Hərarətin şiddəti mənası verən “رَمَض – Rəməzə” kəlməsindən götürülmüş “Ramazan” sözü yandırmaq mənasındadır.1
Həzrət Peyğəmbər (s) buyurur: “انما سمی الرمضان لانه یرمض الذنوب” günahları yandırdığı üçün bu ay Ramazan adlandırılmışdır.2
Qəməri təqviminin aylarından doqquzuncusu olan Ramazan ayı, Qurani Kərimdə adı çəkilən yeganə aydır. Həmçinin Allahın müharibə etməyi haram buyurduğu dörd aydan biri də bu aydır.
Bu ayda asimani kitablar olan Quran, İncil, Tövrat, Suhuf və Zəbur nazil olmuşdur.3
Hədislərdə bu ay Allahın ayı və Peyğəmbər (s) ümmətinin ziyafət ayıdır. Bu ayda Allah öz bəndələrinə son dərəcə mehribanlıqla qonaqlıq keçirir.
قَالَ رَسُولُ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ و سلَم: شَهْرُ اَللَّهِ وَ شَهْرِي وَ شَهْرُ أُمَّتِي ثُمَّ قَالَ مَنْ صَامَهُ كُلَّهُ اِسْتَوْجَبَ عَلَى اَللَّهِ ثَلاَثَةَ أَشْيَاءَ مَغْفِرَةً لِجَمِيعِ مَا سَلَفَ مِنْ ذُنُوبِهِ وَ عِصْمَةً فِيمَا بَقِيَ مِنْ عُمُرِهِ وَ أَمَاناً مِنَ اَلْعَطَشِ يَوْمَ اَلْفَزَعِ اَلْأَكْبَرِ – (وسائل الشیعة، جلد ۸، صفحه ۹۸)
Həzrət Peyğəmbər (s) buyurur: Rəcəb Allahın ayı, Şaban mənim ayım və Ramazan ayı isə ümmətimin ayıdır.4 Hər kəs bu ayın hamısını oruc tutarsa, üç şeyə layiq olar: bütün onan baş vermiş günahlarının əfvinə, ömrünün qalan hissəsində hadisələrdən qorunmağa və Qiyamətin acınacaqlı aclıq və susuzluğundan amanda qalmağa.
Ramazan ayı müsəlmanlar arasında xüsusi ehtiramla qarşılanır. Hər il bu mənəvi aya giriş üçün Rəcəb və Şəban ayından hazırlıqlar başlayır. Möminlər Ramazan ayının hilalını gördükdən etibarən hər gün Quran tilavəti, gecələri ibadətlə keçirməyə çalışırlar, şövqlə bir-birinə iftar süfrəsi açıb Allahın razılığı uğrunda yarışır və İlahi feyzlə ruhlarını sirab edirlər.
Ramazan ayının fəziləti haqqında Quran və İslam hədisləri kifayət qədər söz açmışlar ki, biz onlardan bəzilərinə işarə edirik.
1. İLİN ƏN ÜSTÜN AYI
شَهْرُ رَمَضَانَ الَّذِي أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَىٰ وَالْفُرْقَانِ ۚ فَمَن شَهِدَ مِنكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ ۖ وَمَن كَانَ مَرِيضًا أَوْ عَلَىٰ سَفَرٍ فَعِدَّةٌ مِّنْ أَيَّامٍ أُخَرَ ۗ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلَا يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَىٰ مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿بقرة: ١٨٥﴾
Mübarək Ramazan ayında Quran nazil olduğu üçün bu ayın özünəxsus xüsusiyyətləri vardır ki, bu da öz növbəsində Ramazan ayını başqa aylardan daha üstün edir. Qurani Kərim bu haqda buyurur: “İnsanları doğru yola yönəltmək üçün Quran Ramazan ayında nazil olmuşdur”.5
Əziz Peyğəmbərimiz (s) Ramazan ayı haqqında belə buyurur:
Ey camaat! Allahın ayı bərəkət, rəhmət bə bağışlanma ilə sizə üz tutmuşdur. Bu elə bir aydır ki, Allahın yanında bütün aylardan üstün, günləri bütün günlərdən, gecələri bütün gecələrdən, saatları bütün saatlardan daha üstündür. Bu ay, sizin Allah qonağlığına dəvət olunduğunuz və Onun lütfünə layiq görüldüyünüz bir aydır. Bu ayda nəfəsləriniz təsbih, yuxularınız ibadət, əməlləriniz və dualarınız qəbuldur… Allahın Öz bəndələrinə rəhmət nəzəri ilə baxdığı ən yaxşı saatlardır.6
2. ASİMANİ KİTABLARIN BU AYDA NAZİL OLMASI
Bütün asimani kitablar o cümlədən Qurani Kərim, Tövrat, İncil, Zəbur, Suhuf bu ayda nazil olmuşdur. Həzrət İmam Sadiq (ə) buyurur: “Qurani Kərimin hamısı Ramazan ayında Beytul-Məmura nazil oldu, sonra 20 il ərzində Peyğəmbərə (s) və İbrahimin (ə) Suhufu Ramazan ayının birinci gecəsi, Tövrat isə Ramazan ayının altıncı günü, İncil Ramazan ayının on üçüncü günü, Zəbur isə Ramazan ayının on səkkizinci günü nazil oldu.7
3. RAMAZAN AYI ALLAHIN BƏNDƏLƏRİNƏ LÜTFÜDÜR
Ramazan ayında mehriban Allah oruc tutmağı bəndələrinə lütf etmişdir. Kim bu aya daxil olsa mütləq oruc tutsun.8
İnsan, maddi və cismi aspektlərdən əlavə ruhi və mənəvi aspektlərə də malikdir. Bunların hər birinin öz növbəsində özünəməxsus kamala yetməsi üçün xüsusi proqrama ehtiyacı vardır. Mənəvi tərəfi gücləndirmək və inkişaf etdirmək üçün lazım olan proqram təqva və pərhizkarlıq proqramıdır. Yəni əgər insan öz mənəviyyatını inkişaf etdirmək istəsə, paklıq və lazım olan kamala çatmaq istəsə, mütləq nəfsani istəklərinin alovunu söndürərək yolunun üzərində qarşısına çıxan maneələri bir-bir dəf etməli və özünü maddi əyləncələrlə məşğul etməməlidir. Bu yolda təsirli əməllərdən biri də oruc tutmaqdır ki, Qurani Kərim bu haqda buyurur: “… Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı (ki,) bəlkə (nəfsi istəklərdən) çəkinəsiniz.9
ORUC TUTMAĞIN BƏZİ FAYDALARI
* Təqavanın və ixlasın güclənməsi.10
İmam Sadiq (ə) buyurur: Allah Taala buyurub: “Oruc Məndəndir və onun mükafatını mən verəcəyəm”.11
Həzrət Fatimeyi-Zəhra (əs) buyurub: “Allah ixlasın möhkəm olması üçün orucu vacib buyurdu”.12
* Dünya və axirət bəlalarına mane olamsı:
İmam Əli (ələyhissalam) buyurur: “Oruc bağırsağı nazik edir, əti tökür və cəhənnəmin şöləli odundan uzaqlaşdırır.13
Allahın Peyğəmbəri (s) buyurur: “Oruc od qarşısında bir sipərdir”.14
* Cismin və ruhun aramlığı:
Oruc tutmaq ruha, cismə, qəlbə aramlığ verərək, ruhun və cismin sağlamlığına səbəb olur.
Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun sağlam qalın”.
Həmçinin buyurur: “mədə bütün dərdlərin evi və imsak (oruc) ən böyük dərmanlardandır”.15
Həzrət İmam Sadiq (ə) buyurur: “Oruc və həcc qəlblərin aramlığıdır”.16
Müasir dövrümüzdə də tibb elmində də isbat olunub ki, oruc tutmaq ruhun və17 cismin sağlamlığı üçün çoxlu müsbət təsirlərə malikdir. Həmçinin bədəndə olan artıq piylərin, qan təzyiqinin və şəkərin tənzimlənməsindən ötrü çox faydalıdır.18
* Şeytanın nüfuzuna mane olması:
İmam Əli (ə) Həzrət Peyğəmbərə (s) ərz etdi: Ey Allahın Rəsulu! Şeytanı bizdən nə uzaqlaşdırır?
Həzrət Peyğəmbər (s) buyurdu: Oruc onun üzünü qaraldır və sədəqə isə belini sındırır”.19
Buna görə də oruc tutmaq insanlardan və cinlərdən olan şeytanların nüfuzunun qarşısını alaraq onların vəsvəsələrini nəticəsiz qoyur.
* Varlı və kasıblar arasında bərabərlik:
Oruc tutan insan aclıq və susuzluq zamanı fəqirləri xatırlayaraq nəticədə onların köməyinə tələsir. Həzrət İmam Həsən Əskəri (ə) orucun vacib olması haqqında buyurur: “Ehtiyacsız aclığın ağrısını çəkir və nəticədə ehtiyaclılara kömək edir”.20
4. BU AYDA QƏDR GECƏSİNİN OLMASI
Qədr gecəsi min aydan üstün olan aylardandır və Allahın mələkləri bu gecədə Allahın icazəsi ilə nazil olaraq bəndələrin il ərzində bütün işlərini və təqdirini müəyyən edirlər.21 Bu mübarək ayda belə bir gecənin olması Allahın öz Peyğəmbərinin (s) ümmətinə bəxş etdiyi əvəzolunmaz nemətdir. İnsanların bir illik təqdiri (həyat, ölüm, ruzi və s.) onların özlərinin yaratdığı zəminə və ləyaqətə əsasən təyin olunur. İnsan belə bir gecədə təfəkkür və düşüncə vasitəsilə özünə qayıda bilər və özünün bir illik əməllərini yaxşı zəminə yaradaraq taleyini müsbətə doğru dəyişə bilər.22
Həzrət İmam Sadiq (ə) buyurur: “(Ramazan ayında) on doqquzuncu gecədə işlər yazılır, iyirmi birinci gecədə möhkəmlənir, iyirmi üçüncü gecədə imzalanır”.23
5. QURANIN BAHARI
Qurani Kərim mübarək Ramazan ayında nazil olmasına və oxunmasının fəzilətinin olduqca çox olması səbəbindən bu ay İslam rəvayətlərində Quranın baharı kimi xatırlanır. Necə ki, Həzrət İmam Baqir (ə) buyurur: “Hər bir şeyin baharı olduğu kimi Quranın baharı Ramazan ayıdır”.24
Qeyd:
Bu yazıda mübarək Ramazan ayı haqqında qeyd olunan fəzilətlər və digər çoxlu xüsusiyyətlər onun həqiqətini dərk edən, şəxslər üçündür. Oruc tutmaq üçün qayda-qanunlar, şərtlər zikr olunub, müsbət nəticə üçün onlara riayət etmək lazımdır. Quran oxuyub hökmlərinə əməl etməyənlər, oruc tutub aclığın və susuzluğun əziyyətini çəkəndən sonra günah vasitəsilə orucun təsirini aradan aparanların hər hansı mənəvi nailiyyət güdməsi absurddur.
Həzrət Peyğəmbər (s) oruc tutan halda kənizinə nalayiq ifadələr işlədən bir xanıma buyurdu: Necə orucsan ki, öz kənizinə nalayiq sözlər deyirsən?! Oruc tutmaq yalnız yemək və içməkdən çəkinmək deyil, Allah orucu bu ikisindən əlavə, onu təsirsiz edən pis iş və pis sözləri kənara qoymaq üçün də qərar vermişdir. Nə azdır oruc tutanlar, nə çoxdur aclıq çəkənlər.25
1 – Müfrədatul əlfazul Quran, Rağib İsfahani, s209
2 – Biharul Ənvar, Əllamə Məclisi, c55, s341.
3 – Əl-Kafi, Muhəmməd ibn Yəqub, c2, s628
4 – Vəsilüş Şiə, Şeyx Hürr Amili, c2, s628
5 – Bəqərə, 185-ci ayə
6 – Vəsailüş Şiə, c10, s313
7 – Əl-Kafi, c2, s628
8 – Bəqərə, 185
9 – Bəqərə, 183
10 – Həmin mənbə
11 – Mizanul Hikmə, Muhəmməd Muhəmmədi Reyşəhri, tərcümə Həmidrza Şeyxi, c7, s3207
12 – Həmin mənbə, s3209
13 – Həmin mənbə
14 – Həmin mənbə
15 – Həmin mənbə
16 – Həmin mənbə
17 – Həmin mənbə
18 – Nümunə təfsiri, Məkarim Şirazi, c1, s631
19 – Müstədrəkül Vəsail, Mühəddis Nuri, c7, s154
20 – Mizanul Hikmə
21 – Qədr surəsi, 1-5-ci ayələr
22 – Təfsirul Mizan, Əllamə Təbatəbai, c18, s132
23 – Vəsailüş Şiə, c10, s354
24 – Vəsailüş Şiə, c6, s203
25 – Əl-Kafi, c4, s87