XANIM ZEYNƏBİN (əs) FƏRYADI VƏ DÜŞMƏNİN DAŞ QƏLBİ
Tarixin ən həyacanlı cinayətinə tamaşa edən Xanım Zeynəb (əs), ürək yanğısı ilə fəryad edirdi: “Kaş göy yerə gələydi, kaş dağlar əzilib, çölləri dolduraydı!” Qardaşının yanına gəldi. Gördü ki, Ömər ibn Səd əskərləri ilə İmam Hüseynə (ə) yaxınlaşıblar.
Qardaşı İmam Hüseyn (ə) can verirdi:
“Ey Ömər ibn Səd! Əbu Əbdullahı öldürürlər, sən ona baxırsan”?
Ömər üzünü çevirdi. Xanım Zeynəb (əs) fəryad etdi: “Vay olsun sizə! Aranızda bir nəfər də müsəlman yoxdurmu?”
Bir kəs cavab vermədi. Yer üzü Allahın üçüncü höccətindən məhrum oldu. Toz və qaranlıq səmanı bürüdü. Qırmızı külək əsdi və hava bir müddət beləcə qaranlıq oldu. Biri başqasını görmür və hamı əzab gözləyir.
Həzrət Əba Əbdillahın (ə) ürəkyandıran şəhadətindən sonra Əhli-Beytin (ə) qadın və uşaqlarının qorunması və işlərinin idarəsində Xanım Zeynəbin (əs) məsuliyyət və çətinlikləri daha da artdı. Peyğəmbər (s) xanədanına üz verən dərdli anlar, saatlar və günlər vəsfə gəlməzdir. Həzrət Zeynəb (əs) bu saysız çətinliklərə hamıdan artıq dözməlidir ki, o karvanı müəyyən mənzilə yetirsin.
DÜŞMƏNİN QARƏT VƏ TALANI
O namərdlər Peyğəmbər (s) xanədanı və Xanım Zəhranın (əs) gözlərinin nurunun xeymələrini talan etməkdə bir-birlərini qabaqlamağa çalışırdılar. Onlar xanımların başından çadraları çəkirdilər. Peyğəmbər (s) qızları-uşaqları ağlayır, öz əzizləri və hamilərinin ayrılığına nalə və fəryad edirdilər.
Ravi deyir: “O namərdlər qadınları çıxarıb, xeymələri odladılar. Başıaçıq və ayaqyalın xanımlar isə odlanmış xeymələrdən qaçmaq həmin düşmənə əsir düşürdülər”.
Haradadır Əhli-Beyt (ə) himayəçiləri?
Haradadır Peyğəmbər (s) xanədanının müdafiəçiləri?
Haradadır Hüseyn (ə) dostları?
Hanı Abbas, hanı Əli?
Hanı Seyyidüş-Şühəda ki, gəlib Peyğəmbər (s), Fatimeyi-Zəhra (əs) və Əliyyi-Mürtəza (ə) övladlarını himayə etsinlər?
ƏZİZLƏRİNİN CƏSƏDİ KƏNARINDA
Əhli-Beyt (ə) əsirləri hərəkət vaxtı düşmənə and verdilər ki, onları İmam Hüseyn (ə) qətligahından aparsınlar. Bəlkə onları görmək ürək yaralarına məlhəm ola. Əzizlərinin qana bələşmiş cəsədlərini və tikə-tikə olmuş bədənlərini görəndə isə, taqət gətirməyib, ürəklərini əldən verdilər. Ürək dağları təzələndi, canları odlandı, göz yaşları axdı və hər tərəfdən nalə və şivən ucaldı.
Bu ilk əzadarlıq məclisi idi ki, qətligahda, Seyyidüş-şühədanın (ə) pak bədəni yanında bərpa oldu və tarixdə belə qəmli və yanıqlı məclis qurulmamışdı. Bu arada Xanım Zeynəbin (əs) naləsi daha sarsıdıcı və ürək yandırandır. Zeynəb (əs) qanına qəltan və bədəni tikə-tikə olmuş qardaşının başı üstündə üzünü Mədinəyə çevirib ata-anasını, baba və əcdadını səsləyir, yüz ah və yanğı ilə Əhli-Beytin (əs) başına açılan bəlaları dilə gətirir. O, təbliğ vəzifəsini də unutmur, özünü və iftixarlı ailəsini, Peyğəmbər (s), Əli (ə), Fatimə (əs) və Həmzəni tanıtdırır və dünyaya bildirir ki, belə bir xanədan heç vaxt zillət qəbul etməz.
TƏBLİĞAT KARVANINDA
Bundan sonra Kərbəla tarixi və Xanım Zeynəbin (əs) davranışında təzə bir səhifə açılır. İndi Həzrət Zeynəb (əs), rəhbəri Seyyidüş-Şühəda (ə) və himayəçiləri Abbas, Əliəkbər, Bəni-Haşimin və İmam Hüseynin (ə) vəfalı səhabələri olan karvana başçıdır. Həmin kişilər ki, karvandakı uşaqların, xanımların ümidi və sığınacaqları idilər. Bu himayələr sayəsində Seyyidüş-Şühədanın (ə) həyatının son anlarına qədər düşmən xeymələrə yaxınlaşmağa cürət etmirdi. Əba Əbdillahın (ə) döyüş anındakı “La həvlə və la quvvətə illa billah” fəryadları onların ürəyinə sakitlik bəxş edir və onlara təsəlli verirdi.
KUFƏYƏ DOĞRU
Hicrətin 61-ci ili, Məhərrəm ayının 11-ci günü, Əhli-Beyt (ə) əsirlərinin karvanını Kərbəladan Kufəyə yolladılar. Əhli-Beyt (ə) barəsində qərara gəlmək İmam Səccadın (ə) öhdəsinə idi. Çünki O, imamdır və ona itaət hamıya vacibdir. Karvanın icraçı rəhbəri Zeynəbi-Kubradır. O, İmam Səccada (ə) ən yaxın adam və Aşura qadınlarının ən böyüyüdür.
Qadınların, uşaqların istək və arzularına, hisslərinə cavab vermək, eyni halda İmam Səccadın (ə) canını qorumaq Zeynəbin karvanda olan ən böyük məsuliyyəti olub onun risalət yükünü ağırlaşdırırdı.
Amma Xanım Zeynəbin (əs) böyük ruhu, çətinliklərin amansız dalğaları və müsibətlərin qorxunc tufanı qarşısında geriyə oturacaq qədər zəif deyildi. O, çiynində olan yükün öhdəsindən yaxşı gəldi və karvanı tədbir və diqqətlə idarə edib mənzil başına yetirdi.
Əsirlər karvanı Kufəyə yetişdi. Karvanın yolu, tamaşaya gələn çamaatla dolu idi. Kufə, Əmirəl-möminin (ə) və İmam Həsənin (ə) xilafəti dövrünün mərkəzi olduğu üçün tamamilə İbn Ziyadın qoşunlarının mühasirəsində idi.
Kufə camaatı vəfasızlıqda məhşur idi. Kufə camaatı həmin camaatdır ki, Fərəzdəq İmam Hüseynin (ə) Kufə camaatının vəziyyəti barədə verdiyi suala belə cavab verdi: “Kufə camaatının ürəkləri sizinlə (Əhli-Beytlə (ə)), qılıncları isə sizin əleyhinizədir”.
İmam Zeynul-abidin (ə) o günlərdə bərk xəstələndiyindən taqətsiz idi. Camaatın şivən qoparıb ağladığını gördükdə yavaşca belə buyurdu: “Bunlar bizə ağlayırlar?! Bəs bizi kim öldürdü”?
Bu vaxt Xanım Zeynəb (əs) əli ilə işarə edib hamını sakitləşdirdi. Bütün səslər kəsildi. Dəvələrin zınqırovları işdən düşdü. Belə ki, yalnız nəfəslər eşidilirdi. Xanım Zeynəb (əs) xütbə oxuyub kufəlilərin yatmış vicdanını oyatdı. Kufəlilər hələ indi gözlərini açıb, Əhli-Beytin (ə) haqqında çox böyük cinayət işlətdiklərini və heç bir yolla aradan getməyəcək böyük bir rüsvayçılıq törətdiklərini gördülər.
Xanım Zeynəb (əs) iffət və həya ilə öz sözlərini Allaha həmd və səna etdikdən, Peyğəmbərə (s), onun pak, seçilmiş xanədanına salamdan sonra belə buyurdu:
“Ey Kufə camaatı! Ey hiyləgər və xəyanətkar camaat! Heç bir zaman gözlərinizin yaşı qurumasın. Siz o qadına bənzəyirsiniz ki, öz əyirdiyi ipləri bir dəfəyə zay edir. Nə sizin peymanınızın dəyəri var, nə də sizin andınızın etibarı… O dünya üçün pis azuqə hazırlamısınız! Allah qəzəbi, Cəhənnəm əzabı! Ağlayırsınız? Bəli, ağlayın, and olsun Allaha ki, ağlamağa layiqsiniz. Çox ağlayın və az gülün. Qazandığınız çirkinliklərə niyə ağlamayasınız? Heç bir su ilə yuyulmayan çirkinlik! Peyğəmbər (s) balasını və behişt cavanlarının ağasını öldürməkdən pis nə çirkinlik ola bilər?! Sizin yolunuzun çırağı və qara gününüzün dostu olan bir insanı! Ölün və xəcalətli başınızı aşağı salın. Bir anda öz keçmişinizi bərbad etdiniz və gələcəyiniz üçün heç bir şey əldə etmədiniz…”
Xanım Zeynəbin (əs) dağlı qəlbindən və imanlı ürəyindən gələn təkanverici və bəlağətli sözlər Kufə camaatına od vurdu.
İBN ZİYADIN SARAYINDA
Qürur badəsi ilə məst olan İbn Ziyad özünü həmişəkindən qüdrətli görürdü. O, öz qüdrətini göstərib Kufə camaatını qorxutmaq üçün onların hamısına sarayında keçirdiyi məclisdə iştirak etməyə icazə verdi. O, hər şeyin tamamlandığını güman edib, Yezidin qoşununun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək istəyirdi. Ona görə də, Seyyidüş-Şühədanın (ə) mübarək başının gətirilməsinə fərman verdi. İmamın (ə) başını onun qarşısına qoydular. İbn Ziyad gülür və əsası ilə o Həzrətin (əs) ağzına (dodaqları və dişlərinə) vururdu. O, öz xam xəyalında böyük qələbə əldə etmişdi. Əsirlərin karvanını İbn Ziyadın məclisinə gətirdilər. Xanım Zeynəb (əs) bir guşəyə çəkildi və orada əyləşdi. Başqa qadınlar da onun ətrafına yığışdılar.
İbn Ziyad dedi: O qadın kim idi ki, öz kənizləri ilə kənarda oturdu? Xanım Zeynəb (əs) cavab vermədi. İbn Ziyad ikinci və üçüncü dəfə də həmin sualı təkrar etdi. Qadınlardan biri dedi: Bu Peyğəmbər (s) balası Fatimənin (əs) qızı Zeynəbdir (əs). İbn Ziyad üzünü Zeynəbə (əs) tutub dedi: Şükür olsun o Allaha ki, sizi rüsvay etdi, öldürdü və göstərdi ki, sizin dedikləriniz yalandan başqa bir şey deyildir.
Xanım Zeynəb (əs) buyurdu: “Zülmdən başqa dayağı olmayan bir zülmkar üçün onun qüdrətini saymamazlıqla məsxərə edənlər dərdli danışıqları üçün məzəmmət olunmazlar”.
İbn Ziyad özünü Xanım Zeynəbin (əs) sözünün qarşısında aciz görüb dedi: “Sənin qohumlarının və nəslinin böyük itaətsizliyi ürəyimdə bir dərd idi. Allah o dərdə şəfa verdi”.
Bu sözlə, Xanım Zeynəbin (əs) qəlbi sındı və ağlayaraq dedi: “Mənim sərvərimi öldürdün, xanədanımı məhv etdin, bizim kök və budağımızı vurdun. Əgər sənin şəfan bundadırsa, şəfa tapdın”.
İbn Ziyad dedi: “Bu qadın gözəl danışır. Atası da mahir idi, gözəl üslub və ahənglə danışırdı”.
Xanım Zeynəb (əs) buyurdu: “Qadınların ahənglə nə işləri? İndi mənim şeir söyləmək vaxtımdırmı? Ürək yanğısından başqa dilimə bir şey gəlmir”.
Bununla Mövla Əlinin (ə) şücaətli qızı Xanım Zeynəb (əs) ürəyində qorxuya yol vermədi, təsirli və kəsərli sözləri ilə, İbn Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı camaatın gözləri qarşısında rüsvay etdi, Peyğəmbər (s) xanədanına rəva qıldığı cinayətlərini ifşa etdi. Əli (ə) qızı dilləndi. Dilləndi amma elə bil indiyəcən heç nə baş verməmişdir. Nə onun bir adamını öldürüblər, nə də özünü əsir tutublar. Elə bil, cavabını vermək istədiyi bu məlun kişi ən adi bir işarə ilə onu və bütün yoldaşlarını öldürə bilməzdi.
–Şükür olsun o Allaha ki, öz peyğəmbəri Muhəmmədlə (s) bizə kəramət buyurub, çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar. Şükür olsun o Allaha ki, o, biz deyilik, başqasıdır.
İbn Ziyad dedi: “Allahın Əhli-Beytlə davranışını necə gördün?”
Xanım Zeynəb (əs) cavab verdi: “Onlar bir dəstə idilər ki, Allah, şəhadəti onlara müqəddər etmişdi. Onlar öz qəbrlərinə tərəf tələsdilər və mən burada gözəllikdən başqa bir şey görmədim. Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən. İndi gör qalib və xoşbəxt kimdir. Ey Mərcanənin oğlu! Anan matəmində otursun”.
Ravi deyir: “Bu sözlərdən sınan İbn Ziyad elə yerindən atıldı ki, guya Xanım Zeynəbi (əs) öldürəcəkdi”. İbn Ziyadın ətrafındakılardan biri dilləndi: “Ey əmir! Bu qadındır”.
ŞAMA DOĞRU
Əsirlər karvanı İbn Ziyadın zindanında çətin günlər keçirdikdən sonra Şama göndərildi. Şam müsəlmanların əlinə keçən gündən Xalid ibn Vəlid və Müaviyə ibn Əbi Süfyan kimi hakimlər görmüşdü. Bu diyarın camaatı nə Peyğəmbərin (s) söhbətlərini eşitmişdilər, nə də onun səhabələrinin iş üsulunu bilirdilər. Şam camaatı Müaviyənin və onun ətrafındakılarının rəftarını müsəlmanlıq qaydaları bilirdilər. Belə bir şəhərin camaatı əsirlər karvanının gəlişi vaxtı bayram və şadlığa qərq olmuşdular. Yezid öz sarayında bir məclis təşkil etmişdi. Hazırlanmış adamlar məclisin ətrafında oturmuşdular ki, öz gümanları ilə Yezidin böyük qələbəsini bayram etsinlər.
Seyyidüş-Şühədanın (ə) başını Yezidin qarşısına qoydular. Bu vaxt Əhli-Beyt (ə) əsirlərini məclisə daxil etdilər. Seyyidüş-Şühədanın (ə) qızının gözləri Şahın kəsilmiş başına düşdü. O, ucadan elə nalə etdi ki, bütün məclisə vəlvələ düşdü. Amma Xanım Zeynəb (əs) qardaşının başını gördükdə, həzin və dərdli bir səslə növhə oxumağa başladı: “Ey Hüseyn! Ey Allahın istəklisi! Ey Məkkə və Mina övladı, ey bütün qadınların sərvəri olan Fatimeyi-Zəhranın (əs) oğlu! Ey Peyğəmbər (s) qızının oğlu.”
Ravi deyir: “Allaha and olsun, məclisdəkilərin hamısını ağlatdı. Öz mənsəbpərəstliyi ilə məst və məğrur, şərabxor Yezid sakit oturub əlindəki əsa ilə İmamın (ə) müqəddəs dişlərinə vurur və deyirdi: “Kaş, mənim Bədr döyüşündə iştirak edən, Xəzrəc qəbiləsinin, oxların vurduğu ziyandan əziyyət çəkdiyinin şahidi olan böyüklərim bu gün məclisdə olaydılar, şadlıqlarından qışqırıb deyəydilər: “Yorulmayasan, ey Yezid! Onların böyüklərini, rəhbərlərini öldürdük və Bədr gününün qisasını aldıq. Haşim qəbiləsi səltənətlə oynadı. Nə göydən bir xəbər gəlib, nə də vəhy nazil olub… Əhmədin acığını balalarından çıxmışam.”
Tərcümə edən: V. Hüseynzadə və M. Sayil
Davamı var …