Səxavət kərəm səciyyəsindən doğur və cəmiyyətdə fərdlər arasında məhəbbəti bərqərar edir. Səxavətli şəxsin hər hansı eybi olsa da, xalq onu sevməkdə davam edir.
Həzrət Əli (ə) səxavətdə məşhur idi və çarəsizlərin “istək Kəbəsi” sayılırdı. Ehtiyacı olanlar ona müraciət edər, o da öz növbəsində fitri nəcabətilə onlara cavab verərdi. Haris Həmdani ona öz ehtiyacını bildirdiyi vaxt Həzrət (ə) buyurur: «Məni istəyini bildirməyə layiq sayırsanmı?» Haris ərz edir: «Bəli, ya Əmirəl-mö’minin». Həzrət (ə) dərhal çırağı söndürdü. O, istəmirdi ki, ehtiyaclı şəxs öz istəyini bildirərkən xəcalət çəksin.
Bir gün bir yoxsul Həzrət Əlinin (ə) yanına gəlib öz ehtiyacını bildirdi. Həzrət xidmətçisinə buyurdu ki, o şəxsə min dinar versin. Xidmətçi soruşdu: «Qızıl verim, yoxsa gümüş?» Həzrət (ə) buyurdu: «Yoxsulun ehtiyacı hansınadırsa, ondan da ver». Həzrətin (ə) qatı düşməni Müaviyə bir şəxsdən soruşdu: «Haradan gəlirsən?» Həmin şəxs Müaviyəyə yaltaqlanaraq dedi: «Ən xəsis adamın – Əlinin (ə) yanından». Müaviyə dedi: «Vay olsun sənə, Əlidən (ə) səxavətlisi dünyaya gəlməyib. Əgər onun ixtiyarında bir anbar saman, bir anbar da qızıl olsa, qızılı samandan qabaq bağışlayar».
Bir gün Həzrətin (ə) xidmətçilərindən biri İmamın (ə) gəlirini ona təqdim edir. Həzrət (ə) bu qazancı dərhal fəqirlər arasında bölüşdürür. Xidmətçi səhəri gün görür ki, Həzrət Əli (ə) ailəsinə çörək almaq üçün bazarda qılıncını satır.
Mövla Əli (ə) heç vaxt ona ağız açanı rədd etmədi. Özü (ə) belə buyurur: «Əgər hiss etsəm ki, biri məndən nəsə istəmək fikrindədir, o mənə ağız açmamış, istəyini yerinə yetirərəm. Çünki əsl səxavət istənilmədən verməkdir».
Həzrət (ə) buyurmuşdu: «İstəyi olanlar istəklərini kağıza yazsınlar ki, ağız açmağın xəcaləti çöhrələrində görünməsin».
Bir dəfə Həzrət Əli (ə) əlindəki dörd dirhəmin birini gecə, birini gündüz, birini aşkar, birini isə gizlində infaq etdi. Həmin vaxt nazil olmuş bir ayəni təfsirçilər Həzrətin (ə) bəxşişinə (infaqına) aid edirlər.1
Osmanın qətlindən sonra Həzrət (ə) xilafət kürsüsünə oturduğu vaxt bir ərəb onun hüzuruna gəlib ərz etdi: «Mənim üç növ xəstəliyim var: bədən xəstəliyi, cəhalət xəstəliyi və yoxsulluq xəstəliyi». Həzrət (ə) buyurdu: «Xəstəliyi təbibə, cəhaləti alimə, fəqirliyi varlıya bildirmək lazımdır». Ərəb dedi: «Siz həm təbibsiniz, həm alimsiniz, həm də varlı». Həzrət (ə) göstəriş verdi ki, beytül-maldan üç min dirhəm ona versinlər. Sonra kişiyə buyurdu: «Min dirhəmi xəstəliyinin müalicəsinə, min dirhəmi pərişanlığı aradan qaldırmağa, min dirhəmi isə nadanlığı aradan götürməyə sərf et».2
Əksər alimlər və təfsirçilər nəql etmişlər ki, Həzrət Əli (ə) məsciddə namaz qıldığı vaxt rüku vəziyyətində olarkən, məscidə daxil olmuş yoxsula öz üzüyünü bağışlamışdır. Onların bildirdiyinə əsasən, vilayət ayəsi də məhz həmin məqamda nazil olmuşdur.
İmam Əli (ə) təkcə maddi yardımlarla kifayətlənmirdi. O, haqq yolda öz canını da isar etmişdi. Hicrət gecəsi Peyğəmbərə (s) xatir ölümlə üzbəüz dayanaraq, onun yerində yatmışdı.
“İsar” insanın başqalarını özündən önə keçirməsidir. Nəfsinə tam hakim olmayan insan belə bir səciyyəyə sahib ola bilməz. İsar xüsusiyyəti ən üstün əxlaqi və ilahi sifətlərdəndir. Həzrət (ə) böyük əziyyətlə qazandığı çörəyi evinə apararkən yolda rastlaşdığı yoxsulun əl açdığını görüb həmin çörəyi ona verir. Bir dəfə Həzrət (ə) qulamı Qəmbərlə bazara gedir və iki köynək alır. Nimdaş köynəyi özü geyinir, təzəni isə Qəmbərə verir.
Əksər mühəddislər və tarixçilər «Dəhr» surəsinin «Həl əta» ayəsinin Həzrət Əlinin (ə) isarı haqqında nazil olduğunu bildirirlər. Yazırlar ki, Həsən və Hüseyn (ə) xəstələndiyi vaxt ata-anaları, həm də özləri nəzr edirlər ki, sağaldıqdan sonra üç gün oruc tutsunlar. Evin xadiməsi də bu işdə onlara qoşulur.
Allah-təala Həsən və Hüseynə (ə) şəfa verdikdən sonra onlar öz əhdlərinə vəfa edib oruc tuturlar. Həzrət qonşudakı yəhudidən arpa borc alır. Həzrət Fatimə (əs) birinci gün həmin arpadan beş çörək bişirir. Axşam iftar zamanı bir yoxsul qapını döyür. Həzrət (ə) beş çörəyin beşini də yoxsula verir. Ailə yalnız su ilə iftar edir.
İkinci gün Fatimə (əs) arpanın digər hissəsindən yenə də beş çörək bişirir. Yenə də şam vaxtı qapı döyülür və bir yetim ac olduğunu bildirir. Peyğəmbər (s) ailəsi yenə də beş çörəyi yetimə verib su ilə iftar edir. Üçüncü gün isə şam vaxtı bir əsir onlara müraciət edir və ailə iftar üçün hazırladığı çörəyi ona verib, su ilə iftar edir. Dördüncü gün Həsən və Hüseynin (ə) aclıqdan əsdiyini görən Peyğəmbər (s) buyurur: «Allaha pənah aparıram ki, siz üç gündür bu vəziyyətdəsiniz.
Bu əsnada cənab Cəbrail (ə) nazil olur və «Həl əta» surəsinin on səkkizinci ayəsini gətirir.
Kitabın adı: Əli əleyihissalam kimdir?
Müəllif: Fəzlullah Kompani
Tərcümə edən: Məhəmməd Turan
Səsləndirdi: ELÇİN SƏFAQULİYEV