RAMAZAN AYI, SEVMƏYİ ÖYRƏDİR

547

Mübarək Ramazan ayı müsəlmanlara hicrətin ikinci ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevdirən məhəbbət və mərhəmət nişanələir ilə doludur. Bərəkətlə dolu Ramazan müsəlmanlara ibadət prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlülüklərini yoxlamaq imkanı verir, onları gözüaçıq, bacı-qardaşlarına nisbət mərhəmətli, böyüklərə nisbət şəfqətli, digər insanlara qarşı diqqətli və Allahın başqa məxluqlarına qarşı təmiz vicdanlı olmağa yönəldir.

Oruc Ramazan ayında tutulduğu üçün ona “Ramazan orucu” həmçinin “Orucluq ayı” da deyirlər. Bəzi rəvayətlərə əsasən Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil edilmişdir. Digər rəvayətlərə görə bu, həmin ayın ya 18-dən 19-na, ya 20-dən 21-nə, ya da 22-dən 23-nə keçən gecə baş vermişdir. Həmin gecə eyni zamanda “ləylətul-Qədr” – təqdir, qüdrətli, əzəmətli gecə adlanır.

بِّسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ – إِنَّا أَنزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ ‎﴿١﴾‏ وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ ‎﴿٢﴾‏ لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ ‎﴿٣﴾‏ تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ ‎﴿٤﴾‏ سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ ‎﴿٥﴾‏

Qurani-kərimin “Qədr” surəsində buyurulur: “Həqiqətən, biz Quranı Qədr gecəsi nazil etdik. Bilirsənmi Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izni ilə hər işdən ötrü enər. O gecə dan yeri sökülənədək əmin-amanlıqdır.”

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu “on bir ayin sultanı” da adlandırırlar. Ramazan ayının gecələrini qəflətdə qalmamaq çox mühümdür. Bu da ibadətlə müyəssərdir. Demək olar ki, mübarək gecələrin hər birinə məxsus müstəhəb əməllər dini mənbələrdə qeyd edilmişir. İlk mərhələdə Allahın rəsulu (s), sonra hər məsum (ə) öz dövründə möminlərə mübarək ayın gecə və gündüzlərindən maksimum mənəvi bəhrələnmək yolunu öyrətmişlər.

Ramazan ayına əlavə dəyər gətirən mühüm məqamlardan biri də “Qədr” gecələridir. İslam mənbələrinə görə, Qurani-kərim müqəddəs Peyğəmbərimizə (s) məhz Qədr gecəsi nazil olub. Odur ki, müsəlmanlar üçün Qədr gecəsi yüksək əhəmiyyət və dəyər kəsb edir. Hər il Ramazan ayında milyonlarla müsəlman bu gecədə oyaq qalıb dua etməyi savab əməl sayır. Təfsirlərdə göstərilir ki, Quran Ramazan ayının Qədr gecəsində bütöv halda Lövhi-Məhfuzdan – Allahın dərgahında hifz olunan Lövhədən aşağı səmaya və oradan Cənab Cəbrail ələyhissəlam vasitəsilə Peyğəmbərimizə (s) 23 il müddətində hissə-hissə çatdırılmışdır.

Qədr gecəsinin fəziləti min ayın fəzilətindən üstündür. O gecə mələklər və Cənab Cəbrail (ə) həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək işlər barəsində Allah-Taaladan əmrlər alıb yerə enər, əmrləri çatdırarlar.

Qədr gecəsi bütünlüklə xeyir-bərəkət gecəsi olar, mələklər yer üzündə gəzib Allahın xalis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb, ibadət etmək müstəhəb sayılır. Həmin gecə sakitçilik, əmin-amanlıq olur. Həmçinin, möminin qəlbi rahat olur. Uca Allah buyurur ki, o gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! Həmin səhər günəş şüasız olaraq çıxır.

Peyğəmbərimizin (s) səhabəsi olan Ubeyy ibn Kə`b belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (s) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir… Onun əlaməti odur ki, həmin gün səhər günəş ağappaq şüasız çıxır.”

Hazırladı:

Dərc edilib: