ÇƏTİN SUALLARA SADƏ CAVABLAR – 1

66

SUAL: Nə üçün Allah insan da daxil olmaqla bütün bu canlıları yaratdı?
CAVAB: Əgər fəsahətli alim danışırsa, soruşmamalısınız ki, niyə danışırsan?! Çünki elm və istedadı ondan öz elmi tapıntılarını təqdim etməyi tələb edir. Amma qeyd edilən kamilliyə malik olan alim sussa və elmi tapıntılarını gizlətsə, sual olunacaq ki, niyə demədin?
Qüdrətli, müdrik və mehriban olan Allah torpaqdan buğda1, buğdadan nütfə və nütfədən də kamil bir insan yarada bilirsə, əgər yaratmasaydı, sual olunardı ki, niyə yaratmadın?


1. Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! … Ənam surəsi, ayə 95

إِنَّ اللَّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَىٰ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ۚ ذَٰلِكُمُ اللَّهُ (انعام، ۹۵)

Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, ondan yaşıl otlar bitirir, onlardan da üst-üstə düzülmüş dənələr çıxarırıq. Xurma ağacının tumurcuqlarından, sallanmış salxımlar yetişir. Biz həmçinin üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar ağacları da yetişdiririk… Ənam surəsi, ayə 99

وَهُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِّنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ … (انعام، ۹۹)

 

SUAL: Allaha iman etməyin insan həyatında rolu nədir?
CAVAB: Əgər sahibsiz, kamerasız və nəzarət sisteminin olmadığı bir evə daxil olsanız, hərəkətlərinizdə intizamlı olmağa heç gərək olmayacaq. Boş evdə biz də sərbəst və azadıq. Belə bir vəziyyətdə nə qədər nəfsimizi nəzarətdə saxlasaq, bir o qədər ziyan etmiş olarıq. Amma evin sahibinin və nəzarət sisteminin olduğunu bilsək, habelə bütün davranışlarımızın onun nəzarətində olduğunu anlasaq, başqa cür hərəkət edərik.
Əgər varlıq aləminin müdrik Allah adında sahibinin1 olduğuna iman etsək və Məad2 adlı hesabat sisteminin varlığına inansaq, həmçinin bizim hər bir hərəkətimizin mükafat və cəzasının veriləcəyini dərk etsək, biz də dağıdıcı nəfsimizin qarşısında dayanarıq. Ev sahibinin bəyənmədiyi işləri görmərik. Çünki Tanrının bizim bütün yaxşı və pis işlərimizə nəzarət etdiyini, həmçinin bizi izlədiyini bilərik.


1. Göylərin və yerin hökmranlığı Ona məxsusdur. O həm dirildir, həm də öldürür. O, hər şeyə qadirdir. Əl-hədid surəsi, ayə 2

لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يُحْيِي وَيُمِيتُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (الحدید، ۲۷)

2. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zəlzələ surəsi, ayə 6

 يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ (زلزله، ۶)

3. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxmazlar. TaHa surəsi, ayə 112

وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا (طه، ۱۱۲)

 

SUAL: Allah bizə namaz qılmağı və Kəbəyə1 tərəf durmağı əmr edərkən sual yaranır ki, görəsən, Allahın bizim ibadətimizə ehtiyacımı var?
CAVAB: Əgər bütün insanlar üzü günəş istiqamətində ev tiksələr, bundan günəşə heç bir fayda olmaz və həmçinin bütün insanlar arxası günəşə baxan evlər tiksələr, günəşdən heç bir şey əskilməz.
Günəşin insanların üzü ona tərəf ev tikmələrinə ehtiyacı yoxdur, əksinə, insanların işıq və istilik əldə etmələri üçün günəşə ehtiyacları var.
Allah insanlara namaz qılmağı əmr edərkən onların ibadətlərinə ehtiyacı yoxdur2. Əksinə, insanlar Allaha tərəf üz tutub onun xüsusi inayətindən faydalanaraq inkişaf edirlər. Quranda deyilir ki, əgər bütün insanlar kafir olsalar, bunun Allaha heç bir təsiri olmayacaq, çünki o bütün insanlardan ehtiyacsızdır.


1. … İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! … (Əl-bəqərə surəsi, ayə 144)

… فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ … (البقرة، ۱۴۴)

2. Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz… (Əz-zumər surəsi, ayə 7)

إِنْ تَكْفُرُوا فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنْكُمْ وَلَا يَرْضَى لِعِبَادِهِ الْكُفْرَ… (الزمر، ۷)

 

SUAL: Nə üçün salehlər (paklar) bəlaya düçar olur, zalımlar və günahkarlar isə rifah içində yaşayırlar?
CAVAB: Allah övliyalarını sevdiyi üçün onlar pis bir iş görərkən dərhal onları öz qüdrətilə cəzalandırır ki, onu xatırlasınlar. Həmçinin Allah Quranda buyurur: “Əgər Peyğəmbər buyurmadığımız hər hansısa bir sözü bizə nisbət versə, onu qüdrətimizlə cəzalandırarıq”1. Belə ki, əgər möminlər pis bir iş görsələr, onların tənbeh olunması bir neçə gündən artıq gecikməz, lakin kafirlər səhv bir iş görsələr, Allah onlara möhlət verər, müddət bitdikdə isə onları məhv edər. Əgər onların islahına ümid olmasa, Allah hesablarını Qiyamət gününə qədər təxirə salar.
Bir məsələni nəzərdən keçirək: Eynəyinizin şüşəsinə bir damcı çay töküləndə dərhal silirsiniz, ancaq ağ paltarınıza bir damcı çay düşəndə evə gedib paltarınızı dəyişənə qədər gözləyirsiniz. Əgər ayağınızın altındakı xalçaya bir qətrə çirkli su tökülərsə, dərhal xalçanı yumaq barədə düşünmürsünüz, bəlkə, münasib vaxtı gözləyirsiniz ki, ümumi olaraq yuyuntu işlərinə başlayasınız.
Allah da hər kəslə fərqli rəftar edir, ruhunun aydınlığına və ya qaranlığına görə cəzasını gecikdirir.


1. Əl-Haqqə surəsi, ayə 44, 45, 46

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ – لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ‎- ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ (الحاقه ۴۴،۴۵،۴۶)

 

SUAL: Bütün əməllərin qəbulu namaz kimi bir əməlin qəbulu ilə necə şərtləşir?
CAVAB: Bir polisin sürücüdən sürücülük vəsiqəsi istəməsinə fikir verin. Sürücü sürücülük vəsiqəsi əvəzinə polisə tibbi arayış, siyasi pasport, tikinti icazəsi, vizit kartı, ictihad icazəsi və ya başqa bir sənəd göstərsə, polis bunu qəbul etməyəcək. Yalnız sürücülük vəsiqəsi olsa, yola davam etməyə icazə verəcək, əks halda onu saxlayacaq.
Qiyamətdə hədəfə çatmağın şərti namazın şəhadətnaməsidir, olmasa, heç bir əməl məqbul deyil1 və insanın xilasına kömək olmayacaq.


1. Həzrət Muhəmməd Mustafa (s): … Bəndə ilk olaraq namazından sorğulanacaq, əgər namazı məqbul olarsa digər əməlləri də qəbul olunar, yox əgər namazı məqbul olmazsa digər əməlləri də qəbul edilməz …  (İmam Rizaya (ə) nisbət verilən Fiqh kitabı, cild 1, səh.: 99)

عن رسول الله صلی الله علیه و آله و سلم … أَوَّلُ مَا يُحَاسَبُ اَلْعَبْدُ عَلَيْهِ اَلصَّلاَةُ فَإِنْ صَحَّتْ لَهُ اَلصَّلاَةُ صَحَّ لَهُ مَا سِوَاهَا وَ إِنْ رُدَّتْ رُدَّ مَا سِوَاهَا …  (الفقه المنسوب إلی الإمام الرضا علیه السلام، جلد ۱، صفحه ۹۹)

 

SUAL: İnsanın bəzi əməllərinin savabı necə hesablama və rəqəmlərdən kənara çıxır?
(Yəni hər hansı bir əməli bir nəfər yerinə yetirəndə Allah ona bir, üç, dörd savab, daha çox adam edəndə isə saysız-hesabsız savab verir? − red.)
CAVAB: Hədislərə əsasən, camaat namazında iştirak edənlərin sayı nə qədər çox olarsa, namazın savabı bir o qədər çox olar.1 Əgər camaat namazında iştirak edən fərdlərin sayı on nəfərə çatsa, bu halda namazın savabı saysız-hesabsız olar. Allahdan başqa heç kəs onun savabının sayını bilməz.
Belə ki, insan bir barmağı ilə telefon nömrəsini yığa bildiyi kimi, iki barmağı ilə kiçik vedrəni qaldıra bilər, üç barmağı ilə çoxlu işlər görə bilər. Bu ardıcıllıqla onuncu barmağa çatana qədər artıq insanın işinin həddi olmayacaq. O, on barmağının vasitəsilə saysız-hesabsız müxtəlif növdə işlər görə bilər və heç kəs onun işlərinin sayını bilə bilməz.


