İmam Əli (ə) və Fatimeyi-Zəhranın (əs) Həsən, Hüseyn, Zeynəb, Ümmü Gülsüm və Möhsin adlı beş övladı olmuşdur.
İmam Sadiqdən (ə) rəvayət olunmuş hədisə əsasən, Həzrət Zəhranın (əs) son övladı olan Möhsin, İmam Əli (ə) düşmənlərinin o Həzrətin (ə) evinə etdikləri təcavüzün nəticəsində anasının bətnində öldürüldü, Xanım (əs) özü isə ağır yaralanaraq şəhadətə yetişdi. Bu xanədanın 3-cü övladı Zeynəb (ələyha səlam) hicrətin 6-cı ilində Mədinə şəhərində dünyaya göz açdı.
ATANIN ZİNƏTİ
“Zeynəb” atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün adqoyma mərasimi haqda tarixdə belə oxuyuruq:
Zeynəbi-Kubranın (əs) təvəllüdü zamanı Həzrət Peyğəmbər (s) səfərdə olduğundan Xanım Fatimə (əs) Mövla Əlidən (ə) istədi ki, övladları üçün ad qoysun. İmam Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Hz. Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Hz. Əli (ə) Xanım Zəhranın (əs) uşağı olması xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.” Ondan sonra Cəbrail (ə) nazil olub xəbər gətirdi ki, Allah (cc) buyurur: “Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-məhfuz”da yazmışam”. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu:” Tövsiyə edirəm ki, hamı bu qıza hörmət etsin. Çünki o, Xədiceyi-Kubra kimidir”. Yəni Həzrət Xədicənin fədakarlıqları kimi, Həzrət Zeynəbin (əs) Allah yolunda dözüm, səbir, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.
Hz. PEYĞƏMBƏRLƏ (s) BİRLİKDƏ
Xanım Zeynəb (əs) beş ilə qədər Peyğəmbərlə (s) bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da, bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.
Bu beş il fürsət idi ki, Xanım Zeynəb Həzrət Peyğəmbərin (s) mübarək vücudundan səbir və dözüm hədisini yazsın. Çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Xanım Zeynəbin (əs) taleyi ilə qarışmış və Allah-taala səbir və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.
Həzrət Zeynəb (əs), onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Allah rəsuluna (s) söyləyir. Hz. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Mövla Əlinin (ə) yetişdirməsi və Xanım Zəhranın (əs) qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə üzləşməyə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq:
Hz. Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb (əs) onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi:
“Ey Allahın elçisi (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf – bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopartdı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o, da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa əl uzatdım ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.”
Hz. Peyğəmbər (s) Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: “Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.”
ANASI FATİMƏ (əs) İLƏ SON GÖRÜŞ
Həzrət Fatimə (əs) atasından bir müddət sonra dünyasını dəyişdi. Buna əsasən, Xanım Zeynəb (əs) anası Zəhra (əs) kimi ana məhəbbətindən yalnız bir neçə il bəhrələndi. Bu qısa müddət, Zeynəbi (əs) Allah yolunda müsibət və çətinliklərə, cihad və mübarizəyə hazırlayan xatirələrlə doludur. Zeynəb (əs) Peyğəmbərin (s) vəfatından sonra anası Fatiməni (əs) gülən və hətta təbəssüm edən belə görmədi. Xanım Fatimə (əs) atasının ayrılığına o qədər ağlayıb ki, onun adını tarixin Adəm (ə), Yəqub (ə), Yusif (ə) və İmam Səccad (ə) kimi ən çox ağlayanları sırasında qeyd etmişlər. Xanım Zeynəb (əs) bütün bu vaxt ərzində anasının yanında olmuşdu. O, babasının müsibətli vəfat səhnələrini, anasının qəm-qüssələrini və düşmənlərin Əhli-Beyt (ə) haqqında olan cinayətlərini görürdü. Bu mənfi hallar onun kiçik qəlbini incidir, o, isə səbr edib dözür və sanki daha böyük müsibətlərə hazırlaşırdı.
Nəhayət, ana ilə son görüş və vidalaşma zamanı çatmışdı. Xanım Zəhranın (əs) pak ruhu mələkut aləminə pərvaz edib, cismi isə qüsl olunub kəfənlənmişdi. Atanın göstərişi ilə Xanım Zəhranın (əs) balaları ana ilə vidalaşır, son dəfə onu qucaqlayıb ayrılırlar.
Həzrət Əli (ə) bu qəmli səhnələri belə təsvir edir:
“Zəhranın kəfənini düyünləyərək Ümmü Gülsüm, Zeynəb, Həsən və Hüseynə dedim: Gəlin son dəfə ananızla görüşün ki, bu ayrılığın başlanğıcıdır, növbəti görüş isə Behiştdə olacaqdır. Həsən və Hüseyn anaları tərəfə gələ-gələ bu sözləri deyirdilər: “Babamız Peyğəmbər (s), anamız Fatimənin (ə) ölmündə olan qəm və həsrət yanğısı heç vaxt sönməyəcək. Ana can! Bizim salamımızı babamız Muhəmməd Mustəfaya (s) çatdır və de ki, səndən sonra biz dünyada yetim qaldıq”. “.
İmam Əli (ə) buyurur: “O zaman göydən bir səs eşitdim ki, deyirdi: “Ey Əbülhəsən, onları anasının qucağından götür. Bu iki uşaq göyün mələklərini ağlatdılar” “.
Beləliklə, Xanım Zeynəb (əs) körpə yaşlarında mehriban ana və səmimi dostunu itirdi.
XANIM ZEYNƏB (əs) ANASINDAN SONRA
Artıq İmam Əli (ə) evi Həzrət Fatimə (əs) vücudunun şamı ilə nurlanmırdı. Buna görə də, uşaqları öhdəsinə götürən bir qadına ehtiyac var idi. Xanım Fatimə (əs) bu əhəmiyyətli işi ömrünün son günlərində duymuş, uşaqları üçün mehriban ana və Həzrət Əli (ə) üçün vəfalı yoldaş tapıb onunla evlənməyi İmam Əliyə (ə) tövsiyə etmişdi. Bu şərəf Həzrət Zəhranın (əs) ögey bacısı “Əmaməyə” qismət olmuşdu.
Xanım Zeynəb (əs) anasından sonra İmam Əli (ə) kimi atanın tərbiyəsi sayəsində, Hz. Həsən (ə) və Hz. Hüseyn (ə) kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir və elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb tərcrübə toplayır. Xanım Zeynəb (əs) Hz. Həsən (ə) və Hz. Hüseyndən (ə) kiçik olamasına baxmayaraq, Xanım Fatimə (əs) qızı ilə qardaşları arasında vəsfəgəlməz məhəbbət və bağlılıq mövcud idi. Bu məhəbbətin nəticəsində də o, bir an da qardaşlarından ayrılmır və onların qüssələrinə dözə bilmirdi. O, ömürünün sonuna qədər mehriban ana kimi onları sevir və qəmlərinə şərik olurdu.
AİLƏ HƏYATI
Artıq Xanım Zeynəbin (əs) ailə qurmaq vaxtı yaxınlaşmışdı. O, bilir ki, izdivac hər bir insan üçün təbii və şəri vəzifədir, bu sünnəni inkar etmək Peyğəmbərin (s) dinindən çıxmaq deməkdir. Lakin Həzrət Zeynəb (əs) izdivac etməklə boynunda olan böyük vəzifəni unutmur. O, bilir ki, hər an və bütün səhnələrdə qardaşlarının yanında olmalıdır. O, bilir ki, əzizlərinin qiyamının səmərəsi onun əsir düşməsi, səbir edib dözməsi, qiyamın mahiyyət və səbəblərini bəşəriyyət tarixinə yetirməsindən asılıdır. Bu səbəbdən, Zeynəb (əs) izdivac ərəfəsində də vəzifəsini unutmur və ailə qurmaq üçün İmam Hüseynlə (ə) birgə olmağı şərt kəsir. Həzrət Əlinin (ə) qızına elçi göndərən şəhid qardaşı Cəfərin oğlu Abdullah sözsüz ki, bu şərti qəbul edir və nəhayət, Xanım Zeynəbin (əs) əri olmaq şərəfinə nail olur.
ZEYNƏBİN (əs) HƏYAT YOLDAŞI
Abdullah Cəfərin övladlarındandır. Cəfər isə Əbu Talibin oğlu, Əlinin (ə) qardaşı, Mutə döyüşünün fədaisi və İslamın böyük şəhidlərindəndir. Cəfəri-Təyyar adı ilə məşhur olan bu insanın şəxsiyyətini Peyğəmbərin (s) sözləri və ona bağlılığı ilə müəyyən etmək olar. Yəhudilərin Xeybər qalasının fəthi və Cəfərin Həbəşədən qayıtdığı zaman Peyğəmbər (s) onu qucaqladı və alnını öpüb buyurdu: “Bilmirəm hansı iş üçün sevinim. Xeybərin alınması, ya Cəfərin gəlişi üçün?” Sonra Peyğəmbər (s) ona məscidin qonşuluğunda mənzil verdi.
Mutə döyüşündə Cəfərin iki qolu da kəsiləndən sonra bayrağı yerə atmağa razı olmayıb onu dişlərinə aldı. Həzrət Peyğəmbər (s) bu barədə buyurmuşdur: “Allah Cəfərin iki qolunun yerinə ona iki qanad verəcək ki, Behiştdə onlarla pərvaz etsin.” Buna görə də, ona Cəfəri-Təyyar (uçan) deyiblər.
Abdullahın atası Cəfərin şəhadətindən sonra Peyğəmbər (s) onun uşaqlarını yanına gətirib bir ata məhəbbəti ilə qucağına alar, öpüb ağlayar, beləcə, sanki Abdullaha və başqa balalara təsəlli verərdi.
Peyğəmbərdən (s) sonra Abdullah Həzrətin (ə) yanında rəşadət və fədakarlıqlar göstərmiş, Siffeyn döyşündə isə döyüş səhnəsinin xüsusi qəhrəmanlarından hesab olunmuşdu. O zamanlar o, səxavət və əliaçıqlıqda da məşhur idi.
ATA MƏKTƏBİNDƏ
Həzrət Əlinin (ə) şəhadəti zaman Xanım Zeynəbin (əs) təqribən 35 yaşı var idi. O, şübhəsiz atasının həyat tərzindən, əxlaqi və siyasi görüşlərindən bəhrələnmişdi. Onun atası ilə bağlı çoxlu xatirələri var idi. Bu acı və şirin xatirələr onun bir şəxsiyyət kimi formalaşmasında öz dərin təsirini qoymuşdu.
O, atasının məzlumiyyət günlərinin şahidi idi. O, Peyğəmbərdən (s) sonra atası ilə necə rəftar edildiyini, onun təyin olunduğu vilayətin necə qəsb olunub haqqı tapdalandığını yaxşı xatırlayırdı. Zalımlar xilafət başında oturub özlərini Peyğəmbərin (s) canişini adlandırdıqları halda, Əli (ə) İslamın qorunması və müsəlmanların məsləhətindən başqa bir şey düşünmür, 25 il səbir etməklə Allahın razılığını hər şeydən üstün tutdu. Bu dövrdə Zeynəb (əs) hadisələri diqqətlə izləyir, bir növ təcrübə toplayırdı. Çoxlarının mənsəbpərəstlik və həvəsbazlığını görüb, dostla düşməni tanıyır, Əbu Süfyan və Müaviyələrin iyrənc əməllərini və siyasi hoqqabazlıqlarını görür, zahirdə İslam libasına bürünüb, döşünə Allah nişanı taxan, əslində isə İslam və Əhli-Beyti (ə) məhv etmək üçün plan cızıb həqiqəti əksinə göstərən mənfur sifətlərinin şahidi olurdu.
Xanım Zeynəb (əs) bütün bu haqsızlıqları görüb, atasının səbrinin böyüklüyünü anlayırdı. Atası belə demişdi: Mən gözündə çöp, boğazında sümük qalmış bir adam kimi səbir edib dözdüm.
Həzrət Zeynəb (əs) onun səbrindən ilham alıb fədakarlıq dərsini öyrənirdi. Öyrənirdi ki, necə Allah yolunda əzab və məhrumiyyətlərə dözüb şəxsi mənafeyini İlahi və İslami mənafelərə qurban verməlidir.
ATA MÜSİBƏTİ
Hicrətin 40-cı ili Ramazan ayının 19-cu gecəsi müdhiş bir səda Kufə şəhərinin bütün fəzasının bürüdü: “Ədalət və düzlük İmamı Əli (ə) ibadət mehrabında qətlə yetirilmişdir.”
Kufə şiələri nigaran halda özlərini İmama (ə) çatdırıb halını bilmək istəyirdilər. Xanım Zeynəb (əs) isə, o Həzrətin (ə) başqa övladları kimi atasının yanında idi. O, özünü atasına necə çatdırmışdı? Onun yaralı başını, qanlı üzünü gördükdə nə etmişdi? Bu sualların cavabı dəqiq məlum deyil. Amma onun ürəkağrıdan oxşamaları və üzücü nalələri bu müsibətdən necə təsirləndiyindən xəbər verir. Daş ürəkləri əridən, Həzrətin (ə) dostlarını əldən salan bu hadisə, gör Zeynəb (əs) kimi bir qızın incə və lətif qəlbinə nə edəcəkdi. O isə, atası İmam Əli (ə) məktəbində tərbiyə aldığından yalnız Allahın razılığını düşünüb, səbir edirdi.
Tərcümə edən: V. Hüseynzadə və M. Sayil
Davamı var …