RƏCƏBİN İLK GECƏSİ və GÜNÜ

20

Mübarək Rəcəb ayının hörmətini qoruyub ona məxsus əməlləri yerinə yetirən möminləri “Rəcəbiyyun” (Rəcəb əhli) adlandırırlar. Qiyamət günü bir mələk səslənib çağırar: “Əynər-Rəcəbiyyun?!” Hardadırlar Rəcəb ayını hörmətli bilib, əməllərini yerini yetirənlər, ibadət edib Allaha bəndəlik edənlər?!

RƏCƏB AYININ BİRİNCİ GECƏSİNİN ƏMƏLLƏRİ

Bu şərafətli gecə üçün bir neçə əməl qeyd olunub.

1. Rəcəb ayının hilalını gördükdə oxunan dua:

اللَّهُمَّ أَهِلَّهُ عَلَیْنَا بِالْأَمْنِ وَ الْإِیمَانِ وَ السَّلامَةِ وَ الْإِسْلامِ رَبِّى وَ رَبُّكَ اللهُ عَزَّ وَ جَلَّ

Əllahummə əhilləhu ələyna bil-əmni vəs-səlaməti vəl-İslami, Rəbbi və Rəbbukəllahu əzzə və cəllə.

Nəql olunan digər hədisdə deyilir ki, peyğəmbərimiz Həzrət Muhəmməd (s) Rəcəb ayının hilalını gördükdə belə buyurardı:

اللَّهُمَّ بَارِكْ لَنَا فِى رَجَبٍ وَ شَعْبَانَ وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ وَ أَعِنَّا عَلَى الصِّیَامِ وَ الْقِیَامِ وَ حِفْظِ اللِّسَانِ وَ غَضِّ الْبَصَرِ وَلا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوعَ وَ الْعَطَشَ

Əllahumə barik ləna fi Rəcəbin və Şəbanə, və bəlliğna şəhrə Rəməzanə, və əinnna ələs-siyami vəl-qiyami və hifzil-lisani və ğəzzil-bəsəri, vəla təc`əl həzzəna minhul-cuə vəl-ətəş.

2. Qüsl etmək

Peyğəmbərimiz Həzrət Muhəmməd (s) buyurub: Hər kəs Rəcəb ayına daxil olsa o ayın əvvəlində, ortasında və sonunda qüsl etsə, günahlarından təmizlənərək dünyaya gəldiyi gün kimi günahsız olacaq.

3. İmam Hüseyni (ə) ziyarət etmək

İmam Hüseyn (ə) ağanın ziyarəti yaxından olarsa daha məqsədə uyğundur. Lakin hər kəs buna qadir olmadığı üçün uzaqdan ziyarət etmək də mümkündür. Bunun üçün İmam Hüseynin (ə) ziyarətnaməsini oxumaq və yaxud o Həzrətə (ə) olduğun hər bir məkandan salam verməklə də olar. Məfatihul-cinan kitabında o Həzrətin (ə) ziyarətnaməsi qeyd olunmuşdur.

4. Məğrib namazından sonra 20 rəkət namaz qılmaq. Yəni on dənə 2 rəkətli (sübh namazı kimi) namaz qılmaq müstəhəbdir. Bunu edən şəxsin ailəsi, malı, övladı hifz olunar və qəbr əzabından amanda qalar.

5. İşa namazından sonra 2 rəkət namaz qılmaq. Bu ayın birinci gecəsinin müstəhəb əməllərindəndir.

Rəcəb ayının birinci gecəsi niyyəti ilə iki rəkət namaz qılmaq:
1) Birinci rəkətdə Fatihə surəsindən sonra Şərh (94-cü) surəsini bir dəfə, Tövhid (112-ci) surəsini isə üç dəfə oxumalı,

2) İkinci rəkətdə isə Fatihədən sonra yenə Şərh surəsini oxumalı, sonra Tövhid, sonra Fələq və sonra isə Nas surələrini oxumaq lazımdır.

3) Namazı bitirdikdən sonra 30 dəfə “La ilahə illəllah” zikrini deyib sonra 30 dəfə salavat göndərilir.

RƏCƏB AYININ BİRİNCİ GÜNÜNÜN ƏMƏLLƏRİ

1. Oruc tutmaq

Rəvayət olunur ki, Həzrət Nuh (ə) bu gündə gəmiyə mindi və tərəfdarlarına bu gündə oruc tutmağı əmr etdi. Bu gündə oruc tutan şəxsdən cəhənnəm odu bir il uzaqlaşar.

2. Qüsl etmək

3. İmam Hüseyn ələyhissəlamı ziyarət etmək

İmam Cəfər Sadiq ələyhissəlamdan rəvayət olunur ki, hər kəs Rəcəb ayının birində İmam Hüseyni (ə) ziyarət etsə, Allah onu bağışlayar. (Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi o Həzrəti (ə) uzaqdan da ziyarət edənlərin ziyarəti inşallah qəbul olacaq).

Hazırladı:

Dərc edilib: