İMAM CAVADIN (ə) EVLƏNMƏSİ
Mə`mun, İmam Rizanı (ə) zəhərləyəndən sonra camaatı İmamın öz əcəlilə öldüyünə inandırmağa çox çalışdı, lakin getdikcə hiyləsi aşkara çıxdı və şiələr-ələvilər Mə`munun bu cinayətini başa düşdü. Elə buna görə də hər tərəfdə Məmunun əleyhinə üsyanlar baş qaldırdı.
Məmun üsyançıların qarşısını almaqdan ötrü İmam Rizanın (ə) oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o Həzrətlə evləndirməyi qərara aldı. Abbasilər bu işə mane olmağa cəhd etsələr də, o qəbul etməyib dedi: “Siz onu tanımırsınız. Əgər tanısaydınız mənə Allahın ən yaxşı bəndəsini və xalqın biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən əl çəkin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm.”
Abbasilər, Yəhya ibn Əksəmin yanına gələrək ondan bir neçə məsələ hazırlayıb Mə`munun məclisində İmam Cavaddan soruşmasını istədilər. Yəhya onların istəyini qəbul etdi. Onlar da, Mə`munun yanına gəlib İbn Əksəmin razı olduğunu bildirdikdə, Mə`mun bu iş üçün xüsusi bir gün təyin etdi. Abbasilər, Yəhya ibn Əksəmlə birlikdə məclisə gəldilər. Təntənəli bir məclis qurulmuşdu. Böyüklərin hamısı həmin məclisdə iştirak edirdi. Bu arada İmam Cavad (ə) məclisə daxil oldu, hamı ayağa qalxdı. O Həzrət, Mə`munun yanında əyləşdi. İmama (ə) cavabını verə bilmədiyi suallar verilməsini tələb edən Mə`mun İmama (ə) “Yəhya ibn Əksəm sizdən bəzi məsələləri soruşmaq istəyir.” – dedi. Həzrət (ə) buyurdu: “İstədiyi məsələni soruşsun.”
Yəhya dedi: “Ehram paltarı geyib Allahın evinin ziyarətinə gedən və orada bir heyvan ovlayan şəxs barədə nə deyirsiniz?”
Həzrət (ə) buyurdu: “Ey Yəhya, bu məsələnin müxtəlif formaları var. Onlardan hansını soruşursan?”
“Bu şəxs hərəmin içində imiş, yoxsa bayırında?
“Bu işin haram olduğunu bilirmiş ya yox?”
“Heyvanı qəsdən öldürüb yoxsa səhvən?”
“Qul imiş, ya azad?”
“Bu işindən peşman olub, yoxsa işinə davam etmək istəyir?”
“Heyvanı gecə ovlayıb, ya gündüz?”
“Birinci dəfə imiş, yoxsa ikinci yaxud üçüncü dəfə?”
“Heyvan quş imiş ya yox?”
“Böyük imiş ya kiçik?”
İmamın (ə) məsələni bu cür xırdalaması Yəhyanı çaş-baş qoydu və məğlubiyyət nişanələri üzündə aşkar olaraq dili tutuldu. Məclisdə olanların hamısı İmama (ə) afərin dedi. Sonra Həzrət (ə) Yəhyaya belə buyurdu: “Mən də sizdən bir məsələ soruşmaq istəyirəm.”
Yəhya dedi: “Buyurun, əgər cavabını bilsəm, deyərəm. Əgər bilməsəm, sizdən eşidib istifadə edərəm.”
İmam (ə) Yəhyadan bir məsələ soruşdu.
Hamı susub Yəhyanın cavab verməsini gözləyirdi. Abbasilər və Mə`munun tərəfdarları narahatlıqdan titrəyir və öz özlərinə deyirdilər: “Əgər Yəhya cavab verə bilməsə, hamımız rüsvay olacağıq və İmamın (ə) nüfuzu daha da artacaq.”
Elə bu vaxt saray alimi utandığından başını aşağı salıb belə cavab verdi: “Məsələnin cavabını bilmirəm. Özünüz buyurun biz də istifadə edək.”
İmam (ə) da gözəl bir bəyanla cavabı buyurub dostları şad, düşmənləri isə qəmgin etdi.
Bu vaxt Mə`mun Abbasilərə xitab edib dedi: “Sizin aranızda belə məsələlərə cavab verə bilən bir şəxs vardır?…
Cavab verdilər: “Allaha and olsun ki, yoxdur!”
Sonra Mə`mun elə həmin məclisdə qızı Ümmü Fəzli İmama (ə) ərə verdi.
MƏ`MUN BU İZDİVACDAN NƏ MƏQSƏD GÜDÜRDÜ?
1. Mə`mun bu evlilikdən siyasi məqsəd güdürdü. Çünki, qızını İmamın (ə) evinə göndərməklə o Həzrəti nəzarət altına salmaq və gördüyü işlərdən xəbərdar olmaq istəyirdi. Tarixdə yazılanlara görə Mə`munun qızı bu vəzifəni layiqincə yerinə yetirirmiş.
2. Bu izdivacla əlaqədar İmamı (ə) əyləncə və kef məclislərinə dəvət etmək və beləliklə də xalqın gözündə onun dəyərini aradan aparmaq istəyirdi. Hətta İmamın (ə) toyunda gözəl simalı kənizləri belə məcbur etmişdi ki, İmamın (ə) qabağında oxuyub-oynasınlar, lakin Həzrət (ə) fəryad edib özündən uzaqlaşdırmışdı.
İmamın Cavadın (ə) əshabından biri belə deyir: “Bağdadda İmamın (ə) hüzurunda idim və öz-özümə “İmam (ə) Mə`munun gözəl sarayını necə buraxıb Mədinəyə gedəcəkdir?” – deyə düşünürdüm. İmam (ə) mənə belə buyurdu: “Ey vəfalı dostum, bunu bil ki, duz-çörək yemək, qalın paltar geymək və Mədinədə Peyğəmbərin (s) hərəminin yanında olmaq mənim üçün bu yaşayış tərzindən daha dəyərli və üstündür.”
Buna görə də Mə`mun nə qədər israr etsə də İmam (ə) Bağdadda qalmayaraq arvadı Ümmü Fəzllə birlikdə Mədinəyə qayıtdı və 220-ci hicri ilinə qədər orada qaldı.
3. Mə`mun istəyirdi ki, qızının imamlıq məqamına çata biləcək bir oğlu olsun və beləliklə özü də bir növ iftixar sahibinə çevrilsin.
Axı Mə`mun qabaqkı rəhbərlərdən dünya hökumətini təşkil edəcək on ikinci imamın (əc) bu İmamın (ə) nəslindən olacağını eşitmişdi. Lakin Mə`munun qızının uşağı olmadı və İmam Hadi (ə), Musa Mübərqə və və İmamın (ə) digər övladları o Həzrətin (ə) pak və mehriban kənizindən dünyaya gəldi. Şükür olsun ki, Mə`mun bu arzusuna çatmadı.
İMAM CAVADIN (ə) ÖVLADLARI
İmam Cavad (ə) Mə`mun Abbasinin qızı Ümmül-Fəzldən övlad sahibi olmadığından, Ümmü-Vələd ləqəbi ilə məşhurlaşan “Səmanə” adlı digər bir qadınla evləndi və Şeyx Abbas Quminin qeydlərinə əsasən, bu evlilikdən dörd oğul və dörd qız dünyaya göz açdı: 1. İmam Əliyyən-Nəqi (ə); 2. Əbu Əhməd Musa Mübərqə; 3. Əbu Əhməd Hüseyn; 4. Əbu Musa İmran; 5. Fatimə; 2. Xədicə; 3. Ümmü-Gülsüm; 4. Həkimə. (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 2-ci cild, səh. 446)
Şeyx Müfid isə özünün “İrşad” kitabında İmam Cavadın (ə) dörd övladı – iki oğul və iki qızı olduğu haqda məlumat verir: 1. İmam Əliyyən-Nəqi; 2. Əbu Əhməd Musa Mübərqə; 3. Fatimə; 4. Əmamə.
İMAM CAVADIN (ə) ELMİ MƏQAMI
İmam Muhəmməd Təqinin (ə) Mə`munun məclisində məşhur saray alimini məğlub edərək bütün alimlərin diqqət mərkəzinə çevrildiyi öncədən bəyan edilib. Bu bölmədə isə Məmunun qardaşı, Abbasi xəlifəsi Mötəsimin məclisində baş vermiş əhvalatı qeyd edilir.
Bu hadisə saray alimlərini o qədər qəzəbləndirdi ki, hətta Mötəsimi İmamı (ə) öldürmək üçün təhrik etdilər.
Həmin əhvalat belə baş vermişdi:
“Bir oğrunu cəzalandırmaqdan ötrü Mötəsimin məclisinə gətirdilər. Lakin o, əvvəlcə məclisdəki alimlərdən öz nəzərlərini bildirmələrini istədi. Bu arada onların rəisi olan məşhur bir alim elə bir rəy söylədi ki, Mötəsim onun sözünü qəbul etmədi. Məsələni həll etmək üçün İmam Cavadı (ə) da həmin məclisə dəvət etdilər. Həzrət (ə) məclisə gəldikdə alimlərin hamısı İmamın (ə) ehtiramına ayağa qalxdı. Həzrət (ə) onların arasında əyləşib Quran və Peyğəmbərin (s) hədislərinə əsasən oğrunun cəzasını müəyyən etdi.
Mötəsim İmamın (ə) hökmünü qəbul edib həyata keçirilməsini əmr etdi. Məğlub olduqlarından olduqca narahat olan alimlər, İmam gedəndən sonra, Mötəsimin yanına gəlib dedi: “Siz bu işinizlə bizi məhkum edib şiələrə qiymət verdiniz. Şübhəsiz camaat başa düşəcək ki, siz və bizim hamımız nahaq, İmam (ə) və onun ardıcılları isə haqlıdır.”
Bu sözlər Mötəsimə çox təsir etdiyindən İmamı (ə) öldürmək qərarına gəldi.
ABBASİ XƏLİFƏSİ MƏ`MUNUN SONU
Məmuni-Əbdüs Misirdə xəlifə Mə`muna qarşı qiyam etdi. Mə`mun da bu qiyamı yatırtmaq üçün hərəkət edib onu məğlubiyyətə uğuratdıqdan sonra Rumu fəth etdi və tutduğu əsirlərlə bərabər geri döndü. Qayıdarkən Rəqqə adlı bir yerə çatdı. Orada Qüşəyrə adlı bir bulaq var idi, abü-havası xoş olduğuna görə çadır qurub orada bir müddət qalmaq istədiyini bildirdi. Mə`mun orada xəstələndi. O, Rəqqə və Qüşəyrənin mənasını öyrənəndən sonra bunun nəhs olduğunu güman etdi. Çünki, bir gün Rəqqə adlı bir yerdə öləcəyini eşitmişdi. Buna görə də daha da narahat olub titrəməyə başladı və elə orada öləcəyini anladı.
Nəhayət Mə`mun neçə günlük xəstəlikdən sonra orada öldü. Onun ölümündən sonra napak və daş qəlbli qardaşı Mötəsim onun yerində oturdu və İmam Cavadı (ə) yaxından nəzarət altında saxlaya bilsin deyə Həzrəti (ə) Mədinədən Bağdada gətirtdi.
İMAM MUHƏMMƏD TƏQİNİN (ə) SƏHABƏLƏRİ
İmam Cavadın (ə) zamanında şərait çox pis olduğundan daha az tələbə yetişdirildi. İmamın (ə) görkəmli tələbələrindən bəzisi bunlardır:
1. Əli ibn Məhziyar; O, İmamın (ə) xüsusi dostlarından idi, pak və zahid bir kişi sayılır və Əhvazda yaşayırdı. Əhli-beyt (ə) əsərlərini ehtiva edən təqribən 30 kitab ondan yadigar qalmışdır. Məhziyar axırda elə bir yüksək məqama çatdı ki, İmam (ə) onun haqqında belə yazdı: “Allahın adı ilə! Ey Əli! Allah sənə mükafat verəcək, səni öz cənnətində yerləşdirib iki aləmin nemətlərindən bəhrələndirəcəkdir. Mən xeyirxahlıq və xidmətdə sənin kimisini görməmişəm.”
2. Əbu Nəsr Bəzənti; O, Kufə əhalisindən və İmamın (ə) xüsusi əshabından idi. Onun fiqhi və elmi məqamını bütün şiə alimləri qəbul edir. Bu şəxs, İmam Rizanın (ə) hüzurunda olmuş və İmam (ə) ona xüsusi hörmət bəslədiyi şəxsdir.
3. Zəkəriyya ibn Adəm; Qum əhalisindən və İmamın (ə) dəyərli əshabından biri idi. Qəbri Qum şəhərindədir.
O, İmamın (ə) haqqında dua etdiyi və vəfalı dostu olaraq tanıdığı şəxsdir. Əshabından biri “Mənim yolum uzaqdır, buna görə də dini əhkamı sizdən soruşa bilmirəm” – dedikdə, İmam (ə) buyurmuşdu: “Din və dünya işlərində mənim əminim olan Zəkəriyya ibn Adəmlə məsləhət et!”
İMAM MÜHƏMMƏD TƏQİNİN (ə) ŞƏHADƏTİ
İmamın (ə) şəhid olması barədə müxtəlif rəvayətlər nəql olunmuşdur. Böyük tarixçi ibn Şəhraşub bu barədə belə yazır: “Mötəsim İmama (ə) qarşı bəslədiyi kin-küdurət üzündən İmamın (ə) arvadı Ümmü Fəzli o Həzrəti (ə) öldürməyə təhrik etdi. Müxtəlif vədə və həvəslər Ümmü Fəzli İmamı (ə) zəhərləyib şəhid etməyə vadar etdi. O Həzrət (ə) 220 ci hicri ili zil-həccə ayının 6-da çərşənbə axşamı 25 yaşında ikən, şəhid edildi. Pak bədənini babası İmam Museyi Kazimin (ə) qəbrinin yanında torpağa tapşırdılar. Bu iki imamın məzarı İraqda Kazimeyn adı ilə tanınır və şiələrin ziyarətgahıdır.
Kitаbın аdı: On dörd məsumu tanıyaq
Tәrcümә еdәn: A. Fəsihi