyyəsinə qədər təmizləsin.”
Ümmü Sələmə deyir: “Mən Peyğəmbərə (s) dedim: “Ya Rəsuləllah, icazə verirsənmi mən də bu Əhli-Beytin sırasına daxil olum?” Həzrət Peyğəmbər (s) buyurdu: “Ümmü Sələmə, Allah sənə xeyir versin. Lakin sənə Əhli-Beytin sırasına daxil olmağa icazə yoxdur. Onları Allah təyin etmişdir.”
Bu barədə Peyğəmbərin (s) həyat yoldaşı Aişə belə rəvayət edir: “Əhli-Beyt barəsindəki bu ayə nazil olduqdan sonra, Həzrət Peyğəmbər (s) düz doqquz ay məscidə sübh namazına gedərkən Həzrət Əlinin (ə) qapısının qarşısında durub belə buyurardı: “Ey Əhli-Beyt! Namaz vaxtıdır.” Sonra həmin ayəni oxuyardı.”
Ümmü Sələmənin və Aişənin nəql etdikləri bu rəvayətdən məlum olur ki, Peyğəmbərin (s) Əhli-Beyti Mövla Əlidən (ə), Xanım Fatimə (əs), İmam Həsən (ə) və İmam Hüseyndən ibarətdir.
Böyük sünni alimlərindən olan Fəxri Razi, Qürtubi və Kəşşaf Qurana yazdıqları təfsirlərdə Həzrət Peyğəmbərin (s) Əhli-Beytinin (ə) əzəməti və aliliyini sübut edən belə bir hədisi rəvayət edirlər:
قَالَ رَسُولُ اللهِ (ص):
مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ شَهِيدًا مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ مَاتَ مَغْفُورًا لَهُ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ بَشَّرَهُ مَلَكُ الْمَوْتِ بِاالْجَنَّةِ مَنْ مَاتَ عَلَى حُبِّ آلِ مُحَمَّدٍ جَعَلَ اللهُ قَبْرَهُ مَزارَالْمَلائِكَةِ الْرَّحْمَةِ
أَلا وَ مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ جَاءَ يَوْمَ الْقِيَامَةِ مَكْتُوبٌ بَيْنَ عَيْنَهِ آيِسٌ مِنْ رَحْمَةِ اللهِ و مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ مَاتَ كَافِرًا وَ مَنْ مَاتَ عَلَى بُغْضِ آلِ مُحَمَّدٍ لَمْ يَشُمَّ رَائِحَةَ الْجَنَّةِ
Həzrət Peyğəmbər (s) buyurur:
“Hər kəsin qəlbində Həzrət Muhəmmədin (s) Əhli-Beytinə (ə) məhəbbətlə ölərsə, dünyadan şəhid getmişdir. Hər kəsin qəlbində Həzrət Muhəmmədin (s) Əhli-Beytinə (ə) məhəbbətlə ölərsə, Allah onun günahlarını bağışlayar. Hər kəsin qəlbində Həzrət Muhəmmədin (s) Əhli-Beytinə (ə) məhəbbəti olarsa, ölüm mələyi ona cənnət müjdəsini verər. Hər kəsin qəlbində Həzrət Muhəmmədin (s) Əhli-Beytinə (ə) məhəbbətlə ölərsə, Allah onun qəbrini rəhmət mələklərinin ziyarətgahı edər.”
Sonra Həzrət Peyğəmbər (s) əlavə edərək buyurur: “Diqqət edin! Hər kəs Əhli-Beytə (ə) qarşı düşmənçilik hissi ilə ölsə, Qiyamət günü alnında “Allah rəhmətindən məyus olmuş” sözü yazılmış halda məhşərə gələcək. Hər kəs Əhli-Beytlə (ə) düşmən ikən ölərsə, kafir dünyadan getmişdir. Hər kəs Əhli-Beytə (ə) düşmən ikən dünyadan getsə, Cənnətin qoxusu belə onun burnuna dəyməyəcək.”2
Allah-təala Şura surəsinin 23-cü ayəsində bütün müsəlmanlara Həzrət Peyğəmbərin (s) Əhli-Beytinə məhəbbət bəsləyib onları sevməyi vacib etmişdir.