ŞƏBAN AYININ FƏZİLƏTİ və ƏMƏLLƏRİ

217

Şəban ayı hicri qəməri təqviminin çox şərafətli aylarındandır. Bu ay, peyğəmbərimiz Həzrət Muhəmmədə (s) nisbət verilmişdir. Hz. Rəsulullah (s) Şəban ayını oruc tutar, mübarək Ramazan ayının orucuna birləşdirərdi və buyurardı: Şəban ayı, mənim ayımdır. Mənim ayımdan bir gün oruc tutana cənnət vacib olar.

İmam Sadiqdən (ə) nəql olmuşdur: “Şəban ayı çatanda Hz. Zeynul-abidin (ə) əshabını ətrafına yığıb buyurardı: Ey mənim əshabım, bilirsiniz bu nə aydır? Bu Şəban ayıdır. Allahın elçisi Hz. Muhəmməd (s) buyururdu, Şəban mənim ayımdır. Elə isə bu ayda Peyğəmbərin (s) məhəbbətini qazanmaq və Allaha yaxınlaşmaq üçün oruc tutun. Əli ibni Hüseynnin (ə) varlığı əlində olan Allaha and olsun ki, atam Hüseyn ibni Əlidən (ə) eşitdim ki, dedi, atam Əmirəl-möminindən (ə) eşitdim ki, Peyğəmbərin (s) sevgisi və Allaha yaxınlaşmaq məqsədilə oruc tutan şəxsi Tanrı sevər, qiyamət günündə ona kəramətindən nəsib və cənnəti ona vacib edər.”

Şeyx Tusi (rəh.) Səfvan Cəmmaldan nəql etmişdir:
İmam Cəfər Sadiq (ə) buyururdu, ətrafınızdakı insanları Şəban ayının orucuna şövqləndir. Soruşdum: Sizə qurban olum, onun hansısa fəziləti vardır? İmam (ə) buyurdu: Bəli, Rəsulullah (s) ilk axşam Şəban ayını görən kimi, carçıya əmr edərdi car çəksin:
“Ey Mədinəlilər! Mən Rəsulullahın (s) sizə göndərilən elçisiyəm. Həzrət (s) buyurur: Bilin və agah olun, Şəban mənim ayımdır. Allah  mənim ayımda oruc tutmaqla mənə yardım edənlərə rəhmət edəcəkdir.”

Hz. Sadiq (ə) vasitəsilə İmam Əlidən (ə) nəql olmuşdur:
Rəsulullahın (s) carçısının sözlərini eşidəndən Şəban ayının orucunu tərk etməmişəm və tərk də etməyəcəm, nə qədər ki, ömrüm vardır.

Mümkün qədər sədəqə vermək, çoxlu salavat, “əstəğfirullahə və ətubu iləyh” (استغفر الله و اتوب الیه) deyib Allahdan bağışlanmaq istəmək Şəban ayında Allahın bəyəndiyi əməllərdir.

Şəban ayının ilk üç gecələrində 2 rəkətli məxsus namazın hədsiz  savabı vardır. Sözügedən namaz Şəban ayının namazı niyyəti ilə sübh namazı kimi, azansız və iqaməsiz, hər rəkətdə Fatihə surəsindən sonra 11 dəfə İxlas surəsini oxumaqla qılınır.

Hər gün 70 dəfə – “Əstəğfirullahəlləzi la ilahə illa huvər-Rəhmanur-Rəhim, əl-Həyyul-Qəyyum və ətubu iləyh” (استغفر الله الذی لا اله الا هو الرحمن الرحیم الحی القیوم و اتوب الیه) – deməklə Şəban ayında Allahdan bağışlanmaq diləmək, digər aylarla müqayisədə sanki 70 min dəfə istiğfar etməkdir.

Şəban ayı boyunca 1000 dəfə “La ilahə illəllahu və la nə’budu illa iyyahu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” (لا اله الا الله، لا نعبد الا ایاه، مخلصین له الدین و لو کره المشرکون) deyən mömin min ilin ibadətinin savabını qazanar.

Şəban ayının 3-cü günü Hz. Əba Əbdillah İmam Hüseynin (ə), 4-cü günü Qəmərə Bəni Haşim Hz. Əbəlfəzlin (ə) və 5-ci günü İmam Səccad Hz. Əli ibni Hüseynin (ə) doğum günləridir. Şəbanın 11-ci günündə Seyyidüş-Şühəda, İmam Hüseynin (ə) sevimli oğlu Cənab Əli Əkbər dünyaya gəlmiş, Şəban ayının 15-ci günü zamanımızın imamı, mövlamız, sahibimiz Allahın yer üzündə Höccəti Həzrət Məhdinin (əc) mövlududur.

Mövlud gecəsi qüsl etmək, ibadət edib gecəni sübhədək oyaq qalmaq tövsiyə olunmuş əməllərdir. Mövlud günü Kumeyl duasını oxumaq və İmam Hüseyni (ə) (uzaqdan belə ən qısa formada) ziyarət etmək və 100 dəfə (سبحان الله) “Subhanəllah”  100 dəfə (الحمد لله) “Əl-həmdulillah”, 100 dəfə (لا اله الا الله) “La ilahə illəllah” və 100 dəfə (الله اکبر) “Allahu əkbər” demək Məsumlar (ə) tərəfindən tövsiyə edilmişdir. Ümid vardır ki, bu əməlləri yerinə yetirəni Allah Taala bütün istəklərinə çatdırsın.

Mənbə: Qeyd edirik ki, yazı “Məfatihul-cinan” kitabının materialları əsasında hazırlanmışdır.

Hazırladı:

Dərc edilib: