İMAM CAVADIN (ə) TƏVƏLLÜDÜ
Səkkizinci iİmamın (ə) şərəfli ömründən qırx ildən çox ötsə də Həzrətin (ə) oğlan övladı olmamışdı. Səbri daralan şiələr Allahdan gözlədikləri oğulu o Həzrətə əta etməsini diləyirdi.
Çünki keçmiş rəhbərlərindən doqquzuncu imamın səkkizinci imamın oğlu olacağını eşitmişdilər. Onlar bəzən İmamın (ə) hüzuruna gələrək o Həzrətdən canişini haqqında müxtəlif suallar soruşurdu. Həzrət (ə) isə onların cavabında buyururdu: “Allah-taala mənə bir oğlan verəcəkdir ki, mənim varisim və məndən sonrakı imam olacaqdır.”
Nəhayət 195-ci hicri ili rəcəb ayının onunda şiələrin intizarı sona çatdı və İmam Muhəmməd Təqi (ə) Xəyzüran adlı xanımdan dünyaya gəldi. Xəyzüran, Peyğəmbərin (s) həyat yoldaşı Mariyə Qibtiyyənin nəslindən idi. Mariya, ərəblərin arasında paklıq və insanlıq kimi dəyərli sifətləri ilə tanınırdı.
Həzrət Muhəmməd ibni Əlinin (ə) ləqəblərinə misal olaraq Təqi və Cavad adlarını nümunə göstərmək olar.
İmam Rizanın (ə) bacısı Həkimə belə deyir: “Həzrətin (ə) dünyaya gəldiyi gecə qardaşım mənə əmr etdi ki, həyat yoldaşının yanında olum. Körpə dünyaya gəldikdən sonra göyə baxıb tövhid və İslam peyğəmbərinin (s) risalətinə şəhadət verdi. Mən bu hadisədən təəccüblənərək qardaşımın yanına gəlib əhvalatı olduğu kimi ona danışdım.” Qardaşım isə mənim cavabımda buyurdu: “Bacı, narahat olma, hələ bundan sonra da maraqlı hadisələrin şahidi olacaqsan.”
Bu təvəllüd çox mübarək və ümidverici idi. Çünki şiələri çaşqınlıq və şək-şübhədən qurtarmışdı.
Bu barədə Nofəli belə demişdir: “Həzrət Rizadan (ə) Xorasan səfəri əsnasında “Mənə görə bir əmriniz varmı?” – deyə soruşdum. Həzrət (ə) buyurdu: “Sən məndən sonra övladıma tabe olmalı və məsələlərini ondan soruşmalısan!”
İmam Riza (ə) həmişə əshabına belə buyurardı: “Mənə yazıb məndən soruşmağınız lazım deyil. Məndən sonra imam olacaq bu balaca uşaqdan soruşun!” Əshabından bəziləri bu uşağın ümmətə rəhbərlik vəzifəsini necə yerinə yetirəcəyini təəccüblə soruşduqda, o Həzrət (ə) buyurardı: “Allah-taala Həzrət İsanı (ə) Əbu Cəfərdən daha kiçik ikən peyğəmbərliyə seçdi. Peyğəmbərlik və imamlıqda yaşın müəyyən bir təsiri yoxdur.”
Doqquzuncu imam, Həzrət Cavad (ə) doqquz yaşında ikən imamlıq məqamına çatdı. İmamın (ə) əshabından biri bu barədə belə deyir: “Mədinədə o Həzrətin (ə) əmisi Əli ibn Cəfər xalq arasında xüsusi hörmət sahibi idi və hər vaxt məscidə gəldikdə hamı ətrafına yığışıb məsələlərini ondan soruşardı.
Bir gün İmam Cavad (ə) məscidə gəldi və qoca olan Əli ibn Cəfər ayağa qalxıb İmamın (ə) əlindən öpdü və elə ayaq üstə də durdu. İmam (ə) buyurdu: “Əmi, əyləş!“ Əli ibn Cəfər isə belə dedi: “Siz ayaq üstə olduğunuz halda mən necə otura bilərəm?” Daha sonra Əli ibn Cəfər öz dostlarının yanına qayıtdıqda onlar onu danlayıb dedi: “Sən onun əmisi və qoca kişisən, nə üçün ona bu qədər hörmət edirsən?” Əli ibn Cəfər dedi: “Susun! İmamlıq İlahi bir mənsəbdir. Allah imamətə bu qoca kişini yox, bu uşağı layiq bilmişdir. Sizin borcunuz da onun əmrinə tabe olmaqdır.”
İMAM CAVADIN (ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
Atası vəfat edən zaman İmam Muhəmməd Təqi (ə) hələ uşaq idi, lakin heç vaxt uşaqlığa xas olan yersiz və mənasız işlər görməzdi. Bir gün atası sağ ikən dostlarından biri o Həzrət (ə) üçün oyuncaq alıb gətirmişdi. Oyuncağı görən İmam Cavad (ə) narahat olub buyurdu: “Bunlar nəyə lazımdır? Biz elm və fəzilət ailəsiyik!”
Həzrət Rizanın (ə) şəhadətindən bir il sonra Mə`mun bir dəstə atlı ilə ova çıxmışdı. Küçədə uşaqlar oynayırdı, bir uşaq da qıraqda dayanıb onların oynuna baxırdı. Uşaqlar Mə`munla atlılarını görən kimi qaçıb getdilər. On bir yaşlı uşaq isə yerində dayanıb durdu. Mə`mun yaxınlaşıb “Ay oğlan! Bəs sən niyə o birilər kimi qaçmadın?” – deyə soruşduqda həmin oğlan belə buyurdu: “Yol elə də darısqal deyildi ki, sənin yolunu tutmuş olam. Bir pis iş də görməmişəm ki, qorxam. Sizin səbəbsiz olaraq birini incidəcəyinizi də güman etmirəm. Demək qaçmağım mənasız idi.”
Məmun bu uşağın ədəb və cəsarətindən heyrətə gəlib soruşdu: “Adın nədir?”
Cavab verdi: “Muhəmməd”.
Soruşdu: “Kimin oğlusan?”
Dedi: “Əlinin (ə) oğlu”.
Məmun soruşdu: “Sən Həzrət Rizanın (ə) oğlu deyilsənmi?”
Cavab verdi: “Bəli!”
Məmun ona afərin deyib atlıları ilə çıxıb getdi.
HƏZRƏT RİZANIN (ə) OĞLU İMAM CAVADA (ə) MƏKTUBU
Bəzənti deyir: ”Bir gün Həzrət Riza (ə) Mədinədə olan oğluna belə bir məzmunda məktub yazdı: “Övladım, eşitdiyimə görə qulluqçular icazə vermir ki, xalq sizinlə asanlıqla əlaqə yaradıb məsələlərini soruşsun. Bunu bil ki, onlar sənin xeyir və səadətini istəmirlər. İndi isə sənə əmr edirəm qapın hamının üzünə açıq olsun ki, səndən bir şey soruşmaq istədikdə imkan tapsınlar. Bir yerə getmək istədikdə mütləq yanında pul götür ki, ehtiyacı olan bir şəxslə qarşılaşdıqda ona kömək edə biləsən. Çətinlikdə olan qohumlarını unutma, onların vəziyyətilə yaxından və ən yaxşı şəkildə maraqlan. Heç vaxt yoxsullara kömək və yardım etməyi unutma!”
