XANIM ZEYNƏBİN (əs) HƏYATI – 2

149

İMAM HƏSƏNİN (ə) İMAMƏT DÖVRÜ
İmam Həsənin (ə) imamət dövründə xalqın vəziyyətini təsəvvür etmək üçün Həzrət Əlinin (ə) Kufə əhli barəsində fikirlərinə diqqət etmək kifayətdir.

Çünki ondan qabaq bu xalqın rəhbər və hakimi o Həzrət (ə) olmuşdu. Bu xalq Mövla Əlinin (ə) təbiri ilə desək, ağıl və şüur cəhətdən uşaq kimi, vəfasızlıqda elə bir səviyyədədirlər ki, Həzrət (ə) özü “Kaş, onları görməyəydim!” deyə arzu edir.

İmam Həsən (ə) belə bir xalq və belə bir ruhiyyələrlə üzləşmişdi və təbii ki, bu xalqla işləmək, onlarla düşmənə qarşı mübarizə aparmaq faydasızdır. Onlardan gözləmək olar ki, İmamın (ə) ayağı altından səccadəni çəkib, özünü təhqir etsinlər və ya onu öldürməyə çalışıb, qılıncla yaralasınlar. Xanım Zeynəb (əs) qardaşı İmam Həsənin (ə) imaməti dövründə də atasının məzlumiyyəti günlərində olduğu kimi xalqın vəfasızlığı, düşmənlərin hiyləsi, Müaviyənin geniş təbliğatı və nəhayət, qardaşının məzlumiyyət və tənhalığından başqa bir şey görmədi. O, öz zaman mühitini yaxşı tanıyır və bilirdi ki, zalım əleyhinə qiyam etmək məsum imam ünvanında kamil insan və saleh bir bəndənin rəhbərliyi ilə yanaşı, vəfalı və müti bir xalqa da möhtacdır.

Həzrət Zeynəb (əs) bu müddətdə özünü qardaşı İmam Həsənin (ə) bütün dərdlərinə şərik bilir, zəhərlənərkən necə ciyərlərinin qanının axdığının şahidi olur, onun məzlumanə şəhadətini, cənazəsinin oxlanaraq təhqir olunmasını öz gözü ilə görürdü. Nə qəmli yaşlar axdı gözündən və nə dağlar çəkildi onun dağlı qəlbinə!!!

Bu dərd və müsibətlərin, qəm və qüssələrin əzəmət və böyüklüyünü Hz. Zeynəb (əs) Aşura gecəsi dilinə gətirdi. Qardaşı İmam Hüseynin (ə) oxuduğu şeirlərdən onların da şəhadətini duyaraq fəryad etdi. “Həzər bu müsibətə, kaş ölüm həyatıma son qoyardı! Bu gün, anam Fatimə, atam Əli və qardaşım Həsənin dünyadan gedən günlərinə bənzəyir.”

Bəli, bütün bu müsibətlərdə Xanım Zeynəbin (əs) şüarı həmin Seyyidüş-Şühədanın (ə) şüarıdır ki, Kərbəlanın ağır müsibət dalğalarında dodaqaltı zümzümə edirdi: “Sənin qəza və qədərinə səbir edirəm, İlahi! Səndən başqa məbud yoxdur. Ey kömək istəyənlərin fəryadına çatan”!

ŞƏHADƏT KARVANINDA
Həzrət Zeynəb (əs) həyatının ən mühüm və əzəmətli dövrü İmam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Həzrət Zeynəbin (əs) təvəllüdündən İmam Hüseynin (ə) hərəkatına qədərki həyatının tarixdə qeyd olunmasına baxmayaraq, bu dövrə aid olan bəzi nöqtələr qaranlıq qalmışdır. Lakin onun həyatının son illəri, yəni İmam Hüseynlə (ə) birgə mübarizədən sonrakı dövr aydın surətdə qeyd olunmuş, özünəməxsus əzəmət və cəlalı ilə nəzərə çarpır. Sanki, İmam Hüseynin (ə) qiyamını Zeynəbsiz və Zeynəbi (əs) qiyamsız təsəvvür etmək mümkün deyil. Çünki İmam Hüseyn (ə) qiyamının hərtərəfli təhlili üçün Zeynəbi (əs) öyrənmək lazımdır və əgər belə demək mümkünsə, Zeynəb (əs) Seyyidüş-Şühəda (ə) hərəkatının canlı tarixi, ölməz natiqidir.

Xanım Zeynəb (əs) Kərbəla tarixi ilə hərəkətdədir və bu tarixin bütün hadisələrinin Zeynəblə (əs) sıx əlaqəsi vardır. Bu səbəbdən, Zeynəbin (əs) həyat tarixini Kərbəlasız təsəvvür etmək mümkün deyil.

Həzrət Zeynəb (əs) İmam Hüseyn (ə) hərəkatının bütün səhnələrində görünür. Bu əsasla demək olar ki, Kərbəla hadisəsi İmam Hüseyn (ə) həyatının böyük bir hissəsini təşkil etdiyi kimi, Həzrət Zeynəb (əs) həyatının da izzət və əzəmətli dövrünə təsadüf edir.

Həzrət Zeynəbin (əs) tarixinin Kərbəla tarixi ilə sıx bağlılığını nəzərə alaraq İmam Hüseynin (ə) əzəmətli və əbədi hərəkatının xülasəsini bəyan edir, Xanım Zeynəbin (əs) böyük vəzifəsi, habelə şücaət və fədakarlığı ilə daha yaxşı tanış oluruq:

YEZİD HÖKUMƏTİNİN BAŞLANMASI
Müaviyənin ölümü ilə onun 20 illik alçaq və rəzil hökuməti dövrü sona çatdı. O, bu 20 il ərzində xalqın ürəyinə elə qorxu və vəlvələ salmışdı ki, heç kim Peyğəmbər (s) Əhli-Beytindən (ə) danışmır, onları müdafiə edə bilmirdi. Onun hakimiyyəti illərində şiələrin vəziyyəti olduqca ağır idi. Müaviyə ya onları öldürür, ya həbs edir və ya vətənlərindən didərgin salırdı. Həzrət Əli (ə) və Əhli-Beytin (ə) fəzilətləri barəsində hədis deyənlərin təqib olunacağı isə rəsmi surətdə elan olunmuşdu.

Müaviyə bu mühiti oğlu Yezidin hakimiyyətə gəlməsi üçün hazırlamışdı. Heç kəsin onun qarşısında etiraz etmək iqtidarında olmadığını oğluna söyləmiş, yalnız İmam Hüseyn (ə) tərəfindən təhlükə gözlədiyini ona xatırlatmışdı.

Yezid belə bir vəziyyətdə hakimiyyətə çatdı və ilk növbədə atasının hökumət nümayəndəsinə məktub yazıb İmam Hüseyndən (ə) onun üçün beyət almasını tələb etdi.

İMAM HÜSEYNİN (ə) YEZİD QARŞISINDA MÖVQEYİ
İmam Hüseyn (ə) bilirdi ki, xalqın Əhli-Beytə (ə) meyli var və onun Yezidlə beyəti bütün müsəlmanların onunla beyəti deməkdir. İmam (ə) Yezid hökumətini qeyri-şəri və fasiq bilirdi. Bunun üçün də, Mədinə hakiminə cavabında buyurdu: “Biz kəramət Əhli-Beyti və risalət xəzinəsiyik… Mən babam Rəsuləllahdan eşitdim ki, buyurdu: “Əbu Süfyan övladlarına xilafət haramdır.” Belə olan halda mən bu sülalə ilə necə beyət edə bilərəm.”

Bu hadisədən sonra Mədinə hakimi Yezidə cavabında yazdı: Hüseyn ibn Əli (ə) səni xilafətə layiq bilmir və səninlə beyət etmək fikri də yoxdur. Əmrin nədir? Yezid cavab yazdı ki, məktubu alan kimi dərhal mənim müvafiq və müxaliflərimi müəyyən edib, Hüseyn ibn Əlinin (ə) başı ilə birgə mənə göndər.

GECƏ KARVANI
Hicrətin 60-cı ili, Şəban ayının üçüdür. Qaranlıq öz kölgəsini Peyğəmbər (s) şəhəri Mədinəyə salmışdır. Gecə qaranlığı, zülm və istibdad qaranlığı, cəhalət və nadanlıq qaranlığı. İmam (ə) qaranlıqları sevməz. Bu gecə İmam Hüseyn (ə) onları nura çevirmək niyyətindədir. Mədinə daha Hüseynin (ə) yeri deyil. Mədinədə qalmaq məhv olmaq, İslam düşüncəsinin, Peyğəmbər (s) və Əli (ə) zəhmətlərinin əldən çıxması deməkdir. İmam (ə) isə din keşikçisidir. Bu səbəbdən buradan getmək, hicrət etməkdən başqa çıxış yolu görmür. Gecənin qaranlığında düşmənlərin gözündən uzaq, camaatın xəbəri olmadan.

O, elə bir şəhərlə vidalaşmalı idi ki, yaxın keçmişində əziz babasının şanlı hökumət mərkəzi, vəhy əmanətçisi Cəbrailin (ə) və Quranın nazil olduğu yer olmuşdur. O, Mədinə ki, 56 il qabaq, yəni hicrətin 4-cü ilində orada dünyaya gəlmiş və mələklər onun bələyindən təbərrük etmişdilər. O Mədinə ki, illərlə orada ona xüsusi əzəmət və gözəllik bəxş etmişdi.

O dövrdən çox keçirdi. Xalq Əhli-Beytin (ə) əzəmətini Hz. Peyğəmbərin (s) onlarla rəftarını da müşahidə etmişdi. Peyğəmbərin (s) öz qızı Fatimənin (əs) əlini necə öpdüyünü, balaca Hüseyni (ə) qucağına alıb öpərək öz çiyinlərinə çıxardığını hələ unutmamışdılar. Elə həmin bu Mədinədə Təthir ayəsi nazil oldu: “İnnəma yuridullahu liyuzhibə ənkumur-ricsə əhləl-bəyti və yutəhhirəkum təthirən”.

Həmin Mədinədə ki, Əhli-Beytin (ə) əzəmət və isarını təsdiq edən “Həl-əta” surəsi nazil oldu. Həmin Mədinədə idi ki, Peyğəmbər (s) dəfələrlə Əhli-Beyt (ə) barəsində xalqa tövsiyə etmiş, onların itaət və yoldaşlığını vacib buyurmuşdu. Elə həmin Mədinədə Peyğəmbər (s) buyurdu: “Həsən və Hüseyn behişt cavanlarının ağalarıdır.” Həmin Mədinədə Peyğəmbər (s) buyurdu:  “Hüseyni sevəni Allah sevər.”

İmam Hüseyn (ə) Allah kəlamını züm-zümə edərək, Musa peyğəmbər (ə), Fironun zülmündən qurtarmaq üçün Məkkəyə tərəf hərəkət edərkən oxuduğu sözlərdən ibarət olan ayəni oxuya-oxuya babası Peyğəmbər (s) və anası Fatimənin (ə) məzarı ilə vidalaşıb hicrətə yollandı.

Həzrət (əs) Mədinədən çıxarkən qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnaməsində öz hicrətinin məqsədini belə bəyan edir: “Mən istirahət və rahatlıq, zülm və ədalətsizlik, təkəbbür və ya fəsad xatirinə Mədinədən çıxmıram. Mənim məqsədim cəddim Peyğəmbər ümmətini islah etməkdir. Mən istəyirəm yaxşılığa dəvət edib pislikdən çəkindirəm, babam Peyğəmbər (s) və atam Əli ibn Əbi Talibin (ə) yolu ilə gedəm.

İMAM HÜSEYNLƏ (ə) YANAŞI
Xanım Zeynəb (əs) imamət məqamını tanıdığından yaxşı bilir ki, məsum imam öz şəxsi iradə və istəyinə uyğun deyil, İlahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlir. Buna görə də, tarixdə İmam Hüseyni (ə) İlahi işindən saxlamaq üçün xanım tərəfindən heç bir hərəkətə ya sözə rast gəlinmir. O, bu işdə öz İmamına (ə) müti və təsəllidir.

Həztər Zeynəb (əs) Mədinədən Kərbəlaya qədər İmam Hüseynin (ə) yanında olmuşdur. O, bu səfəri barədə öz izdivacından qabaq agah olduğundan öz nikahında İmam Hüseynlə (ə) birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtin icrasının vaxtı çatmışdı.

Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və İmam Hüseyn (ə) kimi əziz qardaşına olan sonsuz eşq və dərin imanı bütün bunları Həzrəti Zeynəbə (s) olduqca asan etmişdi.

Xanım Zeynəb (əs) karvan böyüklərindəndir və onun idarə olunmasında mühüm məsuliyyəti var. O, bütün hərəkət və qəmli səhnələrdə özünəməxsus vüqar və əzəməti ilə iştirak edir.

MƏKKƏYƏ GİRİŞ
Karvan Məkkəyə yetişdi və İmam Hüseynin (ə) neçə günlük səfəri Mədinədən Məkkəyə çatmaqla sona yetdi. Məkkə İmam Hüseyn (ə) üçün münasib mövqeyə malik idi. İmam (ə) orada qaldığı müddətdə Məkkə xalqının müxtəlif təbəqələri, həmçinin ətrafdan gəlmiş hacılarla görüşə bildi.

İmam Hüseynin (ə) Məkkədə qalmasından qırx gündən artıq vaxt keçirdi. Bu müddət ərzində Kufə şiələrindən saysız məktublar çatırdı. Onlar öz məktublarında əməvi hökuməti ilə mübarizə aparacaqlarını elan edir və İmam Hüseynin (ə) hakimiyyət və rəhbərliyini qəbul etdiklərini bildirirdilər.

MÜSLÜM İBNİ ƏQİLƏ TAPŞIRIQ
İmam Hüseyn (ə) Kufə şiələri tərəfindən gələn və İmamı (ə) himayə etmələrini bildirən məktublar selinə cavab olaraq bir məktub yazıb buyurdu: “Mən qardaşım, əmim oğlu və bizim xanədanın etimad etdiyi Müslim ibn Əqili göndərirəm. Əgər iddialarınızın doğruluğu barəsində xəbər göndərsə və sizin yazdığınız kimi olduğunuzu bildirsə, yanınıza gələcəyəm”.

İmamın (ə) rəsmi nümayəndəsi, Müslim ibn Əqil mübarək Ramazan ayının ortası Məkkədən çıxıb Şəvvalın 5-də Kufəyə daxil oldu. Kufədə İmam Hüseynin (ə) nümayəndəsi misilsiz tərzdə qarşılandı və 18000 nəfər Müslimün vasitəsilə İmamla (ə) beyət etdilər. Müslim onların himayəsinə əmin olandan sonra İmama (ə) məktub yazıb, Həzrəti (ə) Kufəyə dəvət etdi.

HƏRƏKAT NİYYƏTİ
Müslim ibn Əqilin məktubu Məkkədə İmam Hüseynə (ə) yetişdi. O Həzrətin (ə) Məkkədə qalmasından 4 aydan artıq vaxt keçirdi. Həcc mərasimi günləri çatmışdı. Məktubun həcc mərasiminə təsadüf etməsi İmamın (ə) həcc əməllərindən sonra Kufəyə getməsinə səbəb oldu. Bu səbəbdən İmam (ə) ehram libası geyinir. Sonra bilinir ki, Yezidin məmurlarından bir dəstə həcc əməlini yerinə yetirmək adı altında Məkkəyə gəlirlər ki, İmamı (ə) tutub Yezidin yanına aparsınlar və ya öldürsünlər. Buna görə də, Həzrət (ə) Allah evinin hörmətini qorumaq üçün həcci ümrəyə çevirib ehramdan xaric olur və elə həmin gün qərara gəlir ki, Məkkədən Kufəyə hərəkət etsin.

MÜSLİMİN QİYAMI VƏ İMAMIN (ə) HƏRƏKATI
İbn Ziyadın Kufədə yaratdığı qorxu, vəhşət və kufəlilərin vəfasızlığı səbəb oldu ki, Müslim ibn Əqillə beyət edib İmamı (ə) himayə etmək istəyən Kufə əhli öz sözlərini geri götürüb, İmamın (ə) nümayəndəsini tək qoysunlar.

Beləliklə, neçə gün bundan əvvəl 18000 mindən çox adamı olan Müslim tək-tənha qalıb, İbn Ziyad əskərləri tərəfindən qətlə yetirildi.

Kufə əhlinin vəfasızılığı və Müslimin qətli zamanı, yəni 60-cı il zil-hiccə ayının səkkizi İmam Hüseyn (ə) Məkkədən çıxdı. O vaxtacan Kufə əhlinin vəfasızlığı barəsində İmama (ə) heç bir məlumat çatmamışdı. Odur ki, Həzrət (ə) kufəlilərin rəsmi dəvətinə və Müslimin məktubuna əsasən İraqa tərəf yola düşdü.

Tərcümə edən: V. Hüseynzadə və M. Sayil

Davamı var …

Hazırladı:

Dərc edilib:

,