1. Allahın rəsulu Həzrət Muhəmməd (s) buyurmuşdur: Camaat namazı onu tək qılmaqdan iyirmi beş dəfə fəzilətlidir. (Təfsilu vəsailiş-şiə, cild 8, səh: 289)

قَالَ رَسُولَ اَللَّهِ صَلَّى اَللَّهُ عَلَيْهِ وَ آلِهِ: صَلاَةُ اَلْجَمَاعَةِ أَفْضَلُ مِنْ صَلاَةِ اَلْفَرْدِ بِخَمْسٍ وَ عِشْرِينَ دَرَجَةً (تفصیل وسائل الشیعة إلی تحصیل مسائل الشریعة، جلد ۸،  صفحه ۲۸۹)

 

SUAL: Quranda bəzi insanları heyvana bənzətmək, onlara qarşı hörmətsizlik və küfr deyilmi?
CAVAB: Heyvanların faydalılığına və bəzi insanların fəaliyyətinə nəzər saldıqda “onlar heyvanlar kimi, bəlkə, daha azğındırlar və onlar həmin qafillərdirlər”1 (Quran) bənzətməsini düzgün və məntiqli görürük. İnsanların ən bahalı geyimi olan ipək heyvanlardan əldə olunur. İnsanların ən dəyərli qidası süd, bal, ət və qatıq heyvanlardan alınır. Heyvanlar yükdaşıma, şumlama vasitəsi, gəlir və məşğulluq mənbəyidir.
Bütün yun əyirmə fabrikləri, dəri fabrikləri, süd zavodları, quşçuluq və heyvandarlıq təsərrüfatları heyvanlardan asılıdır. Bəzi heyvanlar bəşərin müəllimidir: qarğa Adəmin (ə) oğluna və onun nəslinə ölüləri basdırmağı öyrətdi. Bəzi quşlar peyğəmbərlərin xəbərçisi olublar: şanapipik Səba (əhali) əhlinin azğınlıq xəbərini Həzrət Süleymana (ə) çatdırdı. Bəzi heyvanlar peyğəmbərlərin himayədarı olublar: hörümçək toru İslam Peyğəmbərini (s) mağarada ölümdən xilas etdi. Bəzi heyvanlara təlim keçərək müxtəlif fəaliyyətlərə cəlb etmək olur. Ona görə də öyrədilmiş itin ovladığı şikar halaldır. İlan kimi zərərverici heyvanlar belə yalnız onlara yaxınlaşanları sancır. Yuxarıda sadaladıqlarımızla müqayisədə insanları uzaqdan incidən, ucqar ərazilərə raketlər yağdıran, bombardmanlar edən məxluqlar ilandan da betər deyilmi? Gecə-gündüz insanların başına oyun açan, sonsuz istəklərinə çatmaq üçün bəşər övladını məhv edən şəxslər heyvandan da pis deyilmi? Yüzlərlə cinayət işində əli olan insanlar ən yırtıcı heyvanlardan aşağı, alçaq deyilmi?


1. Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, ayə 179)

وَلَقَدْ ذَرَأْنَا لِجَهَنَّمَ كَثِيرًا مِّنَ الْجِنِّ وَالْإِنسِ ۖ لَهُمْ قُلُوبٌ لَّا يَفْقَهُونَ بِهَا وَلَهُمْ أَعْيُنٌ لَّا يُبْصِرُونَ بِهَا وَلَهُمْ آذَانٌ لَّا يَسْمَعُونَ بِهَا ۚ أُولَٰئِكَ كَالْأَنْعَامِ بَلْ هُمْ أَضَلُّ ۚ أُولَٰئِكَ هُمُ الْغَافِلُونَ (الاعراف، ۱۷۹)

Mənbə: Təmsillər (Ustad Qiraəti)

Hazırladı:

Dərc edilib:

,