HƏZRƏT CAVADIN (ə) QEYB ALƏMİ İLƏ ƏLAQƏSİ
İmam Rizanın (ə) şəhadətindən sonra alimlərdən ibarət səksən nəfər zəvvar müqəddəs həcc mərasimini yerinə yetirmək üçün Məkkəyə getdi. Onlar yol üstü Mədinəyə gəlib İmamın (ə) evinə də baş çəkdilər. Hələ uşaqlıq dövrünü yaşayan İmam Cavad (ə) məclisə daxil olduqda hamı onun ehtiramına ayağa qalxdı. Daha sonra onları maraqlandıran məsələləri soruşub cavab aldılar və çox sevindilər.
Onlardan İshaq adlı birisi deyir:
–Mən İmamdan (ə) soruşmaq üçün bir neçə məsələ yazmışdım. Eləcə də ondan Allahın mənə bir uşaq verməsi üçün dua etməsini xahiş edəcəkdim. Məclis çox izdihamlı olduğundan gedib sabah gəlmək istəyirdim ki, İmamın (ə) gözü mənə sataşdı və belə buyurdu: “Ey İshaq! Allah istəyini qəbul etdi və sənə bir oğlan uşağı verəcəkdir. Adını Əhməd qoy!” Daha sonra məsələlərimin cavabını verdi. Soruşmadığım məsələlərin cavabını İmamdan (ə) eşitmək məni olduqca heyrətləndirdi və öz-özümə dedim ki, bizə bu neməti əta edən Allaha şükür olsun. Bu Allahın höccətidir.
Mən öz şəhərimizə qayıtdım və çox keçmədən, İmamın (ə) dediyi kimi, Allah mənə bir oğlan uşağı əta etdi ki, adını Əhməd qoydum.”
Əşəri Qumi isə deyir: “İmamın (ə) hüzuruna gedib dedim ki, sizin tərəfdarlarınızdan olan bir qadın məndən özünə kəfən etmək üçün sizin paltarlarınızdan birini ona aparmağımı istəyibdir.” Həzrət (ə) buyurdu: “Onun artıq bu işə ehtiyacı yoxdur.”
Mən İmamın sözünü yaxşı başa düşməsəm də bir söz demədən xudahafizləşib getdim. Sonradan xəbərdar olum ki, həmin qadın mən İmamın (ə) hüzuruna getməmişdən bir neçə gün qabaq ölübmüş və İmam (ə) da onun öldüyünü bildirmək istəyirmiş.”
Üməyyə deyir: “Həzrət Riza (ə) Xorasanda olanda mən doqquzuncu İmamın (ə) evinə gəl-get edirdim. Bir gün o Həzrət (ə) öz qohumlarına buyurdu: “Sabah əzadarlıq üçün hazırlaşın!“ Mən “Kimin əzadarlığına?” – deyə soruşduqda Həzrət (ə) belə buyurdu: “Yer üzündə ən yaxşı insan olan atam Həzrət Rizanın (ə) əzadarlığına.”
İmamın (ə) əshabından olan Əbasəlt isə bu barədə belə deyir. “İmam Rizanın (ə) şəhadətindən sonra Mə`munun əmrilə zindana düşdüm. Bir il zindanda qaldım. Çox darıxmışdım. Bir gecə oyaq qalıb ibadət və dua etməklə məşğul idim və İmamı (ə) köməyə çağırırdım. Hələ duamı bitirməmişdim ki, Həzrət Rizanın (ə) oğlu İmam Cavadı (ə) öz yanımda gördüm. O, mənə belə buyurdu: “Ey Əbasəlt, deyəsən yaman darıxmısan?“ Dedim: “Bəli, ey İmam!” İmam (ə) yaxınlaşıb zəncirlərə toxundu və birdən onların hamısı yerə töküldü. Sonra “Ayağa qalx!” – deyə məni zindandan çıxartdı və belə buyurdu: “Get, bundan sonra Mə`munu görməyəcəksən və onun tərəfindən sənə əzab-əziyyət olmayacaq!” Sonralar elə İmamın (ə) dediyi kimi də oldu.”
Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi
Səsləndirdi: Zülfiyyə Babayeva
Ardı var …