Xanım Xədicənin (ələyha səlam), Muhəmməd peyğəmbərin (s) həyatındakı rolu, Həzrət Muhəmmədin (s) Əbu Talibin (ə) evini tərk edərək öz yaşayış xərclərini təmin etmək qərarına gəlməsilə başlayır. Muhəmməd peyğəmbər (s) on yeddi ildir Əbu Talibin (ə) evində yaşayır. Əbu Talib (ə), ailəsini dolandırmaqda çətinliklərlə üzləşir. Cənab Əbu Talib (ə) təklif edir xanım Xədicə (əs) ilə danışsın ki, Muhəmməd (s) də onun ticarət karvanı ilə Şama (indiki Suriyaya) getsin. Muhəmmədin (s) düzgünlük və dürüstlük şöhrəti səbəb olur ki, xanım Xədicə nəinki Həzrət Muhəmmədi (s) ticarət karvanının başçısı edir, həm də başqalarına verdiyinin ikiqatını verəcəyini vəd edir.
XANIM XƏDİCƏ (əs)
Hicrətdən 56 il əvvəl məkkəlilərin tanınmış ailələrindən biri, Xuvəylid (İbni Əsəd – Əsəd oğlu) adlı zadəgan və zəngin atadan və Fatimə (Binti Zayidə – Zayidə qızı) adlı iffətli anadan Xədicə adlı bir qız dünyaya gəldi. İllər ötür; özü ilə cəhalət və qaranlıqdan başqa heç nə gətirməyən illər. Xədicə cəhalət və fəsadın zirvəsində Tahirə (pak qadın) adı ilə tanındı. Təmiz, dürüst və son dərəcə mehriban bir xanım. Xədicənin yaşı artdıqca fəzilətləri də artdı. O, Qüreyşin ən nəcib, zəngin və gözəl qadınlarından birinə çevrildiyi üçün ona “Qureyşin Seyyidəsi” deyirdilər.
Bir gecə yuxusunda günəşin Məkkə üzərində dövrə vurduğunu, yavaş-yavaş aşağı hətəkət etdiyini və nəhayət evinə endiyini gördü. O, gördüyü yuxunu ərəblərin müdriklərindən olan əmisi oğlu Vərəqə ibni Nofələ danışır. Vərəqə də yuxunu belə yozur: Şöhrəti bütün dünyaya yayılacaq böyük bir kişi ilə evlənəcəksən.
XANIM XƏDİCƏ (əs) ÜÇÜN HƏZRƏT MUHƏMMƏD (s)
Xədicə yeniyetmə deyildi. O, kifayət qədər təcrübəli, ictimai və iqtisadi həyatda püxtələşmiş xanım idi. Qüreyşin ən nüfuzlu kişiləri zaman-zaman çox təkidlə onunla evlənmək istəklərini təkrarlayırlar. Lakin Xanım (əs) hamısına rədd cavabı verirdi. Ona onların heç biri lazım deyildi.
Muhəmməd (səlləllahu ələyhi və alihi və səlləm) Qureyşin ən nəcib nəslindəndir. Enlikürək, qara saçları, iri gözləri var, bir sözlə cəsur və güclü olduğu qədər də gözəldir. Qüreyşin digər cavanları da əsilli-nəsilli, cəsarətli və güclu ola bilərdilər. Qüreyş kimi böyük qəbilədə yaraşıqlı gənclər və zəngin kişilər az deyildi. Xanım Xədicə (əs) üçün bunların heç biri əhəmiyyət kəsb etmirdi.
Xanım Xədicə Muhəmmədi (s) istəyirdi. Muhəmməd (s) onun üçün xüsusi cazibəyə malik idi. Xanım Xədicə (əs) ilə evlənmək istəyən kişilərin heç birində olmayan özəllik. Muhəmmədin (s) özünəməxsus mənəvi aləmi və əxlaqi xüsusiyyətləri o Həzrəti (s) digərlərindən yerlə göy qədər fərqləndirirdi. Alicənablıq, dürüstlük, saflıq və etibarlılıq kimi yüksək insani dəyərlər yalnız Məkkənin Əmini Muhəmməddə (s) cəmlənmişdi.
Həzrət Xədicə (əs) deyirdi: Muhəmməd (s), insanların ən çox bağışlayanı və səxavətlisidir; O, ən cəsarətli və dürüstdür; Əhdi-peymanına hamıdan daha yaxşı əməl edir; O, hamıdan daha mülayim və insanlarla yola gedənlərin ən üstünüdür. Onu görən hər kəs ondan həya edər və yanında oturan isə onu sevər.
XƏDİCƏNİN ELÇİLİYİ
“Rəhmətun lil-aləmin” (aləmlərə rəhmət) Xədicəyə tərəf cari olur. Həzrət Muhəmməd (s) xanım Xədicənin (əs) evlilik barədə təklifini əmilərinə çatdırır. Cənab Əbu Talib (ə), Həmzə (rəh.) və Bəni-Haşimdən bir neçə nəfər Xədicənin evinə elçiliyə gedirlər.
Bəni Haşimin ağsaqqalı Əbu Talib (ə) sözünə belə başlayır:
Qardaşım Abdullahın oğlu Muhəmməd onunla müqayisə edilə biləcək hər bir Qureyşlidən üstündür. O (s), insanlar arasında misilsizdir. Sərvətə sahib olmasa da, önəmli deyil, var-dövlət keçici bir kölgədir. O, Xədicəni, Xədicə (əs) də onu istəyir və biz də onun üçün Xədicəni istəyirik.
Əbu Talibin Bəni-Haşimin şərəfi və Məhəmmədin (s) xoş rəftarına dair nitqi bitir. Xanım Xədicənin əmisi oğlu və ərəbin müdriklərindən olan Vərəqə ibn Nofəl deyir: Qüreyşdən heç kəs sənin fəzilətini inkar edə bilməz. Biz sizinlə qohum olmaq şərəfini ürəkdən arzu edir və qəbul edirik.
TOY MƏRASİMİ – 595 Miladi
Həzrət Xədicə (əs) yer üzündə ən səmavi bir şəxsə xanım oldu. Gözəl şənlik abu-havası var idi. Əbu Talib (ə) vəlimə verdi. O, hətta Xədicənin (əs) mehriyyəsini də öz üzərinə götürmüşdü, lakin Xədicə (əs) mehriyyəni öz malından ayıracağını bildirdi. Qonaqlardan bəziləri təəccüblənərək dedilər: Mehriyyəni kişi qadına verir, qadın kişiyə yox! Əbu Talib qəzəbli halda ayağa qalxdı. Əbu Talibin qəzəbi zəhmli idi. Buyurdu: Əgər kürəkən mənim qardaşım oğludursa yeri var ki, qadınlar ona ən bahalı mehriyyə versinlər, lakin kürəkən sizin kimi biridirsə, yeri var siz ən bahalı mehriyyəni xanımlara verəsiniz.
Görəsən Xədicə hansı ziyarətgaha dəxil düşmüşdü ki, şəhərin ən xoşbəxt gəlini oldu? O, hansı xeyir əməlin sahibi idi ki, dünyanın ən dəyərli insanı onun həyat yoldaşı oldu?
LƏYAQƏTLİ HƏYAT YOLDAŞI
Paklıqda ad çıxarmış xanım Xədicə, Peyğəmbərin (s) zövcəsi adlandırılmağa ən layiqli qadın idi. O, Muhəmmədi (səlləllahu ələyhi və alihi və səlləm) sevən zaman hələ peyğəmbər deyildi. Həzrət Xədicə (əs), bir peyğəmbərin zövcəsi olmazdan öncə, xoş xasiyyətli, ədəb-ərkanlı, gözəl sözlü, mehriban və nəcib bir kişinin xanımı olmaq şərəfinə nail olmuşdu.
İLK MÜSƏLMAN XANIM
Xanım Xədicə (əs) zəmanəsində bənzərsiz bir xanım idi. Şübhəsiz ki, o Allahın əmrini qəbul etməkdə heç bir tərəddüd etmədən İslam dininə və ilahi risalətin həqiqətinə şəhadət verən ilk qadındır. İmam Əli (ələyhissəlam) buyurur: “O günlərdə Xədicənin də olduğu Allah Rəsulunun evindən başqa heç bir evə İslam daxil olmamışdı və mən onların üçüncüsü idim”.
HƏZRƏT FATİMƏNİN (əs) VƏ İMAMLARIN (ə) ANASI
Xanım Xədicənin ən böyük fəzilətlərindən biri də Əhli-Beytin (ələyhimussəlam) onun nəslindən olmasıdır. Peyğəmbərin (s) zövcələrindən heç biri onun nəslini artıra bilmədi. Təəccüblüdür ki, Peyğəmbərin xanımlarından bəzilərinin əvvəlki həyat yoldaşlarından uşaqları olub və bu, onların uşaq dünyaya gətirmək qabiliyyətinə malik olduğunu göstərir. Allahın istəyidir ki, Peyğəmbərin (s) nəsli Xədicədən (əs) gəlsin və bəlkə də bu, xanımın sədaqəti və fədakarlığı üçün Allahın ona mükafatı idi. Həm də, hər kəs Fatimeyi-Zəhranın (əs) anası olmağa layiq deyildir.