MÜBAHİLƏ AYƏSİ

23

Əziz İslam peyğəmbəri Həzrət Muhəmməd (səlləllahu ələyhi va alihi və səlləm) və o Həzrətin məsum Əhli-Beytinin (ə) müxtəlif fəzilətlərini təsdiq edən bir çox mötəbər dəlillər mövcuddur. Belə dəlillərdən biri də “Mübahilə” (“Ali-İmran/61”) ayəsidir ki, Allah-taala bu ayəni nazil etməklə, İslam peyğəmbəri (s) və o Həzrətin Əhli-beytinin (ə) fəzail və üstünlüyünü aşkar etmişdir. İstər Əhli-Beyt (ə), istərsə də Əhli-sünnə məzhəblərinin hədis və təfsir alimləri, öz kitablarında bu məsələyə toxunmuş və “Mübahilə” ayəsini İslam peyğəmbəri (s) və o Həzrətin (s) Əhli-Beytinin (ə) fəzilət və üstünlüyünün göstəricisi kimi qiymətləndirmişlər.

Allah-taala Qurani-Kərimdə buyurur:

إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ – الْحَقُّ مِن رَّبِّكَ فَلاَ تَكُن مِّن الْمُمْتَرِينَ – فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةَ اللّهِ عَلَى الْكَاذِبِينَ – آل عمران: ۵۹، ۶۰، ۶۱

“Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(bəşər) ol!” – dedi, o da oldu. (59). (Ey Peyğəmbər!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma! (60). (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin, biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək! (61)” “Ali-İmran” surəsi, ayə: 59,60,61.

Mübahilə sözünün mənası
“Nəbtəhil” sözü “ibtihal” sözündən olub dua üçün əlləri səmaya açmaq mənasını bildirir. Bu səbəbdən də mübahilə ayəsi kimi tanınmışdır. Dini terminologiyada “mübahilə” iki müxalif qrupun Allah dərgahına üz tutub yalançı hesab etdiyi qarşı tərəfə nifrin və lənət istəməsidir (yəni qarşı tərəfin İlahi əzaba düçar olmasını diləmək). “Ət-təhqiq fi kəlimatil-Quran”

Ayənin nazil olma səbəbi
Təfsir və hədis kitablarında bu ayənin nazil olma səbəbi ilə bağlı nəql olunan müxtəlif hədis və rəvayətlərin xülasəsi belədir:

Şiə və sünni təfsirlərində, eləcə də, bəzi hədis və tarix kitablarında oxuyuruq ki, hicri təqviminin 10-cu ilində bir qrup şəxs Həzrət Peyğəmbər (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı təbliğ etmək əmri aldı.

Bu hadisə səbəb oldu Nəcran məsihiləri də İslam peyğəmbəri (s) ilə tanış olub, İslam dini barədə araşdırma aparmaq üçün Mədinə şəhərinə İslam peyğəmbəri Həzrət Muhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) yanına gəldilər. Müxtəlif suallar verdilər. O cümlədən: “Atasız uşağın dünyaya gəldiyini görmüsənmi?” soruşdular.
Allah-taala da onlara cavab olaraq “Ali-İmran” surəsinin 59-cu ayəsini nazil etdi: Həqiqətən də, İsa Məsihin (ə) atasız dünyaya gəlməsi Adəmin (ə) yaranışı (atasız halda dünyaya gəlməsi) kimidir.

Həzrət Peyğəmbərlə (s) yetərincə söhbət etmələrinə baxmayaraq, yenə bəhanə gətirib, İslamın haqq olmasını təsdiqləmədilər. Ayə nazil oldu: «Səninlə höcətləşənlərə, haqqı qəbul etmək istəməyənlərə de ki, övladlarımız, qadınlarımız və özümüz Allahı çağıraq və yalançıya lənət istəyək …». Yəni kim Allahın lənətinə gəlsə, onun da yolunun batilliyi məlum olsun. Bu yolla söz-söhbətə, mübahisələrə son qoyaq.

Həzrət Peyğəmbərin (s) mübahilə təklifini eşidən Nəcran məsihiləri bir-birlərinə baxıb susdular. Sonra möhlət istədilər ki, bu barədə düşünsünlür.

Məsihilərin böyük ruhanisi onlara dedi: “Siz sabah Muhəmmədə (s) baxarsınız. Əgər o, mübahilə etmək üçün öz Əhli-beyti (ə) və övladları ilə birgə gələrsə, onunla mübahilə etməkdən qorxun. Yox əgər səhabələri və dostları ilə birgə gələrsə, onunla mübahilə edin. Çünki bu onların zəifliyini göstərəcəkdir.”

Sabahısı gün Həzrət Peyğəmbər (s) qardaşı, kürəkəni Həzrət Əli, böyük nəvəsi Həzrət Həsən, kiçik nəvəsi Həzrət Hüseyn və doğma qızı Həzrət Fatimə (ə) ilə birgə mübahilə etmək üçün görüş yerinə yola düşdülər. Belə ki, Peyğəmbər (s) Mövla Əlinin (ə) əli  əlində, azyaşlı nəvələri Həsən və Hüseyn həzrətləri öndə, Xanım Fatimə (sə) isə onların arxasında addımlayırdı.

Dəstə başçısı Hz. Peyğəmbərin (s) kənarında gələnlərin kimliyini soruşdu.
Cavablarında deyildi: Bu (Əli (ə)) Peyğəmbərin (s) hamıdan çox sevdiyi əmisi oğlu və kürəkəni, bu iki uşaq Həsən (ə) və Hüseyn (ə) Rəsulullahın (s) nəvələri, bu gənc qadın isə onun gözlərinin işığı əziz qızı Fatimədir (əs)…

Bunları eşidən məsihilər Hz. Peyğəmbərlə (s) mübahilə etməkdən imtina etdilər. Heyətin rəhbəri Hz. Peyğəmbərə (s) üzünü tutub dedi: “Ey Əbul-Qasim! Biz səninlə mübahilə deyil, sülh edirik.”

İslam Peyğəmbəri (s) də onlarla sülhü qəbul edərək, onların “cizyə” (müəyyən vergi) verməsi ilə razılaşdı…”

Bir rəvayətə əsasən, məsihilərin rəhbəri (keşişi) heyət üzvlərinə üz tutub belə demişdi:
“Mən elə simalar görürəm ki, əgər Allahdan dağların yerindən qopmasını xahiş etsələr, Allah-taala dağları yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xiristian qalmaz”.

Həmçinin digər bir rəvayətə əsasən, İslam Peyğəmbəri (s) Nəcran xiristianları ilə saziş etdikdən sonra belə buyurmuşdu:
“And olsun məni haqq olaraq peyğəmbərliyə göndərən Allaha ki, əgər bizimlə mübahilə etsəydilər, onların üstünə od-alov yağardı.” “Məcmuəl-bəyan fi təfsiril-Quran”, Şeyx Təbərsi, c. 2, səh.: 762. Bu macəra təkcə şiə mənbələrində yox, həm də sünni mənbələrində nəql olunmuşdur.

“Əl-mizan” təfsirində nəql olunmuş rəvayətə əsasən, Peyğəmbər (s) yalnız məsihiləri yox, həm də yəhudiləri mübahiləyə dəvət etmişdi.
Mübahilə təkcə Peyğəmbər (s) dövrünə xas deyil. Bəzi rəvayətlərə əsasən, başqa möminlər də mübahilə edə bilərlər. İmam Sadiq (ə) bu barədə göstərişlər də vermişdir. “Təfsire-Nurus-səqəleyn”, c. 1, səh. 351; “Üsuli-kafi”, c. 2, mübahilə babı.

Mübahilə günü zil-hiccə ayının 24 və ya 25-ci gününə təsadüf edir. Peyğəmbər (s) dövründə Mədinə kənarında olan mübahilə keçirilən yer (məhəllə) hazırda şəhərin daxilindədir. Həmin yerdə Məscidul-İcabə adlı bir məscid tikilmişdir. Bu məscidlə Peyğəmbər (s) məscidi arasında təqribən 2 kilometr məsafə var.

İslamın qələbə çaldığı bu şərəfli gününün özünəməxsus bir neçə əməli var:
1. Qüsl etmək (Mübahilə gününün qüslü niyyətilə);
2. Oruc tutmaq;
3. Günorta azanından öncə 2 rəkət namaz qılmaq: Hər rəkətdə “Həmd” surəsindən sonra 10 dəfə “İxlas” surəsi, 10 dəfə “Ayətül-kürsi” və 10 dəfə “Qədr” surəsi oxunmalıdır. (“Ayətul-kursi”ni “Hum fiha xalidun”-a qədər oxumaq tövsiyə olunur və bu namaz ”Qədir-Xum” bayramı gününə məxsus namazla eynidir.)
4. “Mübahilə” gününün namazından sonra 70 dəfə “istiğfar” etmək (tövbə edib Allahdan günahların bağışlanmasını diləmək);
5. Ramazan ayının “Səhər” duasına oxşar olan “Mübahilə” duasını oxumaq:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ بَهَائِكَ بِأَبْهَاهُ وَ كُلُّ بَهَائِكَ بَهِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِبَهَائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَلالِكَ بِأَجَلِّهِ وَ كُلُّ جَلالِكَ جَلِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَلالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَمَالِكَ بِأَجْمَلِهِ وَ كُلُّ جَمَالِكَ جَمِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمَالِكَ كُلِّه ِ…

Oxunuşu: Əllahummə inni əs`əlukə min bəhaikə biəbhahu, və kullu bəhaikə bəhiyy. Əllahummə inni əs`əlukə bibəhaikə kullih. Əllahummə inni əs`əlukə min cəlalikə biəcəllihi, və kullu cəlalikə cəlil. Əllahummə inni əs`əlukə bicəlalikə kullih. Əllahummə inni əs`əlukə min cəmalikə biəcməlihi, və kullu cəmalikə cəmil. Əllahummə inni əs`əlukə bicəmalikə kullih…

Tərcüməsi: İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin şövkətinin ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şövkətinin bütün dərəcələri alidir! İlahi, Sənin şövkətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin camalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin camalının bütün dərəcələri alidir! İlahi, Sənin camalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm …
6. Yoxsullara yardım etmək və sədəqə vermək;
7. “Camiə Kəbirə” ziyarətnaməsini oxumaq.

Tərtib etdi: Elcin Səfaquliyev

Hazırladı: