ELMƏ YİYƏLƏNMƏKDƏ TƏVƏKKÜL ETMƏK

4

Elmə yiyələnməkdə Allaha təvəkkül etməyin bəhrəsi.

Elmin istər təlim və tədris, istər tədqiqat və araşdırma, istərsə də digər sahələrində fəaliyyət göstərən şəxslər özlərinə e’timad etməklə yanaşı, Allaha təvəkkül edib bunu özləri üçün şüar etməlidirlər. Çünki elmə yiyələnmək olduqca ağır və zəhmət tələb edən işlərdəndir və bu iş heç də asanlıqla əldə olunmur. Bunun üçün yüksək cəhd göstərməli və qarşıya çıxan maneələrə əzmlə sinə gərməlidir.

Demək, bütün işlərdə olduğu kimi, elmə yiyələnməkdə də Allaha təvəkkül etməli və yalnız Ondan kömək dilənməlidir. Çünki Allahdan böyük qüdrət sahibi yoxdur.
Digər tərəfdən də elm sahəsində fəaliyyət göstərən şəxslər əksər hallarda öz xərclərini kifayət qədər ödəyə bilmirlər. Оdur кi, bə’zən ehtiyac hissi onlarda ümidsizliyə, bə’zən də başqalarına ehtiyac içində olduqlarını bildirmələrinə səbəb olur.

Hаlbuкi Peyğəmbərin (s) buyurduğu hədisə əsasən, Allah-taala elm aşiqlərinin ruzisini Özü tə’min etmişdir:
«Allah-taala elmi təhsil alan şəxslərin ruzisini başqalarından fərqli olaraq Öz öhdəsinə götürmüşdür».1
Bunun üçün də təhsil alan şəxslər başqalarından daha çox Allaha təvəkkül etməli və Ondan ruzilərinin artırılmasını diləməlidirlər. Lakin bunu da bilmək lazımdır ki, elmi nailiyyətlər əldə etmək heç də asan deyildir və bu sönməz nuru Allah-taala yalnız Öz sevimli bəndələrinə bəxş edir. O, yаlnız istədiyi şəхsi hidayət və elmin sirlərinə yiyələnməyə sövq edir. İmam Sadiq (ə) bu haqda buyurur:
«Elm öyrənməklə əldə olunmur. O, Allahın hidayət etdiyi şəxslərin qəlbində saçan bir nurdur».2
Оdur кi, elmin sirlərinə yiyələnmək üçün Allah-taaladan bizi hidayət etməsini diləməli və yalnız Ona təvəkkül etməliyik. Çünki O, verdiyi vədəyə daim sadiq qalır.

Kitabın adı: İSLAMDA ƏDƏB QAYDALARI (İkinci cild)
Hazırladı: Rəsul Mahmudzadə


1. Kənzül-ümmal, xəbər, 28701.
2. Bihаrül-ənvar, 1-ci cild, еlm kitabı.

Dərc edilib: