İMAM HADİNİN (ə) QEYBİ XƏBƏRLƏRİ
İmam Hadi ələyhissalam Allah-taala və qeyb aləmi ilə əlaqəli olduğuna görə o Həzrətdən (ə) bəzi möcüzələr görünmüşdür ki, Allahın qüdrətinin aşkar olmuş bariz nümunələrindən sayılır.
İmamın (ə) səhabələrindən biri İraqdan Mədinəyə gəlib o Həzrətin (ə) hüzuruna yetişmək şərəfinə nail oldu.
Həzrət Əliyyən-Nəqi (ə) ondan Abbasi xəlifəsi Vasiqin halını soruşdu. O, belə cavab verdi: ”Mən İraqdan çıxdığım zaman xəlifə sağ idi, Mütəvəkkil zindanda idi və İbni Zəyyat da xalq arasında məşhur olmuşdu.”
İmam (ə) isə belə buyurdu: “Allahın istədiyi olacaq. Dostum, bunu bil ki, Vasiq ölmüş, Mütəvəkkil onun yerinə keçmişdir. İbn Zəyyat isə Mütəvəkkilin əmri ilə öldürülmüşdür.”
İraqlı səhabə soruşdu: “Nə vaxt?”
İmam Hadi (ə) buyurdu: “Sən Bağdaddan çıxandan altı gün sonra.”
İMAM HADİNİN (ə) HAKİMLİYİ
Mütəvəkkil zamanında bir qadın Həzrət Fatimənin (s) qızı Zeynəb olduğunu iddia edirdi. Mütəvəkkil ona “Zeynəb çoxdan ölmüşdür, halbuki sən cavan bir qızsan” – dedi.
Həmin qadın belə dedi: “Doğrudur, amma Peyğəmbər (s) əlini mənim başıma sürtdü və dua etdi ki, həmişə cavan qalım. Buna görə də mən qırx ildən bir dəfə yenidən cavanlaşıram.” Mütəvəkkil bütün böyük alimləri toplayıb onlardan “Bu qadının iddiası barədə nə deyirsiniz?” – deyə soruşdu.
Onların hamısı “Yalan deyir!” – dedi.
Mütəvəkkil: “Yalan dediyini bilirəm. Lakin onu məhkum etmək üçün dəliliniz nədir?” – soruşdu.
Onlar isə belə dedi: “Biz bilmirik, bu məsələni İmam Hadi (ə) həll etməlidir.”
Mütəvəkkil dərhal İmamı (ə) çağırtdırıb əhvalatı olduğu kimi ona danışdı. Həzrət (ə) belə buyurdu: “Əgər doğru deyirsə, onu qəfəsdə saxladığınız şirlərin yanına aparın. Çünki yırtıcı heyvanlar Fatimənin (əs) övladlarına toxunmaz və onların ətini yeməzlər.” Mütəvəkkil həmin qadına “Nə deyirsən?” – dedi. Qadın dedi: ”Bu adam məni öldürmək istəyir. Əgər düz deyirsə, özü bu işi görsün.”
Mütəvəkkil dedi: “Doğru deyir, özün əvvəlcə bu işi gör!”
İmam (ə) buyurdu: ”Eybi yoxdur!“ Sonra qəfəsdəki şirlərin yanına gedib onların arasında əyləşdi. Hamı heyrətlə gördü ki, şirlər İmamın (ə) qarşısında ehtiramla oturub və bəzən özlərini ona sürtür, Həzrət (ə) də mehribanlıqla şirlərin baş-qulağını oxşayır. Həzrət (ə) daha sonra şirlərə əmr etdi ki, qırağa çəkilib yol açsınlar. Şirlər də bir küncə çəkildilər. İmam (ə) qəfəsdən çıxıb Mütəvəkkilin yanına gəlib buyurdu: “Ey qadın! İndi növbə sənindir.” Həmin qadın ağlayıb yalvarmağa başladı və dedi: “Mən filankəsin qızıyam, bir hiylə qurmaq istədim, lakin hiyləm baş tutmadı.”
İMAM HADİ (ə) MÜTƏVƏKKİLİN MƏCLİSİNDƏ
Xalqın Həzrət Hadiyə (ə) bəslədiyi məhəbbətdən narahat olmuş xudbin Abbasi xəlifəsi Mütəvəkkil həmişə İmamı (ə) öldürməyi düşünürdü. Bir gün ona xəbər gətirdilər ki, İmam (ə) qiyam etmək istəyir və bu məqsədlə də evində silah və pul gizlədibdir. Mütəvəkkil məmurlarına əmr etdi ki, gecəyarısı Həzrətin (ə) evinə basqın edib hər yeri axtarsınlar, tapdıqları pul və silahları İmamla (ə) birlikdə onun hüzuruna gətirsinlər.
Mütəvəkkil sarayında kef məclisi qurmuşdu; çalğıçılar çalır, müğənnilər isə oxuyurdu. O, səbirsizliklə İmamı (ə) gətirəcəkləri anı gözləyirdi. Məmurlar nərdivanla İmamın (ə) evinin damına çıxıb oradan evə girdilər. O Həzrəti otaqların birində namaz halında gördülər. Onlar otaqları nə qədər gəzsələr də azca pul və bir qılıncdan başqa bir şey tapmadılar. Onları götürüb Həzrətlə (ə) birlikdə Mütəvəkkilin hüzuruna apardılar.
İmam Hadi (ə) məclisə girəndə Mütəvəkkil onu öz yanında oturtdu və bir şərab badəsini o Həzrətə (ə) tərəf uzatdı. İmam (ə) belə buyurdu: “Allaha and olsun ki, əlimi ona vurmayacağam!” Sərxoş Mütəvəkkilin gözü heç bir şeyi görmürdü, buna görə də İmama (ə) “Onda mənim üçün bir şeir oxumalısan!” – dedi. Həzrət (ə) buyurdu: “Mən ulu babam Əlidən (ə) yadigar qalan şeirdən başqa heç bir şeir bilmirəm.” Mütəvəkkil “Onu oxu!” – dedi.
İmam (ə) babası Əlinin (ə) hidayət edici və təsirli şeirini oxuyub Mütəvəkkilin vücudunda tufan qopartdı. Elə ki, Mütəvəkkil özünə gəldi, ağladı. Sonra da əmr etdi ki, İmamı (ə) ehtiramla evinə qaytarsınlar. İmamın evindən gətirdikləri pulun üstünə bir miqdar da pul qoyub İmama (ə) qaytardı. İmamın (ə) oxuduğu şeirin bir hissəsinin tərcüməsi belədir:
“Onlar hündür zirvələri özləri üçün ev etdilər və daima silahlı kişiləri keşikçi qoydular, lakin heç biri ölümdən qaça bilmədi.
Nəhayət, təmtəraqlı saraylarından qəbir çuxruna çəkildilər və bədbəxtliklə ora girdilər.
Bu vaxt haqqın səsi ucaldı: Hara getdi o zinətlər, taclar, təntənə və calal? Hara getdi başqalarının sərvətilə bəslənən və onlara iftixar edən ərköyün simalar?
Qəbir onları rüsvay etdi və onların üzü qurdların ziyafət meydanına çevrildi.
Onlar vaxtilə istəklərini yeyib içirdi, lakin bu gün heyvanlara yem olublar.”
İmamın (ə) səmavi ahənglə oxuduğu öyüd dolu şeriləri Mütəvəkkilə elə təsir etmişdi ki, badəni yerə vurub sındırdıqdan sonra ağlamağa başlamışdı.
İMAM ƏLİYYƏN-NƏQİNİN (ə) ŞƏHADƏTİ
Abbasilərin rəhmsiz xəlifəsi Mütəvəkkildən sonra İmam Hadi (ə) yenə də əzabda və sıxıntıda yaşadı. Nəhayət 40 yaşında ikən Mö`təzzin əli ilə şəhid edildikdən sonra İmam Əliyyən-Nəqi (ə) Samirrada torpağa tapşırıldı.
İMAM ƏLİYYƏN-NƏQİNİN (ə) TƏLƏBƏLƏRİ
İmam Hadinin (ə) şiddətli nəzarət altında olmasına və xalqla əlaqəsinin kəsilməsinə baxmayaraq, elm aşiqlərindən bir dəstə İmamla (ə) gizli əlaqə saxlayıb, o nur və elm çeşməsindən bacardıqları qədər bəhrələndilər.
Həmin şagirdlərdən bəziləri bunlardan ibarətdir:
1. Öz zəmanəsinin böyük alimlərindən sayılan və pərhizkarlığı ilə şöhrət qazanan Əbdüləzim Həsəni.
İmam Hadi (ə) dəfələrlə öz əshabına buyurmuşdu: “Bir məsələ ilə qarşılaşdığınız zaman, Əbdüləzimdən soruşun və mənim salamımı ona yetirin!” Bir dəfə Əbdüləzim öz etiqadlarını İmama (ə) bəyan etdikdə İmam (ə) buyurdu:
“Allaha anda olsun ki, dediklərin Allah-taalanın öz bəndələri üçün bəyəndiyi həqiqi etiqaddır.”
İmamların nəslindən olan Əbdüləzim təqibə məruz qalıb Rey şəhərində gizləndi və elə orada da xəstələnib vəfat etdi. Onu ziyarət etdiyi Həzrət Həmzənin qəbrinin yanında dəfn etdilər.
2. Həzrət Riza (ə), Həzrət Cavad (ə) və Həzrət Hadinin (ə) əshabından olan və onların hamısından rəvayət nəql edən Həsən ibni Səid Əhvazi.
İbni Səid, əvvəlcə Kufədə yaşayırdı, sonra qardaşı ilə Əhvaza, oradan da Quma gəldi , orada da vəfat etdi. O, fiqh və İslam əxlaqı mövzularında otuz cildə yaxın kitab yazmışdır. Onun dedikləri və rəvayətlərini alimlər qəbul edir. Mərhum Məclisi və Əllamə onun məqamını yüksək qiymətləndirmişlər.
3. Savadlı, elmli fəqih və bacarıqlı natiq Fəzl ibn Şazan Nişaburi.
Həmişə İmamın dostları ilə oturub-durar və onlardan faydalanardı. Özü də İmam Hadinin (ə) dəyərli əshabından sayılırdı. Onun yazdığı kitabların sayı təxminən yüz səksən cilddir. O, İmam Hadidən (ə) sonra İmam Həsən Əskərinin (ə) səhabələrindən oldu və bir gün İmamın (ə) məclisinə daxil olduqda, Həzrət (ə) onu tərifləyib Xorasan əhalisinə tapşırdı ki, ondan və əsərlərindən istifadə etsinlər. Təqibə məruz qaldığına görə Beyhəqə gedib orada xəstələndi və İmam Əskərinin (ə) zamanında vəfat etdi.
Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi