İMAM CAVADLA (ə) QISA TANIŞLIQ 🔈

112

HƏZRƏT MUHƏMMƏD TƏQİNİN (ə) TƏVƏLLÜDÜ
İmam Rizanın (ə) ömrünün sonuna bir neçə il qalmış İlahi bir kəramətlə İmam Cavad (ə) dünyaya gəldi. Hansı ki, İmam Riza (ə) dəfələrlə o Həzrətin (ə) təvəllüdünü xeyirli və bərəkətli bir təvəllüd kimi xatırlamışdı. Əbu Yəhya Sənani deyir: “Bir gün İmam Rizanın (ə) yanında idim, az yaşlı övladını yanına gətirdilər”. İmam (ə) buyurdu: “Bu həmin mövluddur ki, şiələrimiz üçün bundan daha bərəkətli mövlud doğulmamışdır”.

Şiələrdən “İbn Əsbat” və “Əbbad ibn İsmail” adlı iki şəxs belə deyir:
İmam Rizanın (ə) yanında idik. Əbu Cəfəri onun yanına gətirdilər və biz Həzrətə (ə) dedik ki, bu həmin xeyir-bərəkətli mövluddurmu? İmam (ə) buyurdu: Bəli, bu həmin mövluddur ki, İslamda ondan daha bərəkətlisi doğulmamışdır.

İmam Rizanın (ə) dövrü xüsusi bir dövr idi və canişin təyin etmək və növbəti imamı tanıtmaq bir sıra problemlərlə qarşılaşmışdı ki, öncəki imamların dövründə belə olmamışdı. Çünki, bir tərəfdən İmam Kazimin (ə) şəhadəti “vaqifiyyə” qrupunun yaranmasına səbəb oldu. Nəticədə bəzilər İmam Rizanı (ə) inkar etməyə başladılar. Başqa tərəfdən də İmam Rizanın (ə) qırx yeddi yaşına qədər övladı olmadı və Peyğəmbərin (ə) imamət haqqında on iki imamdan doqquzu İmam Hüseynin (ə) nəslindəndir deyə buyurduğu hədis artıq sual altına gedirdi və vaqifiyyə firqəsi də bunu əllərində dəlil tutaraq İmam Rizanın (ə) imamətini inkar edirdilər. Vaqifiyyə firqəsinin başçılarından olan “Hüseyn ibn Qiyama Vasiti” İmam Rizanı (ə) sonsuzluqda ittiham edərək belə yazır: Necə mümkün ola bilər ki, imam olasan amma övladın olmasın?! İmam Riza (ə) da cavabında belə yazır: “sən hardan bilirsən ki, mənim övladım olmayacaq? Allaha and olsun bir neçə gün keçdikdən sonra Allah mənə haqqı batildən ayıran bir oğul əta edəcəkdir”.

Çox keçmədən İmam Cavad (ə) dünyaya gələrək sözün əsl mənasında haqqı batildən ayırdı.

Əhli-Beyt (ə) məktəbinin davamçılarının doqquzuncu imamı Həzrət Muhəmməd ibni Əli ibni Musa (ə) kiçik yaşlarında imamət məqamına çatdı. Künyəsi “Əbu Cəfər” olan 11-ci məsum İmam Muhəmməd Təqi (ə), Təbərsinin “İ`lamul-vəra”1 kitabında qeyd etdiyinə əsasən hicrətin 195-ci ili Rəcəb ayının 10-da dünyaya göz açmışdır. Bəziləri isə o Həzrətin (ə) doğum gününü Ramazan ayında qeyd etmişlər.Həzrətin (ə) anası xanım Səbikə adlı iffətli bir qadın idi ki, əxlaqi fəzilətdə üstün bir məqama yetişmişdi, həmçinin öz dövründə ən üstün xanımlardan idi. Hətta İmam Riza (ə) o xanımı pak, fəzilətli xanım olaraq yad edir.3

İmam Cavadın (ə) atası şəhid ediləndə 8 yaşı və özü şəhadətə çatanda isə 25 yaşı var idi. İmam Rizanın (ə) dürdanəsi Bağdadın Qüreyş qəbristanlığında hazırkı Kazimeyn şəhərində cəddi İmam Kazimin (ə) qəbri kənarında dəfn edilmişdir.

İmam Cavad (ə) yetkinlik dövründə öz dövrünün ən alim şəxsi idi. Camaat yaxından və uzaqdan onun yanına gəlib elmi problemlərini onun vasitəsilə həll edərdi.

İmam Cavadın (ə) elmi haqqında bəzi qeyri şiə alimlərin nəzərləri:

İbn Həcər Heytəmi (Şafii) “Səvaiqul-muhərrəqə” kitabında belə deyir: Məmun onu öz kürəkəni seçdi, çünki az yaşı olmasına baxmayaraq elm və helmi baxımdan bütün alimlərdən üstün idi.

Mömin ibni Həsən ibni Mömin Şəblənci (Şafii) “Nurul-əbsar” kitabında gətiribdir: Məmun ona çox heyran olmuşdu, çünki az yaşı olmasına baxmayaraq öz fəzilət, elm və kamalı ilə əzəmətini aşkar etmişdi.

Əbu Osman Əmr ibni Bəhr Cahiz Mötəzili (Osmani), İmam Əli (ə) və ailəsinin düşmənlərindən olmasına baxmayaraq İmam Muhəmməd Təqinin (ə) elmi məqamının yüksəkliyinə etiraf edirdi. O, İmam Cavadı (ə) Əbu Talib övladlarından üstün hesab etdiyi on nəfərinin sırasına daxil edərək barələrində demişdir: “Onların hər biri alim, zahid, ibadətlə məşğul olan, şücaətli, səxavətli və pak insanlar olmuşlar. Ərəb ailələri arasında heç bir ailə şiə imamları kimi şərafətli deyil.4

İMAM CAVADIN (ə) BAŞQA İMAMLARA NİSBƏTƏN AZ TANINMASININ SƏBƏBİ

İmam Cavad (ə) iki dəstə səbəbə görə camaat arasında çox tanınmır. Biri məzhəbdaxili səbəblər idi, digəri isə siyasi və ictimai.

Birinci: Tarixi mənbələrə əsasən İmam Cavad (ə) səkkiz yaşında imamət məqamına çatır və iyirmi beş yaşında şəhid edilir. Həzrətin (ə) mübarək ömrünün qısa olması camaat, əsasən də şiələr arasında digər imamlardan az tanınmasına səbəb olurdu. Digər tərəfdən də İmamın (ə) yaşı onun şiələrlə birbaşa ünsiyyətinə əngəl yaradırdı. İmam Cavadın (ə) imamətinə şəkk edənlər və bəzən o Həzrəti (ə) inkar edənlərin də əks təbliğatı öz mənfi təsirini qoyurdu. Lakin bununla belə şiə mənbələrində zikr olunan hədislərə nəzər salsaq bir o qədər də İmam Cavaddan (ə) az hədis nəql olunmamışdır. Yəni bilməli olduğumuz o qədər mətləb vardır ki, təəssüflər olsun şiələrin əksəriyyətinin ondan xəbəri yoxdur. Əgər yazıçı və təhqiqatçılar İmam Cavadın (ə) həyat yolu, elmi və maarif işləri haqqında xalq üçün tədqiqat aparmaq istəsələr görərik ki, heç də bu əziz imamımızın haqqında olanlar digər imamlarımızdan az deyil.

İkinci: İmam Cavadın (ə) dövrünün özünəməxsus şəraiti o Həzrətin (ə) çox tanınmasına mane olurdu.
İmam Cavad (ə), dövrünün dərin ictimai-siyasi problemləri ilə üzləşmişdi. İmamın (ə) dövrü sanki hakimiyyət davası, iqtidarın itirilmə qorxusu, üsyanlar və xalq hərəkatlarınn burulğanına təsadüf etmişdi.

İMAM CAVADDAN (ə) BİR HƏDİS
İmam Cavad (ə) buyurur:
– Mömin üç xüsusiyyətə möhtacdır: Müvəffəqiyyəti Allahdan diləməyə, daxilindən bir möizə edənə, nəsihət edəndən nəsihəti qəbul etməyə.5

قال الامام محمد التقی الجواد علیه السلام: اَلمُؤمِنُ یَحتاجُ إلی ثَلاثِ خِصالٍ: تَوفیقٍ مِنَ اللهِ، وَ واعِظٍ مِن نَفسِهِ وَ قَبُولٍ مِمَّن یَنصَحُه – تحف العقول، ص ۴۵۷، بحارالأنوار، ج ۷۸، ص ۳۵۸، ح ۱

“Allahdan tofiq istəmək”
Tofiq” sözü müvəffəq – müvəffəqiyyət sözləri ilə eyni kökdəndir. Tofiqat da onun cəm formasıdır. Bir işə tofiq tapmaq yəni işin əncamına müvəffəq olmaq. Tofiq Azərbaycan dilində yəni uğur. Bu söz təklikdə hər hansı müsbət və ya mənfi yükə malik deyil. Tofiq xeyirli iş üçün əldə edilərsə müsbət məna verər, hər hansı günah və ya zülm üçün əldə olunarsa təbiidir ki, mənfi məna verəcəkdir.

Namaz qılmaq, oruc tutmaq, həccə getmək, xums və ya zəkat vermək kimi bütün ibadətlər yaxşı işlərin ən üstün nümunələri sayılır. Bunları istəmək imanda bir mərhələdir, bunları yerinə yetirmək isə digər mərhələ. Möminlər isə ən kiçik xeyir əməldə Allahdah uğur diləyirlər ki, istəkləri həyata keçsin, görmək istədikləri işləri yerinə yetirə bilsinlər. İstək mərhələsindən əməl mərhələsinə keçsinlər.

Hər işi görüb bitirmək üçün qəlbin istəyi, plan, cismani hazırlıq, zaman, maddi imkanlar, xaricdən mane olacaq amillərin olmaması və sair səbəblərin hamısının eyni vaxtda cəmləşməsi lazımdır. Bu səbəblər birlikdə şəxsə müvəffəqiyyət gətirir. Bu səbəblərin eyni zamanda fərdin istəyi ilə bir mövzu ətrafında toplaşması İlahi lütf olmadan çox çətin məsələ və bəzən hətta qeyri mümkündür. Ona görə İmam Cavad (ə) möminlərə öz bacarığı üzərində hesab açmağı yox, Allahdan müvəffəqiyyət amillərinin cəmləşməsini istəməyi öyrədir. Allahdan müvəffəqiyyət diləmək yəni mömin hədəfi uğrunda ağılına və əlinə gələn bütün imkanlarını səfərbər etdikdən sonra yenə Allahdan işin görülməsində müvəffəqiyyət istəməlidir. Çünki əngəl ola biləcək elə məsələlər ortaya çıxa bilər ki, yalnız Allah onlara agah və onların qarşısını almağa yalnız Pərvərdigar qadir ola bilər.

“Daxili möizə edən”
Allah, peyğəmbərlər və səmavi kitablarla yanaşı insanın hidayəti üçün onun vücudunda pak və xeyirxah qüvvələr yerləşdirmişdir. Bu qüvvələr xarici təsir olmadan belə yaxşını pisdən seçməyə qadirdirlər. Onlardan biri insanın ağılıdır ki, daxili peyğəmbər də adlanır. Əgər insan fitrətini çirkinliklərdən qorumasa daxilindəki peyğəmbər, nəsihətçi qüvvə ki, Azərbaycan dilində “vicdan” kimi də məna edilə bilər, gün-gündən solar, qüvvədən düşər və nəhayət onu heç bir zülmdən və haqsızlıqdan saxlaya bilməz.

Həqiqi mömin isə daxilindəki qüvvələrə əhəmiyyət verir, nəsihətlərini dinləyir, xəbərdarlıqlarına önəm verir.

“Nəsihəti qəbul etmək”
Möminin möminə nəsihəti sanki onun qardaşına sevərək zəhtmətlə hazırladığı qiymətli bir hədiyyəsidir. Hədiyyəni isə qəbul etmək İslamda tövsiyə olunur. Xüsusilə nəsihət hər hansı bir xoşa gəlməz hadisənin qarşısını almaq üçün baş verir. Hədiyyə insanda artım yaradır, nəsihət isə ilk olaraq kəsrin qarşısını alır, bununla da artımlar üçün münbit şərait yaradır.

Tərtib etdi: Rəsul Mahmudzadə
Səsləndirdi: Turanə Allahverdiyeva


İmam Cavadın (ə) həyatı haqqında əlavə məlumatı aşağıdakı linklərdən əldə edə bilərsiniz.

İMAM CAVADIN (ə) HƏYATI – 1

İMAM CAVADIN (ə) HƏYATI – 2


1 – “İ`lamul-vəra”, Təbərsi, səh.: 344.
2 – “Usuli-Kafi”, cild 1, səh.: 492.
3 – “İsbatul-vəsiyyə”, Məs`udi, səh.: 209.
4 – “Sireye Pişvayan”, Mehdi Pişvayi, səh.: 55.
5 –  “Biharul-Ənvar”, cild 78, Səh.: 358.

Hazırladı:

Dərc edilib:

,