ƏBƏDİYYƏT NİTQİ
Əgər məclis həmin yerdə sona yetsəydi Yezid qalib gələr, ya da onun əmri ilə edilən işlər o qədər də çirkin görünməzdi. Amma Xanım Zeynəb (əs) işin bu şəkildə sona çatmasına imkan vermədi.
Yezidin şadlıq saydıqlarını onun ağzında zəhərdən də acı etdi. Məclisdəkilərə göstərdi ki, qarşılarında dayananlar o adamın qızlarıdır ki, Yezid onun adı ilə Şam camaatına xəlifəlik edir. Onlara anlatdı ki, İslam hökumət olmamışdan qabaq dindir. Hakimdən üzüaşağı ən kiçik vəzifəli adama qədər, Allah qarşısında etdiyi iş və danışdığı söz üçün məsuliyyət daşıyır. Onlara göstərdi ki, İslam təqva sütunu üstündə möhkəmlənir, nəinki qüdrət.
Xanım Zeynəb (əs) anası Həzrət Fatimə (əs) kimi zülmkarların qarşısında, qamətini düzəltdi, ayaq üstə və hamının görüb eşidəcəyi şəkildə Allaha həmd və səna etdi, Peyğəmbər (s) və onun Əhli-Beytinə (ə) salam göndərdi və öz sözünü Qurandan bir ayə ilə belə başladı:
“Pis iş tutanların işinin axırı bu idi ki, Allahın ayələrini yalan bilib, onu istehza etdilər. Ey Yezid! Elə fikirləşirsən ki, göyü, yeri bizə dar edib, əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla biz xar olduq, sən isə izzətli? Qiymətinin artdığını güman edərək belə qürrələnib təkəbbür edirsən? Padşahlığına maneə olmadığını və işlərinin yaxşı getdiyini gördükdə özünə sığmırsan. Lakin bunun sənə özünü olduğun kimi tanıtmaq üçün verilən bir fürsət olduğunu bilmirsən. Allahın buyruğunu unutmusan ki, buyurur: “Kafirlər onlara verdiyimiz fürsətin özləri üçün yaxşı olduğunu güman edirlər. Biz onlara möhlət veririk ki, günah yükünü ağırlaşdırsınlar. Sonra elə bir əzaba düçar olarlar ki, xar və rüsvaylıqdır”. Ey azad olunmuşun oğlu! Bu ədalətmidir ki, sənin qızların və kənizlərin pərdə arxasında izzətlə oturalar, amma sən Peyğəmbərin (s) qızlarını əsir edərək, onların hörmət pərdəsini yırtıb səslərini boğazlarında qoyasan və yad kişilər onları dəvə üstündə bu şəhərdən o şəhərə gəzdirələr! Belə ki, nə onlara sığınacaq verən ola, nə qoruyan ola, nə də bir böyükləri ola. Camaat axışıb hər tərəfdən onlara tamaşaya gələlər. Amma ürəyi bizim ədavətimizlə dolu olan adamdan bundan başqa bir şey ummaq olarmı? Deyirsən, kaş Bədr döyüşündə öldürülən babaların burada olaydılar və bu sözü deyəndə ağacla Peyğəmbər (s) balasının dişlərinə vurursan? Heç vaxt dərk etməzsən ki, çox çirkin bir iş tutmusan. Niyə də etməyəsən? Sən yerin ulduzları olan Peyğəmbər (s) balalarının və Əbdül-Müttəlib ailəsinin qanını tökməklə iki xanədanın düşmənliyini təzələdin. Şadlanma, çünki tezliklə Allah dərgahına gətiriləcəksən. O vaxt arzu edəcəksən ki, kaş kor olaydım və bu günü görməyəydim. “Babalarım bu məclisdə olsaydılar, şadlıqlarından özlərinə sığmazdılar” sözlərini deməyəydim. İlahi, Özün bizim haqqımızı al və bizim qisasımızı bizə zülm edənlərdən çıx. And olsun Allaha, öz dərini və öz ətini qopartdın. Həmin gün Allah Rəsulu (s), onun xanədanı və ürək parçaları Allahın rəhməti sayəsində rahatlanacaqlar, amma sən çox rüsvay halda Onun qarşısında dayanacaqsan. O gün həmin gündür ki, Allah öz vədini yerinə yetirəcək. Hərəsi bir küncdə öz qanına bulaşmış bu məzlumlar bir yerə yığılacaqlar. Çünki o, özü belə deyir: “Allah yolunda ölmüşləri ölü sanmayın, onlar diridirlər və Allahın nemətlərindən bəhrələnirlər.” Amma səni nahaq yerə müsəlmanların boynuna mindirən Müaviyə, Allahın hakimlik edəcəyi və sənin əl-ayağının o məhkəmədə şəhadət verəcəyi zaman hansınızın daha bədbəxt və sığınacaqsız olduğunuzu biləcəksən.
Ey Allahın düşməni, Yezid! And olsun Allaha, mənim gözümdə o qədər qiymətin yoxdur ki, səni danlayam, ya təhqir edəm. Amma nə edim, yaş gözlərimdə həlqə vurur və ah sinəmdə şölələnir. Hüseyn (ə) öldürüldükdən sonra Şeytan qoşununun Peyğəmbər (s) xanədanının ehtiramını sındırmaqla məzlum və zəhmətkeş müsəlmanların zəhmətinin nəticəsi olan “beytul-mal”dan ənam almaq üçün, bizi Kufədən ağılsızların sarayına gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza bataraq ağızları bizim ətimizin parçaları ilə dolduqdan sonra yırtıcı canavarlar o pakizə cəsədlərin həndəvərinə dolaşdıqdan sonra səni danlayıb, məzəmmət etmək nəyə yarayar? Əgər bizi öldürüb, əsir etməklə faydalandığını zənn edirsənsə, tezliklə bunun ziyandan başqa bir şey olmadığını görəcəksən. O gün etdiklərindən başqa bir nəticəyə yetişməyəcəksən. O gün sən İbn Ziyadı köməyə çağıracaqsan, o, da səndən kömək istəyəcək. Sən və itaətçilərin Allahın ədalət tərəzisi ətrafında toplanacaqsınız. O vaxt Peyğəmbər balalarını öldürməyin, Müaviyənin sənin üçün hazırladığı səfərin ən yaxşı azuqə olduğunu biləcəksən. And olsun Allaha, mən Allahdan başqasından qorxmur və Ondan başqasına şikayət etmirəm. Nə istəsən et, nə hiylə bacarsan işlət, nə düşmənliyin varsa göstər. And olsun Allaha, sənin üzərində olan bu pis ləkə heç vaxt təmizlənməyəcək. Şükür olsun Allaha ki, Cənnət cavanlarının ağalarının işini səadətlə sona yetirdi. Behişti onlara vacib etdi. Allahdan istəyirəm onların dərəcələrini artırsın və öz rəhmətini onlara sayə etsin, çünki O, çox qüdrətlidir.”
Dəməşq camaatı yavaş-yavaş İraqda baş verən hadisənin həqiqətindən xəbərdar oldular. Bildilər ki, Yezidin əmri və Kufə qoşunlarının əli ilə öldürülən sadəcə üsyançı yox, Allah Rəsulunun (s) qız nəvəsi, bura əsir gətirilən əsir qadın və uşaqlar isə onların Peyğəmbərinin (s) ailəsidirlər.
Xanımın (əs) çıxışından sonra saraya ölümcül bir sükut çökmüşdü. Oyunu uduzmuş Yezid saraydakıların üzündə narazılıq nişanələirini görüb özünü təmizə çıxarmaq məqsədilə dedi: Allah öldürsün Mərcanənin oğlunu. Mən Hüseynin (ə) ölmünə razı deyildim. Sonra əsirlərin bu halda saxlanılmasının məsləhət olmadığını bilib, onlar üçün yaxşı yer hazırlanmasını əmr verdi və bildirdi ki, Qüreyş qadınlarından əsirləri görmək istəyənlərə mane olmasınlar. O, İmam Səccadı (ə) hər günorta və axşam süfrə başına dəvət edirdi.
MƏDİNƏYƏ QAYIDIŞ
Xanım Zeynəbin (əs) Yezidin sarayında və İmam Səccadın (ə) Şam məscidindəki təsirli və ifşaedici çıxışları Müaviyənin Əhli-Beyt (ə) əleyhinə olan 40 illik zəhərli təbliğatına son qoydu. Bəni Üməyyənin cinayət və azğınlıqları ifşa edildi.
Belə rüsvay olacağını güman etməyən Şam hökuməti Əhli-Beytin Şama gəlişi, nitqləri və camaatın agahlığı ilə öz mevqeyini təhlükədə görüb çarə axtarmaq fikrinə düşdü. Şam hökumətinin, ictimai fikirlərlə razılaşmaq və millətin qəzəbini soyutmaqdan başqa çıxış yolu qalmadı. Buna görə də, Əhli-Beytlə (ə) xoş davranmağı qərara aldı. Belə ki, Əhli-Beytin (əs) Seyyidüş-Şühəda (ə) üçün üç gün əzadarlıq məclisi qurması istəyini yerinə yetirdi, hətta Şam sarayının qadınları da məclisdə iştirak edirdilər. Günlər keçdikcə Şam camaatı ayılır və Şam hökumətinin əməllərinə daha da qəzəblənirdilər.
Bu səbəbdən Yezid Əhli-Beytin (ə) Şamda qalmağını özünə və hökumətinə məsləhət görməyib, karvanı ilk fürsətdə Mədinəyə göndərməyi qərara aldı. Karvanı onunla birgə Mədinəyə göndərmək üçün, Peyğəmbər (s) səhabələrindən olan Nöman ibn Bəşiri yanına çağırdı. Nöman səfər boyunca Allahın Peyğəmbərinin (s) xanədanı ilə mehriban davranır və imkan qədərincə onların istəklərini yerinə yetirirdi.
Xanım Zeynəb (əs) həmin karvanla Mədinədən Məkkəyə doğru və Məkkədən də Kərbəla səmtinə hərəkət etdiyi günü unutmurdu. Həmin karvan ki, rəhbəri İmam Hüseyn (ə) idi, Abbas və Əli Əkbər kimi ayüzlü igidləri və özü ilə birgə qardaşı İmam Həsənin (ə) yadigarı var idi. Qardaşı İmam Hüseynin (ə) aram və nurani çöhrəsi, Abbasın şücaət və vəfası, Qasimin paklığı və səfası, Əli Əkbərin Peyğəmbərə (s) oxşarlığı və s… Zeynəbin (əs) yaddaşından silinmirdi.
Karvan anbaan Mədinəyə yaxınlaşırdı. Həzrət Peyğəmbərin (s) pak qəbrinin ətri duyulurdu. Əzizlərin yoxluğunun xatirəsi əvvəlkindən daha çox hiss olunur və dərdlər bir-birinin ardınca təzələnirdi. Hamı bunu düşünürdü ki, İmamın (ə) şəhadət xəbərini Mədinə xalqına necə çatdırsın, Mədinəyə necə daxil olsunlar və necə qalsınlar?
Karvan İmam Səccadın (ə) göstərişi ilə Mədinə yaxınlığında dayandı. Yükləri açdılar, xeymələri qurub, qadın və uşaqları aşağı endirdilər. Camaat Mədinəyə daxil olmazdan qabaq böyük bir xəbərdən agah olmalıdır. İmam (ə), Bəşir ibn Cəzləmi çağırır: “Bəşir! Allah sənin atana rəhmət etsin ki, şair idi, sənin də şairlik qabiliyyətin varmı”?
– “Bəli, ey Allah Rəsulunun övladı, mən də şairəm”.
– “Mədinəyə get və Hüseynin (ə) şəhadət xəbərini Mədinəyə çatdır”.
Bəşir deyir: “Ata minib Mədinəyə doğru tələsdim. Peyğəmbər (s) məscidinə gəlib gözlərimdən yaş axa-axa şivənlə fəryad etdim. Bu şeri qoşub uca səslə oxudum:
Ya əhlə yəsribə la muqamə ləkum biha,
Qutiləl-Huseynu fəədmui midrar,
Əlcismu minhu bi Kərbəla muzərrəc,
Vər-rəsu minhu ələl-qənati yudar.
“Ey Mədinə camaatı! Mədinədə qalmayın, çünki Hüseyn (ə) öldürülüb. Buna görə də, gözlərimdən su sel kimi axır. Hüseynin (ə) cəsədi Kərbəlada qan və torpaq arasına düşüb və müqəddəs başını nizə üzərində, şəhərlərdə gəzdirirlər.”
Bu vaxt fəryad qopardım: “Ey Mədinə camaatı! İndi Əli ibn Hüseyn (ə) öz bibiləri və bacıları ilə Mədinənin yaxınlığındadır. Mən İmam Səccadın (ə) sizin tərəfinizə göndərdiyi şəxsəm və onun yerini sizə göstərəcəyəm”.
Bəşir deyir:” Qadınlar hamısı şivən edərək evlərdən bayıra töküldülər. Mən camaatı heç bir zaman o günkündən çox ağlar görmədim və müsəlmanlar üçün o gündən acısını müşahidə etmədim”. Mədinə camaatı Bəşirlə birgə Əhli-Beytə (ə) doğru tələsdilər. İmam Səccad (ə) camaat üçün xütbə oxudu və Allahın onlara nəsib etdiyi və öhdəsindən gəldikləri böyük bir imtahan üçün Allaha şükür deyib, hamını Peyğəmbərin (s) pak ailəsinə üz verən böyük müsibətlər, çətinliklər və hadisələrdən xəbərdar etdi. Camaat şivən edə-edə Əhli-Beytlə (ə) birlikdə Mədinəyə daxil olurdu. Əhli-Beytin (əs) gözü Peyğəmbərin (s) pak qəbrinə düşcək “Va Muhəmməda” fəryadı ucaldı və Peyğəmbərlə (s) dərdləşməyə başladılar. – Ey Allahın Rəsulu! Sənin Hüseynini susuz şəhid etdilər və Əhli-beyti əsir tutdular.
Xanım Zeynəb (əs) Peyğəmbərin (s) məscidinə yetişən kimi qapının iki tərəfini tutub belə dedi: “Ey Allahın Rəsulu! Mən Hüseynin ölüm xəbərini gətirmişəm sənə”. Ondan sonra Xaım Zeynəbin (əs) gözləri həmişə yaşlı olardı. İmam Səccada (ə) baxanda dərdi, qəmi təzələnərdi.
Təbidir ki, Xanım Zeynəb (əs) sakitləşmir və Aşura hadisələrini danışmaqla camaatda dəyişiklik edir, həyacanlandırırdı. Camaat oyanır və İmam Hüseynin (ə) intiqamını almaq üçün ayağa qalxırdı.
XANIM ZEYNƏBİN (əs) VƏFATI
Mədinəyə daxil olduqdan sonra əzəmətli Həzrət Zeynəb (əs) günəşinin şüası bir ildən artıq davam gətirmədi. Həmin Hüseynsiz (ə) bir illik həyat Xanım Zeynəb (əs) üçün çətin oldu. Həmin Zeynəb (əs) ki, uşaqlığından cavanlığa və cavanlıqdan İmam Hüseynin (ə) şəhadətinə qədər olan ömrünü onunla keçirmişdi. Əgər xanım Zeynəbin (əs) yüksək səbir və təslimi olmasaydı, kifayət idi ki, İmam Hüseyndən (ə) sonra Kərbəla və Aşura xatirələrinin hər birini xatırlayıb dünya ilə vidalaşaydı. Amma o, Allahın layiqli bəndəsidir. O, Allaha bəndəliyini müxtəlif sahələrdə göstərərək “Fəsbir səbrən cəmilən” “Gözəl səbir et” fərmanına cavab verdi və qardaşı Hüseyn (ə) kimi, “gözəl səbir” surətini bəşəriyyət tarixinin səhifələrinə həkk etdirdi.
Belə uca bir ruhla və bu növ əzəmətli həyatdan sonra haqqın tükənməz rəhmətinə və pak ailəsinə qovuşmaqla yaxşı yaşamaq, Allaha itaət, iffət, isar, fədakarlıq, əhdə vəfa və Allah yolunda səbr və dözüm dərsini hamıya göstərdi.
Dünyaya göz açdığı, dünyadan köçdüyü və pak əcdadı ilə fəxrlə qəbrdən qalxacağı zaman salam olsun ona!
Tərcümə edən: V. Hüseynzadə və M. Sayil