İMAM HÜSEYNİN (ə) MÜBARƏK BAŞI HARADA DƏFN OLUNUB?

356

SUAL: Aşura günü Kərbəla faciəsində İmam Hüseyn ələyhissəlam və digər şəhidlərin başları bədənlərindən ayrılmış, ilk olaraq Kufəyə, oradan da Şama aparılmışdır. Tarixin bu hissəsinə qədər çoxlu ixtilaf yoxdur. Bir çox oxucular üçün Həzrət İmam Hüseynin (ə) başının sonda harada dəfn olduğu sual olaraq qalır. Həqiqətən İmam Hüseyn (ə) ağanın mübarək başı harada dəfn edilib?

CAVAB
İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması haqqında müxtəlif fikirlər vardır. Kərbəla, Nəcəf, Kufə, Mədinə, Şam, Rəqqə, Misir o həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlərdir.

Onun Kərbəlada dəfn olunması şiə alimlərinin nəzərincə ən düzgün fikirdir. Əllamə Məclisi bu baxışı təsdiq edən rəvayətlər nəql edir. (“Biharul-ənvar”, c. 45, s. 145.) Şeyx Səduq İmam Hüseynin (ə) bacısı Fatimənin dilindən nəql edir ki, İmamın (ə) başı Kərbəlada bədəni olan qəbirdə dəfn olundu. Seyid ibn Tavus və bəzi başqa alimlər belə hesab edirlər ki, İmamın (ə) başının bədəni ilə dəfni İlahi möcüzə şəklində baş verdi. (“İqbalul-əmal”, s. 588) O, bu işin necə baş verməsi haqqında sorğuya icazə vermir.

Bəzi alimlərin fikrincə, İmamın (ə) qırxı günü (ərbəin) geri qayıdan İmam Səccad (ə) atasının (ə) başını Kərbəlada onun bədəninin yanında dəfn etdi. Başın bədən olan qəbirdə və ya onun kənarında dəfn olunması məlum deyil.

Bəzi mənbələrdə bildirilir ki, kəsilmiş baş üç gün Dəməşq darvazasında asıldıqdan sonra onu endirib, Süleyman ibn Əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. Süleyman, İmamın (ə) mübarək başını Dəməşq qəbiristanında dəfn etdi. Onun canişini Ömər ibn Əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən çıxartdı. Şəriətə zahirən ehtiram göstərən Ömər ibn Əbdüləziz, güman ki, başı Kərbəlaya göndərmişdir. Sünni alimləri arasında da İmamın (ə) başının Kərbəlada dəfn olunduğunu söyləyənlər var.

Kitabın adı: Şübhə doğuran suallar

Hazırladı:

Dərc edilib: