ACI XƏBƏR
İmam Hüseyn (ə) karvanı Məkkədən İraqa tərəf hərəkətdədir. Aram-aram Məkkədən uzaqlaşıb İraqa yaxınlaşır. Yol boyu müxtəlif hadisələr baş verir. İmam (ə) bəzi dayanacaqlarda müsəlmanları onlara qoşulmağa çağırır.
Züheyr ibn Qeyn kimi bəziləri vəfalı və mömin həyat yoldaşının təşviqi ilə İmamın (ə) dəvətinə “ləbbeyk” deyir. Bəziləri isə əsassız dəlillərlə əbədi səadətdən məhrum qalırdılar.
Karvan əhli gecə vaxtı Sələbiyyə adlı bir yerə çatdılar. Yoldan təzə yetişmiş və mühüm xəbərləri olan iki Əhli-Beyt (ə) dostu İmamın (ə) görüşünə tələsirlər.
Onlar: “Bu xəbəri aşkar, hamının yanında deyək, ya məxfi və xüsusi?”
Həzrət (ə) o iki nəfərə və öz dostlarına baxıb buyurdu: “Mən dostlarımdan bir şey gizlətmirəm. Bizim aramızda sirr yoxdur”.
“Bizə doğru və mötəbər bir xəbər çatıb ki, Müslim və Hanini Kufədə qətlə yetirib, bədənlərini bazarda yerlə sürüyüblər”.
Həzrət (ə) bu xəbəri eşidən kimi neçə dəfə buyurdu: “İnna lillahi və inna iləyhi raciun. Allah onlara rəhmət etsin.” Sonra ağlayıb özləri və işləri üçün dua etdi. Daha sonra isə buyurdu: “Hər kəs istəsə bizdən ayrılsın azaddır və heç bir məsuliyyəti də yoxdur.” Bu sözdən sonra bir dəstə Həzrətin (ə) dövrəsindən dağıldı və İmam Hüseyn (ə) Məkkədən onunla gələn dəstə ilə qaldı. Bu İmam Hüseynin (ə) Kərbəlaya hərəkəti yolunda onun dostlarından alınan ilk imtahan idi ki, iman və sədaqətlə Həzrətlə (ə) yoldaşlıq edənlər dünya tamahı, məqam və rəyasət istəyi ilə ona qoşulanlardan ayrıldılar.
KƏRBƏLAYA GİRİŞ
İmam Hüseynin (ə) karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci hicri ilinin Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu.
İmam (ə) bu yerə girən kimi onun adını soruşdu. Cavab verib buranın Kərbəla olduğunu söylədilər. İmam Kərbəla sözünü eşidib ağladı və dua etdi: “İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram.” Sonra buyurdu: “Enin. Bura xeymələrimizin yeridir. Bu xəbərləri babam Peyğəmbər (s) mənə buyurub.”
Xanım Zeynəb (əs) Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə birlikdə keçirəcəyi son mənzildir. Elə o səbəbdən də, İmamın (ə) şəhadətinə qədər ondan bir an da ayrılmır.
YEZİDLƏ BEYƏT?… HEÇ ZAMAN!…
Məhərrəm ayının 2-i Aşura karvanının Kərbəlaya daxil olduğu gün Əməvi hökuməti İmam Hüseynlə (ə) qarşılaşmaq üçün oraya yaxşı təchiz olunmuş və çoxlu sayda hərbi qüvvə ezam etdi.
İmamdan (ə) istədikləri bircə kəlmə idi. Yezidlə beyət! Elə İmamın (ə) indiyəcən nəinki qəbul etmədiyi və heç zehnindən belə keçirmədiyi də həmin məsələ idi.
Hər iki tərəfin tələb və istəkləri barəsində çoxlu müzakirələr aparılmasına baxmayaraq, İmamın (ə) qəti mövqeyi əvvəldən bəlli idi.
Xanım Zeynəbi-Kubra (əs) bütün bu səhnələrdə qardaşının yanında olub onun İlahi qərarları qarşısında itaət və təslimçilikdən başqa bir şey düşünmürdü. Tarix sübut edir ki, onun İmamın (ə) istəyindən ayrı bir istəyi olmamışdır. Elə ona görə də, heç vaxt və heç yerdə narazılıq, peşmanlıq bildirmədi. Allah eşqi ilə, İmamla (ə) birgə Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya gələn bir bacıdan elə gözləmək olar ki, hər yerdə İmamının (ə) istəyinə təslim olub, başqa bir istəkdən vaz keçsin.
DÜŞMƏN QARŞISINDA MÜQAVİMƏT
İmam Hüseynin (ə) və dostlarının bu meydanda şücaət və müqavimətləri düşmənin öz gücünü artırmasına və nəhayət, ayın 7-də su yollarını bağlamasına səbəb oldu. Bir neçə dəfə İmam (ə), dostları su gətirsələr də şücaət və şəhadət günü Aşuraya qədər bu vəziyyət davam etdi. Suyun olmaması üç gün Kərbəlanın isti və quru çölündə İmam Hüseynin (ə) xeymələri üçün əsas problemlərdən biri olmuşdur.
Bu fəsildə bütün çətinliklərə baxmayaraq İmamın (ə) əhli-əyalının, uşaqların və xeymələrin idarəsini öhdəsinə götürmüş Həzrət Zeynəb (əs) bu məsələnin həllində tədbir və isarla uşaqları sakitləşdirmək üçün çalışmalı və düşmənin bu alçaqlığı qarşısında zəiflik və acizlik büruzə verməməli idi.
TASUA GÜNÜ
Tasua 9-cu gün deməkdir. Şiə lüğətində Məhərrəm ayının doqquzuna Tasua deyilir. Tasua, İmam Sadiqin (ə) sözünə əsasən, İmam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür. Əhli-Beyt (ə) düşərgəsinin mühasirəyə düşməsilə vəziyyət daha da ağırlaşdı, hər növ kömək və qüvvə çatdırılması qeyri-mümkün oldu.
Kufə şəhərindən, Ubeydullah ibn Ziyaddan Ömər Sədə rəsmi bir məktub çatdı. Məktub tezliklə qiyamçılara təzyiq göstərmək əmrindən ibarət idi. Bu məktubun ardınca Tasua günü, günortadan sonra Ömər Səd rəsmən hücum fərmanı verdi. Bu zaman İmam (ə) xeyməsinin qabağında qılınc əlində, başını qollarına qoyub yuxuya getmişdi.
Düşmənin hərəkətini görüb, səslərini eşidən Xanım Zeynəb (əs) qardaşının yanına gəlir: “Qardaş, düşmən ordusunun səsini eşitmirsən? Onlar artıq yaxınlaşıblar.” İmam Hüseyn (ə) başını qaldırıb deyir: “İndicə Peyğəmbəri (s) yuxuda gördüm. O, mənə deyirdi ki, sən bizim yanımıza gələcəksən.”
Xanım Zeynəb (əs) bunu eşitcək ağlamağa başladı, İmam (ə) isə buyurdu: “Sakit ol bacı, Allah sənə rəhm etsin.”
Bu zaman İmam (ə) üzünü bayraqdarı və qəhrəman əsgəri Abbasa tutub buyurdu: “Canım sənə qurban, düşmənlə görüş, gör nə istəyirlər.”
Hz. Abbas, Züheyr və Həbib ibn Məzahir olmaqla 20 nəfərdən ibarət dəstə ilə düşmənin yanına gəldi. Onların vuruşmaq niyyətində olduqlarını bildikdən sonra qardaşının yanına qayıdıb əhvalatı danışdı. İmam (ə) buyurdu: Onlara deyin bu gecəni möhlət versinlər ki, namaz, dua və tövbə ilə məşğul olaq. Allah şahiddir ki, mən namaz və Quranı, dua və tövbəni çox sevirəm.
