QURAN, BÜTÖVLÜKLƏ NAZİL OLMUŞDUR YOXSA TƏDRİCLƏ?
Quran surə və ayələrin cəmindən təşkil olunmuş səmavi bir kitabdır ki, Həzrət Muhəmməd (s) peyğəmbərin besətidən (peyğəmbərliyə seçilməsindən) sonra müxtəlif şərait və zamanlarda əziz Peyğəmbərimizə (s) nazil olmuşdur.
Quranın nazil olması ayə-ayə və surə-surə Peygəmbəri-Əkrəmin (s) ömrünün sonunadək davam etmişdir. Peygəmbərimizin (s) həyatı boyunca önə çıxan çətinliklərin aradan qaldırılması və bəzi suallara cavab olaraq ayə və surələr parakəndə şəkildə nazil olurdu ki, bu cür nazil olma Quranın başqa asimani kitablardan üstün olmasını bildirirdi; çünki, Həzrət İbrahimin (ə) Suhufu və Həzrət Musanın (ə) Əlvahı bütöv şəkildə nazil olmuşdu ki, bu da müşriklərin əziz Peyğəmbərimizə (s) irad tutmalarına bəhanə olmuşdu. Necə ki, Quranın “Furqan” surəsinin 32-ci ayəsində bu hadisəyə işarə olaraq buyurulur: “Kafirlər: “Quran Ona (peyğəmbərə) bütöv endirilməli idi!” – dedilər”. Amma Allah Təala həmin ayənin ardında müsriklərin cavabını belə verir: “… (Ya Rəsulum) Sənin ürəyinə səbat (qətiyyət) vermək ücün Biz Onu (Quranı) ayə-ayə (tədriclə) nazil etdik”.
Yaxud başqa yerdə belə buyurulur: “İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) nazil etdik”. (“İsra” surəsi, 106-cı ayə).
Yuxarıda zikr olunan Quran ayələrindən göründüyü kimi, Quranın tədriclə nazil olunmasının hikməti odur ki, əziz Peyğəmbərimiz (s) və musəlmanlar Allahın onlara və onların Allahla rabitə bağlılığının necə möhkəm olduğunu hiss etsinlər. Necə ki, vəhy ayələri çox yerdə Peyğəmbəri-Əkrəmin (s) qəlbinin aramlıq və rahatlığına səbəb olurdu.
QURANIN NAZİL OLMASI NƏ VAXTDAN BAŞLADI?
Quranın təbiriylə götürsək, deyə bilərik ki, Quranin nazil olmasının başlanğıcı mübarək Ramazan ayı – Qədr gecəsində olmuşdur. “Bəqərə” surəsinin 185-ci ayəsində buyurulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlillərlə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir …”.
Və həmçinin başqa ayədə buyurulur: “Biz Onu (Quranı) Qədr gecəsində nazil etdik”. (“Qədr” surəsi, 1-ci ayə).
BƏS QƏDR GECƏSİ HANSI GECƏDİR?
Yuxarıda qeyd etdiyimiz ayələrdən məlum oldu ki, Quran Ramazan ayında və qədr gecəsində nazil olmuşdur. Əhli-Beyt (ə) məktəbinin etiqadına əsasən “Qədr gecəsi” mübarək Ramazan ayının 3 gecəsindən birinə təsadüf edir. Şeyx Kuleyni Həssan ibn Mehrandan rəvayət edir: “İmam Sadiqdən (ə) soruşdum ki, Qədr gecəsi hansi gecədir? İmam (ə) – “Onu iki gecədən birində – 21 və 23 Ramazanda axtar” deyə cavab verdi.
Zurarə ibn Ə`yun İmam Sadiqdən (ə) rəvayət edir: “Ramazan ayında 19-cu gecə təqdir gecəsi, 21-ci gecə təyin gecəsi və 23-cu gecə isə Allahın xətm və imza gecəsidir”. (“Vəsailuş-şiə” cild 7, bab-32, hədis 1 və 2).
QURANIN NAZİL OLMASINDA ÜÇ İL TƏXİR
Həzrət Peyğəmbərə (s) ilk vəhy, hicrətdən 13 il qabaq 27 rəcəb (609-cu miladi ilində) edilmişdir. Amma 3 il ərzində Həzrət Rəsul (s) öz dəvətini gizli yerinə yetirirdi. Sonradan bu üç ili “Fətrət” ili adlandırdılar. Elə ki, – “(Ey Rəsulum) sənə əmr olunanı (Quranı) açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!” (“Hicr” surəsi 94-cu ayə) ayəsi nazil oldu, əziz Peyğəmbərimiz (s) ümumi dəvətinə başladı.
Əbu Əbdullah Zəncani buyurur: “Ələq” surəsinin 1-ci (Yaradan Rəbbinin adıyla oxu!) ayəsindən sonra üç il müddətində heç bir Quran ayəsi nazil olmadı və bu müddəti “vəhyin fətrəti” adlandırırlar. Bu müddətdən sonra Quran tədrici şəkildə nazil oldu. (“Tarixul-Quran”, səhifə 9).
QURANIN NAZİL OLMA MÜDDƏTİ
Quranın tədrici nazil olmasının müddəti 20 ildir. Yuxarıda qeyd etdiyimiz kimi, besətdən 3 il sonra Quran tədricən nazil olmağa başladı və Peyğəmbərin (s) ömrünün sonunadək davam etdi. Burada 3 sual önə çıxır ki, onlar aşağıdakılardan ibarətdir:
1) Necə olur ki, Quran bütöv şəkildə nazil olmuşdur və ya onun bütöv nazil olması Qədr gecəsində olmuşdur? (Çünki “Qədr” surəsinin 1-ci ayəsində Quranın bütöv nazil olmasi bildirilir). Halbuki, Peyğəmbərimizin (s) besəti 27 rəcəbdə “Ələq” sürəsinin ilk 5 ayəsi ilə başlanmışdır?
2) Əgər Peyğəmbərə (s) nazil olan ilk ayələr və surə “Ələq” surəsi və onun ilk 5 ayəsidirsə, bəs nəyə görə “Həmd” sürəsi “Fatihətul-kitab” (yəni “Kitabı açan”) surəsi adlanır?
3) Necə ola bilir ki, Quran Qədr gecəsində nazil olub, halbuki, ayələrdən də göründüyü kimi Quran ayə-ayə, tədriclə müxtəlif münasibətlərdə (20 il ərzində) nazil olmuşdur?
Bu üç suala aşağıdakı cavablarla kifayətlənmək olar:
Birinci suala cavab:
Bildiyimiz kimi Quran besətdən 3 il sonra nazil olmağa başlamışdır. “Ələq” surəsinin ilk beş ayələri besət vaxtı nazil olmasına baxmayaraq (o ayələr) Quran unvanı ilə nazil olmamışdır; həmin surə kamil şəkildə nazil olandan sonra o ayələr Quran unvanı ilə həmin surədən hesab olmuşdur. “Hicr” surəsinin 94-cu – “Sənə nazil olanı (Quranı) açıq-aşkar təbliğ et! ….” ayəsi nazil olandan sonra Quran nazil olmağa başlamışdır və bundan sonra əziz Peyğəmbərimiz (s) ümumi dəvətinə məmur oldu. Həmçinin, o zamandan sonra ayələr və surələr tədriclə nazil olmağa başladı.
İkinci suala cavab:
Əgər Peyğəmbərin (s) həyatı zamanında “Fatihətul-kitab” (“Kitabı açan”) adını “Həmd” sürəsinə qoymuşdularsa, buna görə idi ki, bu surə Peyğəmbərə (s) nazil olunan ən birinci kamil surədir. Ondan əlavə, bəzi rəvayətlərdə gəlibdir ki, besətin həmin birinci günü Cəbrail (ə) dəstəmaz və namazı İslam dininə uyğun şəkildə Peyğəmbərə (s) öyrətdi. Məhz buna görə “Həmd” surəsi də gərək kamil şəkildə nazil olaydı. Çünki, hədislərin birində buyurulur: “Heç bir namaz Fatihətul-kitab (“Həmd”) surəsini oxumadan qəbul deyildir”. (“Ğəvaliyul-ləali”, 1-ci cild, səh. 196).
Üçüncü suala cavab:
Quranın Qədr gecəsində bütöv şəkildə nazil olub ki, bu barədə və həmçinin, əksinə olaraq, Quranın tədriclə nazil olması haqqında çoxlu danışıqlar, müxtəlif rəy və nəzərlər mövcuddur ki, onlardan bəzilərinə işarə edək:
Birinci nəzər:
Quranın nazil olmasının başlanğıcı Qədr gecəsində olmuşdur (amma tamam şəkildə yox), belə ki, “Bəqərə” sürəsinin 185-ci ayəsidə zahirən bu nəzəri təsdiqləyir.
Tədqiqatçıların çoxu bu nəzəri seçiblər. Çünki, Quranda elə ayələr vardır ki, keçmişdə olan hadisələrdən xəbər verir. Bu da Qədr gecəsinə nisbətən uzaq gələcək hesab olunur. Məsələn, “Ali-İmran” surəsinin 123-cü ayəsində buyurulur: “(Ya Rəsulum), həqiqətən siz Bədrdə olduğunuz halda Allah sizə yardım etdi …”.
Bu qəbildən olan ayələr Quranda çoxdur və əgər bu cür ayələr Qədr gecəsində nazil olsaydı, gərək mustəqbəl (yəni, gələcək) zaman şəkilində gələydi.
Zikr olunan dəlildən əlavə, Quranda nasix və mənsux (yəni, aradan aparan və aradan gedən), mübhəm və mübəyyin (yəni, qeyri-müəyyən və aydınlaşdıran) ayələr çoxdur. Belə ki, nasix ayələri mənsux ayələrində olan şübhəli mənaları aradan aparır ki, bu da nasix ayələrin mənsux ayələrdən sonra nazil olmasını tələb edir. Beləliklə, 1-ci nəzər sahibləri yuxarıdakı dəlillərdən belə qənaətə gəlirlər ki, Quranın bütöv nazil olması mümkün deyildir.
İkinci nəzər sahibləri:
Bir dəstə nəzəriyyəçilərin əqidələrinə görə, hər ilin Qədr gecəsində Qurandan həmin ilin ehtiyacını ödədiyi qədər ayələr bütöv şəkildə Peyğəmbərə (s) nazil olardı və sonra il boyu müvafiq hadisələrə uyğun olaraq tədriclə (ayə-ayə) nazil olardı. Nəticədə, ikinci dəstənin nəzər sahibləri bu dəlilə əsaslanaraq iddia edirlər ki, ayələrdə gələn Ramazan ayı və Qədr gecəsində məqsəd heç də bir ilin Ramazan ayı və Qədr gecəsi deyil. Əksinə, bütün nübuvvət müddətinə təsadüf edən Ramazan ayları və Qədr gecələridir.
1) Təfsiri-Kəbirəyi-Razi, cild 5, səh. 85
2) Əddarul- mənsur, cild 1, səh. 189
3) Təfsiri-Təbərsi, cild 2, səh. 276
Üçüncü nəzər sahibləri:
Bir dəstənin də nəzəri budur ki, Quran iki cür nazil olubdur:
Dəfi (bütöv, birdəfəlik) nazil, tədrici (yavaş-yavaş, ayə-ayə) nazil. Başqa sözlə desək, bütöv Quranın hamısı Qədr gecəsində Peyğəmbəri-Əkrəmə (s) nazil olub, sonra nübüvvətin müddəti ərzində ikinci dəfə tədriclə nazil olmuşdu.
Bu nəzəriyyənin mənşəyi bir neçə rəvayətdir ki, bu barədə gəlmişdir.
Rəvayətlərdə gəlibdir ki, Quran ərşdən 4-cü asimana Beytul-Məmur adlı yerdə nazil oldu (bu rəvayətlər bütöv nazil olma barəsində idi); amma tədrici nazil olma 20 il ərzində olmuşdur ki, yuxarıda bu məsələyə işarə edildi.
Bütöv və tədrici nazil olmanın anlayışı sahəsində, alimlərin şərh və təfsirləri vardır ki, onlardan bəzilərinə işarə edirik:
1) Qədr gecəsində Quranın Həzrət Peyğəmbərə (s) bütöv nazil olmasından məqsəd Peyğəmbərin (s) Quranı əhatə edən mətləblərlə ümumi tanışlığı olmuşdur bu ibarət Şeyx Səduqun Kəlamında gəlmişdir. O, deyir: “Quran o gecə (Qədr gecəsi) Peyğəmbərə (s) aydın kəlmələr və ibarələrlə nazil olmamışdır. Əksinə, sırf Quran elmi Peyğəmbərə (s) nazil oldu və Peyğəmbər (s) də, Quranı əhatə edən o elmlərlə tanış oldu”.
2) Əbu Əbdullah Zəncani buyurur: “Quranın ali hədəflərindən olan Quranın ruhudur ki, (onun) ümumi sahələri vardır. O gecədə Peyğəmbərin (s) pak qəlbində təcəlli tapdı və sonra illər uzunu mübarək dilində zahir oldu”.
3) Əllamə Təbatəbai bu mətləbi daha lətif və incə şəkildə açıqlayaraq buyurmuşdur: “Əslində Quran başqa bir həqiqət və vücuddur ki, zahiri pərdə arxasında gizlidir, sadə idrak və nəzərdən uzaqdadır. Həmçinin, Quran öz batini vücudunda hər növ təhlil və təfərrüatdan məhrumdur. Nə hissə (cüz) varıdır və nə də ki, fəsl. Nə ayə varıdır, nə də ki, surə. Əksinə, möhkəm və bir-birinə bağlı bir vəhdətdir ki, öz uca məqamında möhkəm və bütunlüklə əlçatmazdır”.
Beləliklə Quranın iki vücudu var:
a) Zahiri vücud: cümlə və kəlmə formasında
b) Batini vücud: özünün həqiqi forması; buna görə də, Quran Qədr gecəsində batini və həqiqi vücudu ilə Peyğəmbər (s) qəlbinə nazil oldu. Sonra öz zahiri vücudu ilə nübüvvətin müəyyən zamanlarında və müxtəlif münasibətlərdə nazil oldu.
Əlbətdə bu cür nəzəriyyələr bir növ zəriflik və lətifliklikdən qaynaqlanır ki, isbatının sənədi olmaq şərtiylə həqiqətə uyğun ola bilər. Hər halda bütün bu nəzəriyyələrin özunəməxsus müzakirə obyektləri vardır amma həqiqətə hamıdan çox yaxın olan və Quranın zahiri ilə də həmahəngliyi olan, həmin birinci nəzər, Şeyx Mufidin nəzəridir ki, Quranın nazil olmasının başlanğıcını mübarək Ramazan ayının Qədr gecəsindən hesab edir.
Tərtib etdi: Rəsul Mahmudzadə