ÇƏTİN SUALLARA SADƏ CAVABLAR – 2

169

SUAL: Biz həqiqətləri olduğu kimi necə görə bilərik?
CAVAB: Quran buyurur: “Təqvalı1 olun (Allahdan qorxun) və Allah sizə öyrədər”2. Allahdan qorxun ki, Allah sizə haqqı öyrətsin.
Günahlarda qərq olmuş insan, bir çox həqiqətləri dərk etməkdən məhrumdur. Etnik, partiya, irqi və s. təəssübkeşliyi olan şəxs haqqı olduğu kimi görə bilmir. Belə şəxslərin halı buna bənzəyir ki, qırmızı eynək taxıb hər şeyi qırmızı görürlər. Şalğamı çuğundur hesab edirlər. Yaşıl eynək taxsalar, samanı ot kimi görərlər.
Əgər güzgünü cilalasaq, təsviri düzgün göstərər. Biliyi dərk etmək üçün qəlbin güzgüsü də cilalanmalıdır. Kinli ürəklər çirkli qablara bənzəyir ki, əgər içinə təmiz su tökülsə, onu da çirkləndirər. Günah elə bir tozdur ki, insanın realist olmasına imkan vermir.


1. Təqvalı olmaq, pislikdən və çirkinlikdən çəkinmək deməkdir. Pislik və çirkinlikdən mömin nə qədər uzaq olarsa bir o qədər təqvalı sayılar. Təqvası çox olanın Allah hüzurunda məqamı üstün olar. 
2. Bəqərə surəsi, ayə 282

… وَاتَّقُوا اللَّهَ ۖ وَيُعَلِّمُكُمُ اللَّهُ ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ ‎(البقرة، ۲۸۲)

 

 

SUAL: Hər bir müsəlman mömindirmi, yoxsa İslamla iman arasında fərq var?
CAVAB: Quranda bir yerdə oxuyuruq ki, insanlar dinə daxil olurlar: “İnsanların dəstə-dəstə Allahın dininə daxil olduqları vaxt…”1 və başqa yerdə isə dini şüarlar səsləndirənlərə deyilir: “İman hələ sizin qəlblərinizə daxil olmayıb”2, bu o deməkdir ki, din insanların həyatlarına daxil olmalıdır.

Bəli, dindarlığın mərhələləri var: isitmə mərhələsi, qaynar mərhələ və bişirmə mərhələsi.

Hər “isti” soyuyar, amma bişmiş heç bir şey dönüb çiy olmaz. İnsanların dinə girməsi asandır; kim desə: “Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur və şəhadət verirəm ki, Muhəmməd (s) Allahın Rəsuludur”, müsəlmandır. Bu istiləşmə mərhələsidir. Amma istiləşmədən daha önəmli qaynamaqdır. Peyğəmbərin səhabələri böyük bir hiss və həyəcanla cəbhələrə gedirdilər və Peyğəmbərin (s) yanında ölməyə hazır idilər. Amma Quran onlara deyir ki, əgər dininiz varsa, qənimətin xümsünü verin: “Bilin, əşya və mallardan nə qənimət əldə etsəniz, onda, şübhəsiz, onun beşdə biri Allahın, Onun Peyğəmbərinindir… Əgər Allaha iman gətirmisinizsə”3.
Bəli, Peyğəmbərlə (s) bərabər ön cəbhədə vuruşan, Allah (cc) və Onun Peyğəmbərinə (s) şəhadət verənlər maddi məsələlərdə zəif ola bilərlər. Quran, namaz qılıb, cihad edən müsəlmanlara dönə-dönə Allah, Onun elçisi və fəqirlərin haqlarını verməyi əmr edir”4.
Məhz bu mərhələdə iman qəlbə daxil olur. Quran yalnız müəyyən bir qrupa buyurur: “Onlar həqiqi möminlərdir”5. Həqiqi möminlər xüsusi bir qrupdur, lakin imanlarını münafiq olaraq bəyan edənlər haqqında buyurur: “Bunlar həqiqi möminlər deyillər”6. Quran həmin qrupdan olan insanlar barədə deyir: “İnsanların bəziləri imanları olmaya-olmaya: “Biz Allaha və axirət gününə iman gətirdik”, − deyərlər”7.


1. Nəsr surəsi, ayə 2

وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا

2. Hucurat surəsi, ayə 14

… وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ …

3. Ənfal surəsi, ayə 41

وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِن كُنتُمْ آمَنتُم بِاللَّهِ وَمَا أَنزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

4. İsra surəsi, ayə 26

وَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا

Rum surəsi, ayə 38

فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

5. Ənfal surəsi, ayə 2, 3, 4 – Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, (2) namaz qılar və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. (3) Məhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır. (4)

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ ‎﴿٢﴾‏ الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ ‎﴿٣﴾‏ أُولَٰئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا ۚ لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ ‎﴿٤﴾‏

6. Nur surəsi, ayə 47

وَ یَقُولُونَ آمَنَّا بِاللَّهِ وَ بِالرَّسُولِ وَ أَطَعْنَا ثُمَّ یَتَوَلَّیٰ فَرِیقٌ مِّنْهُم مِّن بَعْدِ ذَٰلِکَ ۚ وَ مَا أُولَٰئِکَ بِالْمُؤْمِنِینَ 

7. Bəqərə surəsi, ayə 8

وَ مِنَ النَّاسِ مَن یَقُولُ آمَنَّا بِاللّهِ وَ بِالْیَوْمِ الآخِرِ وَ مَا هُم بِمُؤْمِنِینَ

 

 

SUAL: Yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək bütün müsəlmanların, yoxsa müəyyən bir qrupun vəzifəsidir?
CAVAB: Hamıdan fərqli olaraq bir tərəfli yolda hərəkət edən avtomobil üçün iki növ müdaxilə lazımdır; birincisi, bütün sürücülər onun hərəkətinə qarşı səs siqnalı və işıqlarla öz etirazlarını bildirməlidir, ikincisi isə polis sürücünü cərimələməlidir.
Qurani-Kərim bütün müsəlmanlara yaxşı işlər görməyi və pis əməllərdən çəkindirməyi əmr edərək buyurmuşdur: “Siz yaxşı işlər görməyi əmr etmək və pis əməllərdən çəkindirmək şərti ilə ən yaxşı ümmətsiniz”1. Və başqa yerdə buyurur ki, müsəlmanlar arasında xüsusi bir qrup yaxşılığı əmr edib, pis əməllərdən çəkindirməkdə məsul olmalıdır: “Gərək sizdən xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun”2.


1. Ali-İmran surəsi, ayə 110

كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَتُؤْمِنُونَ بِاللَّهِ ۗ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَّهُم ۚ مِّنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ

2. Ali-İmran surəsi, ayə 104

وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ

 

 

SUAL: Allahın ancaq təqvalı insanların əməllərini qəbul etməsi adi insanlarda və günahkarlarda soyuqluq və ümidsizlik yaratmırmı?
CAVAB: Əvvəla, görək Quran bu barədə nə buyurur. Qurani-Kərim: “Həqiqətən, Allah yalnız təqvalılardan qəbul edir”1. Təqvanın dərəcələri vardır. Bu səbəbdən də Quranda “daha təqvalı” mənasında olan “ət-Təqi” kəlməsi zikr edilmişdir: “Həqiqətən, sizin Allah yanında ən hörmətliniz sizin (ən təqvalınız) pəhrizkarınızdır”2. Adi insanların və zalımların çoxunun da təqva mərhələsi vardır. Yoxsa ki, onlardan heç biri nə xeyirxahlıq edərdi, nə də ki günahdan çəkinərdi.
İkincisi, desələr ki, dövlət məşğulluğa ancaq universitet məzunlarını qəbul edir, bu o deməkdir ki, rəsmi məşğulluğun şərti universitet məzunu olmaqdır. Bu o demək deyil ki, başqalarının heç bir iş görməyə haqqı yoxdur və yaxud bir iş görsələr, əldə etdikləri faydasız olacaq.

Üçüncüsü, əməlin qəbul edilməsinin də dərəcələri vardır; a) adi qəbul dərəcəsi, b) yaxşı qəbul dərəcəsi: “Beləliklə, Rəbbi onu gözəl (şəkildə) qəbul etdi…”3 c) Və fəzilətli qəbul dərəcəsi ki, duada oxuyuruq: “İlahi, əməlimi ən gözəl şəkildə qəbul et”. Ona görə də hər kəsin əməli onun təqvasının miqdarı həddində qəbul olunur. Bu səbəbdən də Quranın təyin etdiyi mükafatlar fərdlərə və şəraitə görə dəyişir.
Gəlin Quran ayələri əsasında əməllərin mükafatlarını gözdən keçirək:
− Bəzi əməllərin mükafatı iki bərabərdir. (Bəqərə, 265)
− Bəzi əməllərin bir neçə bərabər mükafatı var. (Bəqərə, 245)
− Bəzi əməllərin on qat savabı var. (Ənam, 160)
− Bəzi əməllərin yeddi yüz savabı var. (Bəqərə, 261)
− Bəzi əməllərin Allahdan başqa heç kimin bilmədiyi qədər savabı vardır. (Səcdə, 17)
Beləliklə, bu fərqliliklər niyyət və əməlin növünün fərqliliyi əsasında yaranır.


1. Maidə surəsi, ayə 27

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الْآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ ۖ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ

2. Hucurat surəsi, ayə 13

يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ۚ إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ 

3. Ali-İmran surəsi, ayə 37

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا ۖ قَالَ يَا مَرْيَمُ أَنَّىٰ لَكِ هَٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ اللَّهِ ۖ إِنَّ اللَّهَ يَرْزُقُ مَن يَشَاءُ بِغَيْرِ حِسَابٍ 

 

 

SUAL: Bəşəriyyətin səmavi kitaba nə ehtiyacı var?
CAVAB: Dünyadakı bütün fabriklər öz məhsulları üçün təlimat kitabçası hazırlayır və onları məhsulla birlikdə müştərilərə təqdim edirlər. Bu kitabçalar müştərilərə həmin məhsuldan necə faydalanmalı olduqları barədə məlumat verir. Bu kitabçaları tərtib edənlər kimlərdir? Layihəçi və inşaatçıdan başqa kiminsə buna səlahiyyəti varmı? − Əsla!
Bizim də bir yaradanımız var ki, bizi düzgün yola istiqamətləndirmək üçün Quran adlı bir kitab nazil etmişdir. Heç kimin onun əksinə qanun çıxarmağa haqqı yoxdur, çünki təkcə yaradan öz məhsulunun bütün xüsusiyyətləri və ölçülərindən xəbərdardır. Həmçinin ondan düzgün istifadə etməyin yollarını, onun üçün zərərli olanları və inkişafının qarşısını alan maneələri təkcə O bilir: “Məgər yaradan bunu bilməzmi? Agah ol, yaradan kəs bilir. O, incəliyinə qədər görür və xəbərdardır”1.

Allahın şəriətinin əvəzinə insan qanunlarına müraciət edənlər təlimat kitabçasını bir kənara qoyub, ondan necə istifadə etməyi başqalarından öyrənənlər kimidirlər.


1. Mülk surəsi, ayə 13 – 14

وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ ۖ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ‎﴿١٣﴾‏ أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ ‎﴿١٤﴾

 

 

SUAL: Dünyada rahat yaşamaq üçün nə etməliyik?
CAVAB: Quran buyurur: “Əlinizdən çıxan şey üçün təəssüflənməyin və sizə verilən şey üçün sevinməyin!”1. Elə olun ki, bir şeyi itirsəniz, kədərlənməyəsiniz, sizə bir şey verilsə, sevinməyəsiniz. Görəsən, insan elə bir şəkildə tarazlaşa bilərmi ki, vermək və almaq onda təsir qoymasın?
Bank işçisi bir gün insanlardan pulun alınmasına, o biri gün isə insanlara pul verilməsinə cavabdehdir. Nə pul alan gün sevinir, nə də ödədiyi gün kədərlənir. Çünki bilir ki, vəzifəsi yalnız onun öhdəsində olan pulların məsuliyyətini daşımaqdır.
Başqa bir misal: Traktor təkərləri üçün hamar və çala-çuxur yerdə hərəkət etmək eynidir, velosiped təkərləri üçün isə fərqlidir.
Sərçənin nazik bir gülün budağına qonub uçması budağa çox təsir edir, möhkəm ağaca isə o qədər də təsir etmir. Bəli, böyük insanlara ürəklərinin genişliyinə görə xırda məsələlər çox təsir etmir. İmam Hüseyn (ə) Aşura günü günortadan sonra ona atılan onlarla ox və aldığı onlarla ürək yarası qarşısında aramlıq və təvazö ilə namaz qıldı, halbuki ən kiçik bir hərəkət bizə namaz qılmağa və rükuya getməyə mane olur.


1. Hədid surəsi, ayə 23

لِّكَيْلَا تَأْسَوْا عَلَىٰ مَا فَاتَكُمْ وَلَا تَفْرَحُوا بِمَا آتَاكُمْ ۗ وَاللَّهُ لَا يُحِبُّ كُلَّ مُخْتَالٍ فَخُورٍ

 

 

SUAL: Nə üçün İslamda əməlin dəyəri onun niyyətindən, əməlin qəbulu isə ixlas və “qəsdi-qürbət” (riyasız) niyyətindən asılıdır?
CAVAB: Dünyəvi işlərdə də hər bir işin dəyəri onun niyyətindən asılıdır. Bu misallara diqqət yetirin: cərrah və quldur hər ikisi insan bədənin yırtır, amma cərrahın işi xidmət, quldurun işi isə cinayətdir. Həmin cərrah həm pul üçün, həm də insanı xilas etmək üçün çalışa bilər.
Başqa bir misal: Üç nəfərə bir stəkan su təklif edirik; birinci istəmədiyi üçün içmir, ikincisi qəzəbləndiyi üçün içmir, üçüncüsü içməkdən imtina edərək deyir: “Dördüncü şəxs məndən çox susamışdır, suyu ona verin”. Nəticədə hər üç nəfər su içmir, lakin içməmə səbəbləri fərqlidir. Buna görə də əməllərinin dəyəri fərqli olacaq.

Mömin şəxs təsadüfən ibadət etməməlidir1. Allahın qürbünü qazanmaq üçün ibadət edən şəxs ibadətinin forması və zamanını da Allahın rizası və tələbi ilə uyğunlaşdırmalıdır. Allahın rizası, qanun və qaydalarını nəzərə alıb görülən hər bir əməl – niyyət və ibadət sayılır, mükafata layiq görülür.


1. Bəqərə surəsi, ayə 265 – Mallarını Allahın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabitqədəm etmək yolunda sərf edənlər uca təpənin üstündə olan bir bağa bənzərlər …

وَمَثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاءَ مَرْضَاتِ اللَّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ 

 

 

SUAL: Hər yaxşı işin on qat savabı varmı?
CAVAB: Quran buyurur: “Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır”1. Hər kəs layiqli bir iş görsə, on qat savab qazanar. Əhəmiyyətli olan layiqli işi Qiyamətə çatdırmaqdır, bu dünyada etmək deyil. Malları təyinat yerinə çatdırmaq dəyərlidir, amma malı yolun ortasında məhv etsək, heç bir dəyər qazandırmaz. Bir çox zahirən yaxşı işlər maneələrlə rastlaşaraq məqsədə çatmırlar. Çünki ya başlanğıcda riyakarlıq edib özümüzü göstərməklə işə başlayırıq və ilahi məqsədimiz olmur, yaxud işin ortasında bizə qürur, heyrət və xudbinlik üz verir, ya da ki iş bitdikdən sonra günah işlədirik və onun təsirini məhv edirik.
Hərçənd bu üç halda layiqli işlər görülüb, lakin məqsədinə salamat çatmayıb. Deməli, Qurani-Kərim yaxşı bir iş görənin on qat savab alacağını demir, əksinə, Qiyamətə qədər yaxşılıq edənə on qat savab veriləcəyini bildirir.


1. Ənam surəsi, ayə 160

مَن جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا ۖ وَمَن جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ

 

 

SUAL: Biz niyə ölümdən qorxuruq?
CAVAB: Sürücü yolda o zaman narahat olar ki, ya yanacağı yoxdur, ya qaçaqmalçılıqla məşğul olur, ya həddən artıq çox yük/sərnişin daşıyır, ya təyin olunmuş sürət həddini aşıb, ya yolu itirib, ya da yol yoldaşları ləyaqətsiz, yaramaz adamlardır.

Əgər insan öldükdən sonra lazım olan yük, azuqəni götürübsə, heç bir yaramaz işi, əməli yoxdursa, gedəcəyi yolu bilirsə, dostları da yaxşı insanlardırsa1 və həmçinin hərəkəti nizamnaməyə uyğundursa2, heç bir narahatlığı olmayacaq.


1. Yunis surəsi, ayə 62 – Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.

أَلَا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

2. Bəqərə surəsi, ayə 277 – Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. 

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

 

 

SUAL: Nə üçün bəzi dualar qəbul olunmur?
CAVAB: Təyyarənin çəninə xüsusi benzin əvəzinə dizel və ya su töksək, uçuş baş tutmaz. Mədəsində haram loğma olmayanların duası qəbul olar. Hədisdə oxuyuruq: “Kim duasının qəbul olmasını istəyirsə, qazanc və yeməyini pak və halal yolla əldə etsin”.
Deyək ki, dua xeyir, yaxşılıq istəmək mənasındadır. Lakin bizim bir çox istəklərimiz xeyirli deyil.1 Elə zənn edirik ki, hansısa duanı etməklə özümüz üçün xeyir və bərəkət istəyirik.


1. Bəqərə surəsi, ayə 216 – Döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz.

كُتِبَ عَلَيْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ ۖ وَعَسَىٰ أَن تَكْرَهُوا شَيْئًا وَهُوَ خَيْرٌ لَّكُمْ ۖ وَعَسَىٰ أَن تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَّكُمْ ۗ وَاللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

 

 

SUAL: İslam dinində çoxlu dualar var. Görəsən, Allah bizdən daima dua ilə məşğul olmağımızı istəyir?
CAVAB: “Məfatihul-cinan” kimi dua kitablarında günün bütün saatlarına və ilin bütün günlərinə məxsus dualar qeyd edilmişdir. Bu ona bənzəyir ki, avtobus dayanacağı, hava limanı, ya da qatar stansiyasına gedəndə görürsən ki, lövhədə yazılıb: gecə-gündüz, səhər saat 8-dən axşam saat 9-a kimi hərəkət etməyə hazır nəqliyyat vasitələri var.
Bu tablonun mənası bütün insanların bütün saatlarda səyahət etməsi demək deyil, istənilən vaxt səyahətə getmək istəyən hər bir səyyah üçün hazır nəqliyyat vasitəsinin mövcud olması deməkdir.
Çoxlu duaların olmasının səbəblərindən biri bu ola bilər ki, hər kəs günün hər saatında dua oxumaq istəsə, həmin zaman üçün xüsusi dualar mövcuddur. Bundan əlavə, kiçik duaların heç bir zərəri yoxdur, xüsusən, insan onları əzbərləsə, işləyərkən işlə bərabər duaya məşğul olsa, daha yaxşı olar.1


1. Ali İmran surəsi, ayə 38 – Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ ۖ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِ

 

 

SUAL: İnsan həyatının acı və şirin hadisələrində Allahın nə qədər rolu var?
CAVAB: Quranda oxuyuruq: “Sənə yetişən hər bir xeyir Allahdandır, pislik isə sənin özündəndir”1. Yer Günəş və öz ətrafında fırlanır və onun bir hissəsi həmişə işıqlı, digər hissəsi isə qaranlıqdır. Hara işıqlıdırsa, o, Günəşdəndir, hara qaranlıqdırsa, Yerin özündəndir. Üzümü Allah yaradıb, amma insan ondan şərab hazırlayır ki, bu da minlərlə fəlakət və xəstəliklərə yol açır.
Allah insana qüdrət verib, amma bəziləri bu gücdən sui-istifadə edib yoxsul və kimsəsizə hücum edir. Allah insana ağıl verib, amma bəzi adamlar bu hikmətdən sui-istifadə edərək başqaları üçün hiylə və tələ qururlar. Deməli, Allah tərəfindən gələn yaxşılıqdır, pislik isə özümüzdən qaynaqlanır.


1. Nisa surəsi, ayə 79  

مَّا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللَّهِ ۖ وَمَا أَصَابَكَ مِن سَيِّئَةٍ فَمِن نَّفْسِكَ ۚ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولًا ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا

 

 

SUAL: Əgər namaz insanı əxlaqsızlıq və pisliklərdən çəkindirirsə, nə üçün bəzi namazqılan şəxslər çirkin əməllərindən əl çəkmirlər?
CAVAB: Əvvəla, qurumuş toxum heç vaxt yaşıllaşmaz, qəlbin iştirakı olmadan qılınan namaz da qurumuş toxum kimidir. Namaz qəlb hüzuru ilə qılınsa, insanı fəsaddan uzaq edər, əks halda təkcə dodaqlar və belin hərəkəti bu xüsusiyyətə malik deyildir.
Əgər məktəb və universitet insana elmi yüksəliş qazandırırsa, bu o demək deyil ki, məktəbə və universitetə ​​gedən hər kəs o yüksəlişə nail olacaq. Əksinə, kim ciddi surətdə oxusa və oxuduqlarını başa düşsə, o zaman universitet həmin şəxsin yüksəliş platforması olacaq. Əgər namaz öz prinsip və şərtlərinə uyğun olaraq qılınsa, əxlaqsızlıq və pislikdən çəkindirər. Quran bu barədə belə buyurur: “Həqiqətən, namaz (insanı) böyük günahlardan və xoşagəlməz hallardan çəkindirir”1.

İkincisi, bəzən görürsən ki, namazqılan biri böyük günahlara yol verir, əgər namaz qılmasaydı, şübhəsiz, günahları daha çox olardı, çünki namazının düz olması üçün bədəni və paltarı pak olmalı, həmçinin paltarı və namaz qıldığı yer özünə aid olmalıdır. Deməli, bu qədər qayda və məsələlərə riayət etmək bir çox günah və çirkinliklərdən uzaqlaşmağa səbəb olur. Necə ki, ağ paltar geyinmək insanın çirkli yerdə oturmasına mane olur.


1. Ənkəbut surəsi, ayə 45

اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ ۖ إِنَّ الصَّلَاةَ تَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ ۗ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ ۗ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ 

 

 

SUAL: “Əmr be məruf” və “nəhy əz münkər”in (faydalı işlərə dəvət və pisliklərdən çəkindirmək) heç bir təsiri olmasa, nə etməliyik?
CAVAB: Birincisi, əgər başqası bu işi daha yaxşı ritorika ilə desə, ondan bunu etməsini istəyin. Allah Musaya (ə) Fironun yanına getməsini və ona yol göstərməsini əmr edəndə Musa (ə) Allahdan daha yaxşı ritorika məharətinə sahib olan qardaşı Harunu (ə) onunla göndərməsini xahiş etdi: “Və qardaşım Harunun dili mənimkindən daha fəsahətlidir. Buna görə onu da mənimlə göndər…”1
İkincisi, bəzən bir dəfə demək təsir göstərmir, ancaq müxtəlif ifadə tərzi ilə təkrar etmək öz təsirini qoyur. Necə ki, sərt, möhkəm ağac baltanın bir zərbəsi ilə qırılmır, təkrar zərbələr endirməklə məqsədə çatmaq olur. Quranda deyilir ki, sözlərimizi müxtəlif formalarda ifadə etdik ki, bəlkə, təsiri oldu: “Həqiqətən, Biz bu Quranda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün müxtəlif açıqlamalar gətirdik…”2
Üçüncüsü, ola bilsin ki, bizim metodumuz düzgün olmadığı üçün işə yaramır. Çünki “əmr be məruf” və “nəhy əz münkər”in şərtləri və prinsipləri vardır və hər bir pisliyə ona uyğun şəkildə davranmaq lazımdır. Paltarınıza bəzən toz, bəzən də his çökür. Paltara güclü zərbə vursanız, toz təmizlənəcək, amma eyni zərbə ilə his olmuş hissəyə vursanız, hər iki əliniz qaralacaq və his paltarın içinə nüfuz edəcək. Paltara çökmüş hisin çıxarılma yolu üfürmək, tozun təmizlənmə yolu isə çırpmaqdır. Buna görə də hər bir pislik xüsusi bir şəkildə həll edilməlidir. Quranda deyildiyi kimi, gərək hər bir evə qapısından daxil olasan.
Dördüncüsü, insanları fitnə-fəsaddan uzaqlaşdırmaq üçün onlara halal yollar təqdim olunmalıdır. Həzrət Lut (ə) camaatın onun qonaqlarına pislik etmək niyyətində olduğunu gördükdə dedi: “Qızlarımı sizə ərə verməyə hazıram ki, siz mənim qonaqlarımdan əl çəkəsiniz. Mən sizin üçün halal yol açıram ki, günaha batmayasınız”3. Və qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: “Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!” (Hud surəsi, 78)


1. Qəsəs surəsi, ayə 34 

وَأَخِي هَارُونُ هُوَ أَفْصَحُ مِنِّي لِسَانًا فَأَرْسِلْهُ مَعِيَ رِدْءًا يُصَدِّقُنِي ۖ إِنِّي أَخَافُ أَن يُكَذِّبُونِ

2. İsra surəsi, ayə 41

وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِيَذَّكَّرُوا وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًا

3. Hud surəsi, ayə 78 

وَجَاءَهُ قَوْمُهُ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا يَعْمَلُونَ السَّيِّئَاتِ ۚ قَالَ يَا قَوْمِ هَٰؤُلَاءِ بَنَاتِي هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ فِي ضَيْفِي ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌ رَّشِيدٌ

 

 

SUAL: İnsan “Allahdan başqa ilah yoxdur” (La ilahə illəllah) cümləsini deməklə necə xilas ola bilər?
CAVAB: Baxmayaraq ki, rəvayətdə: “La ilahə illəllah” deyin, xilas olun”1 deyilmişdir, lakin bu ifadəni deməkdə məqsəd təkcə dilin hərəkəti deyil, tövhid etiqadıdır.
“Fəlahət” sözündən olan “tuflihu” sözü göyərmək, bitmək deməkdir. Ona görə əkinçiyə “fəllah” deyilir ki, toxumun bitməsi üçün şərait yaradır.
Toxumun torpaqda bitməsi üçün üç mərhələni keçməsi lazımdır:
1. Köklərini torpağın dərin qatlarına çatdırmalıdır;
2. Lazımi qidaları qəbul etməlidir;
3 . Açıq fəzaya çatmaq üçün başının üstündəki maneələri dəf etməlidir.
Əgər insan tövhidin açıq fəzasına çatmaq istəyirsə, inanclarını dərin təfəkkür və məntiqə bağlamalı, böyüməsi üçün mövcud olan bütün imkanlardan istifadə etməli və onları mənimsəməlidir. Həmçinin inkişafının qarşısını alan maneələri dəf etməlidir. Deməli, nicat tapmaq ilahi yolda dərinləşmək, səy göstərmək və hərəkət etməkdən asılıdır.


1. Biharul-ənvar, cild 18, səh.: 202

یَا اَیُّهَا النَّاسُ قُولُوا لَا اِلَهَ‌ اِلَّا اللَّهُ‌ تُفْلِحُوا

 

 

SUAL: Necə demək olar ki, cəhənnəmin əzabına səbir edə bilərəm, amma Allahdan ayrılığa dözə bilmərəm?
CAVAB: Ana uzaq bir yerdə oxuyan və ya xidmətdə olan övladını ziyarət etmək üçün səfərin çətinliyinə, soyuğa və istiyə dözür, lakin getdiyi yerə çatanda övladının buradan başqa yerə köçürüldüyünü söyləsələr, ana belə deyər: “Mən soyuğa, istiyə və səfərin çətinliyinə dözərəm, amma uşağımın ayrılığına necə dözüm?!” Həzrət Əli (ə) “Kumeyl” duasında buyurur: “İlahi! Tutaq ki, Sənin əzabına səbir etdim, bəs ayrılığınla necə barışım?”1


1. Kumeyl duası

يَا إِلَهِى وَسَيِّدِى وَمَوْلاَىَ وَرَبِّى، صَبَرْتُ عَلَى عَذابِكَ، فَكَيْفَ أَصْبِرُ عَلَى فِرَاقِكَ 

 

 

SUAL: İnsan azaddır, yoxsa məcbur? Azadlığın sərhədi hara qədərdir?
CAVAB: Allah insanı azad yaratmış və ona öz əməllərini seçmək hüququ vermişdir.1 Baxmayaraq ki, bəziləri belə demişlər: “İnsan öz əməllərində məcburdur və elə güman edir ki, azaddır”. İnsanın iradə azadlığının bir çox səbəbləri var ki, onlardan bəzilərini qeyd edirik:
a) Hər bir insan bəzən bir işi edib-etməməkdə şəkk-şübhəyə düşür. Bu şübhə onun nəyisə edə bilib-bilməmək məsələsindəki azadlığının səbəbidir.
b) Bəzən insanlar bir-birinin işini tənqid edirlər. Tənqid həm də işgörənin etdiyi işi bacarıb-bacarmamasına səbəbdir.
c) Hər bir insan həyatında dəfələrlə danışıq və davranışına görə peşman olub. Bu peşmanlıq onun sözügedən əməlləri edib-etməməkdə ixtiyar sahibi olmasına dəlalət edir. Ona görə də həmin şəxs öz-özünə deyir: “Kaş ki filan davranışa yol verməyəydim!”
d) Bütün insanlar öz övladlarına təhsil verir və ya onları müəllimlərə, məşqçilərə tapşırır. Bu, insan övladının əyri yoldan çıxıb doğru yola getməsinə bir səbəbdir.
Aydın oldu ki, şübhə, tənqid, peşmanlıq və təhsil insan azadlığının səbəblərindəndir. Bundan əlavə, azadlıq bütün insanların, həm də heyvanların arzusudur. Əgər pişiyi qəfəsə salıb onun üçün qəfəsə hər cür yemək qoysanız, görəcəksiniz ki, o yenə də narahatdır. Pişik qəfəsdə verilən ən dadlı yeməyə deyil, küçədə tapdığı ən sadə qidanı yeməyə üstünlük verir.
Əgər Cənnətdə də azadlıq olmasa, mömin əziyyət çəkər. Buna görə də möminlər Cənnətə girəndə orada verilən azadlıq üçün Allaha şükür edərlər.
Bütün bunlara baxmayaraq, insan Allahın quludur və onun əmrlərinə tabe olmalıdır.
Əgər azadlığın hüdudları məlum olmasa və insan azadlığını öz nəfsinə və şəxsi istəklərinə və ya başqalarının istəklərinə qurban versə, onu həlakət vadisinə çəkər.
Azadlıq Allahın əmrləri və ağıl çərçivəsində olmalıdır ki, başqalarını öz azadlıqlarından məhrum etməsin.


1. Bəqərə surəsi, ayə 256 – Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir.

لَا إِكْرَاهَ فِي الدِّينِ ۖ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ ۚ فَمَن يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىٰ لَا انفِصَامَ لَهَا ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ

Nisa surəsi, ayə 80 – Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz səni onlara gözətçi göndərməmişik.

مَّنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللّهَ وَمَن تَوَلَّى فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا

 

 

SUAL: Nə üçün Allah azacıq şirk və riya ilə olunan əməlləri qəbul etmir?
CAVAB: Allah buyurur: “Mən şəriklərin ən yaxşısıyam, əgər kimsə məqsədi həm mən, həm də başqası üçün olan bir əməli yerinə yetirsə, mən öz payımdan keçərəm ki, həmin şəxs əməlin savabını mənə şərik qoşan şəxsdən alsın”.1 Bəli, bütün yaradılmışları Allahın kənarında qoymaq ilahi məqama təhqir, Pərvərdigara iftira və böyük günahdır.2
Əgər kimsə sənə səni və daşı sevirəm deyirsə, bu sizə təhqir hesab olunur. Desə ki, hazırladığım yeməyi həm siz, həm də pişiyim yeyəcək, bu sizə qarşı təhqirdir.
Bundan əlavə, insanın Allahın əmrlərini yerinə yetirməkdə məqsədi xoşbəxtlik3, böyümək və kamilləşməkdir. İnsanın süqut etmə səbəblərindən biri şirk4 və riya ilə yerinə yetirdiyi əməllərdir. Əgər bir siçan yemək qazanına düşərsə, bütün yemək yararsız hala düşər.
Bir gün sərnişinlərlə bərabər təyyarədə olan bütün yerləşdirilmiş yükləri boşaltdılar və bizə belə dedilər: “Təyyarədə siçan görünüb”. Soruşduq: “Bütün bu sərnişinlər və yüklər siçana görə boşaldılmalıdır?” Dedilər: “Bəli, çünki bu siçovul naqillərdən birini çeynəyə bilər və pilotun hava limanı ilə əlaqəsi kəsilərək təyyarənin qəzaya uğramasına səbəb olar. Bəli, şirk siçanı ixlas telini çeynəyir və bəndə ilə Yaradan arasındakı əlaqə kəsilir.


1. Külliyat Hədisi Qudsi, səh.: 326

یقُولُ سُبْحَانَهُ: أَنَا خَیرُ شَرِیک، مَنْ أَشْرَک مَعِی شَرِیکاً فِی عَمَلِهِ فَهُوَ لِشَرِیکی دُونِی، فَإِنِّی لَا أَقْبَلُ إِلَّا مَا خَلَصَ لِی.

2. Nisa surəsi, ayə 48 – Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.

إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَاءُ ۚ وَمَن يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَىٰ إِثْمًا عَظِيمًا 

3. Bəqərə surəsi, ayə 25 – İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki onlara onun oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.

وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ۖ كُلَّمَا رُزِقُوا مِنْهَا مِن ثَمَرَةٍ رِّزْقًا ۙ قَالُوا هَٰذَا الَّذِي رُزِقْنَا مِن قَبْلُ ۖ وَأُتُوا بِهِ مُتَشَابِهًا ۖ وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ ۖ وَهُمْ فِيهَا خَالِدُونَ

4. Tövbə surəsi, ayə 17 – Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.

مَا كَانَ لِلْمُشْرِكِينَ أَن يَعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِينَ عَلَىٰ أَنفُسِهِم بِالْكُفْرِ ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَ

Mənbə: Təmsillər (Ustad Qiraəti)

Hazırladı:

Dərc edilib:

,