Beləliklə, Aşura gecəsini düşməndən möhlət alıb, dua, namaz və zikrlə özlərini məbud və məşuqlarının görüşlərinə hazırlayırdılar.
SÜBH AÇILIR
İmam (ə) və səhabələr sübhü camaat namazı və Allah dərgahına dua və münacatla açırlar. Bu namaz çoxları üçün son namaz olacaqdı: Eşq və vida namazı. Camaat namazı sona çatdı. İmam (ə) namaz qılanlara üz tutub, Allaha həmd-səna edərək buyurdu: “Allah mənim və sizin ölümünüzü bu günə yazmışdır.”
XANIM ZEYNƏB (əs) AŞURA HADİSƏLƏRİNDƏ
Döyüş başlanır. Kərbəla çölünü dolduran hadisələr, burulğanlar bir-birini əvəz edir. Hər qəhrəmanlıqdan sonra yeni bir qəhrəmanlıq, hər şəhadətdən sonra yeni bir itki gəlir. Xanım Zeynəb (əs) bu meydanın tamaşaçısıdır. Sözsüz ki, bu səhnələr onu incidir, hər biri yeni bir dərd olur.
İmamın (ə) səhabələri şəhadətə çatmayınca Əhli-Beytdən (ə) heç kimi meydana buraxmadılar. Bütün səhabələr şəhid olandan sonra Əhli-Beytdən (ə) meydana gedən ilk döyüşçü İmam Hüseynin (ə) böyük oğlu Əliyyi Əkbər idi.
Beləliklə, Hz. Zeynəb (əs) çox sevdiyi bir əzizini əldən verir və bununla da onun dağlı sinəsinə daha böyük dərd əlavə olunur. Bundan az və yüngül müsibət hər bir insanı təslim etməkdə kifayət idi. Lakin Xanım Zeynəb (əs) üçün bütün bunlara dözməyi asanlaşdıran, onun İslama və zəmanənin imamına təəssübü idi. O, yalnız İlahi vəzifəsini düşünür, Allahın məsləhəti və İmamının (ə) fərmanına tabe olurdu. Elə bütün bunlar Xanım Zeynəbə (ə) səbir, dözüm və arxayınlıq bəxş edir, pak əqidəsi, xalis imanı və mənəvi qüdrəti, sonacan onu möhkəm və dözümlü saxlayırdı.
HƏZRƏT ZEYNƏB (əs) ÖVLADLARINDAN ŞƏHİD
Məlum olduğu kimi, Zeynəbi-Kubranın (əs) əri Abdullah ibn Cəfər, İmam Hüseyn (ə) Məkkədən çıxarkən, o Həzrətə (ə) bir məktub yazıb, oğulları Məhəmməd və Ovnu məktubla birgə İmamın (ə) yanına göndərdi ki, ona qulluq etsinlər. Bu iki nəfər Kərbəla vaqiəsində iştirak etmiş və hər ikisi şəhid olmuşlar. Məhəmməd haqda dəqiq məlumat olmasa da, qəti surətdə məlumdur ki, Ovn, Abdullahın Həzrət Zeynəbdən (əs) olmuş oğludur.
Aşura günü Məhəmməd şücaətli bir döyüşdən sonra şəhid oldu. Ondan sonra isə, qardaşı şəhadətə yetişir. Övlad şəhadəti, Xanım (əs) üçün Seyyidüş-Şühəda və onun övladlarının şəhadəti qarşısında çox asandır. çünki, Hz. Zeynəbin (ə) nəyi olsa da, o, özünü Hz. Hüseyn (ə) yolunun fədaisi bilir. O, həqiqətən də vilayətə etiqadlı idi. Bilirdi ki, Peyğəmbər (s) övladlarını hər şeydən, hətta öz canı və övladlarından da üstün tutulmalıdır.
ƏHLİ-BEYTLƏ (ə) VİDA
İmam Hüseyn (ə) öz ətrafına baxır. Bütün səhabə və köməkçiləri şəhadətə çatıblar. O, dünyanın ən yaxşı və vəfalı insanları yəni ailəsi-uşaqları ilə vidalaşmaq üçün xeymələrə sarı gedir. Əhli-Beytin (ə) ən əziz və ən istəklisi Həzrət Hüseyndən (ə) ayrılmaq onlar üçün necə də ağırdır! Çox çəkməyəcək ki, Allahın ən yaxşı məxluqu və özlərinin ən böyük hamilərini Kərbəlanın isti torpaqları üzərində görəcəklər.
Bu ayrılıq tarixin ən dərdli vidası olmuşdur. İmam Hüseyn (ə) nida edir: “Ey Səkinə! Ey Fatimə! Ey Zeynəb! Ey Ümmü Gülsüm! Salam olsun sizə! Bu görüşün son anlarıdır!” İmamın (ə) istəkli qızı Səkinə qışqırır. Ey ata! Ölümə gedirsən? İmam (ə) buyurdu: Heç bir dostu, köməyi olmayan şəxs, necə ölümə getməsin?
Sonra xanımlar – uşaqlar şivən edir və İmam (ə) onları sakitləşdirir.
İMAM HÜSEYNİN (ə) ŞƏHADƏTİ
İmam Hüseyn (ə) isti Kərbəla səhrasında susuz dodaqla və iman dolu qəlblə qaniçən düşmən ordusunun qarşısında dayandı. Düşmən Həzrətə (ə) tərəf hücum etdi. Vuruş şiddətləndi və Həzrətin (ə) susuzluğu çoxaldı.
İmam (ə) ikinci dəfə vidalaşmaq üçün xeyməyə gəldi və hərəm əhli ilə vidalaşdı. Sonra isə mübarizə meydanına qayıtdı.
Əbul-Hətuf Cofi, İmam Hüseynin (ə) mübarək alnına bir ox vurdu. Qan üzünə axdığı halda, Həzrət (ə) dedi: “Pərvərdigara! Sənin sözə baxmaz bəndələrin tərəfindən mənə yetişən bu halıma agahsan. İlahi, bir-bir onları say! Onları ayrı-ayrılıqda həlak elə! Onlardan birini də yer üzündə qoyma! Və heç vaxt onları bağışlama!”
Bu halda, dəymiş yaraların çoxluğundan, Həzrət (ə) o qədər zəifləmişdi ki, dincəlmək üçün dayandı. Amma bir məlun Həzrətin (ə) alnına daş vurdu, qan üzünə axdı. öz paltarı ilə qanı gözlərindən silmək istəyəndə başqa bir kişi üçguşəli oxla mübarək qəlbini hədəf tutdu.
Peyğəmbər balası (ə) əl atıb belindən oxu çıxartdı. Qan havadan axan su kimi süzülürdü. Həzrət (ə), əlini qanın altına tutdu. Dolandan sonra isə, göyə səpib buyurdu: “Bu hadisə Allahın gözləri qarşısında olduğu üçün, mənə olduqca asan və qorxusuzdur”.
Zürət ibn Şərik, o Həzrətin (ə) sol çiyninə zərbə endirdi. Həsin adlı məlun isə Həzrətin boğazını oxladı. Bir başqası mübarək boynuna zərbə vurdu. Sinan ibn Ənəs nizəni əvvəlcə Mövlanın (ə) sinəsinə, sonra isə boğazına batırdı. Saleh ibn Vəhəb də Ağanın (ə) böyründən oxladı.
O cür ağır və çətin halda gözlərini göyə tutub, Həzrət (ə) Rəbbin dərgahına duada ərz edirdi: “Sənin təqdiratın və fərmanın qarşısında səbir edib dözürəm, İlahi! Səndən başqa Allah yoxdur, ey ona sığınanların pənahı!
Tərcümə edən: V. Hüseynzadə və M. Sayil
Davamı var …