XANIM XƏDİCƏNİN (əs) HƏYATINA QISA BAXIŞ

71

Həzrət Xədicə (əs) Qüreyş qəbiləsindən idi və məşhur tarixi rəvayətlərə əsasən hicrətdən 68 il, lakin daha dəqiq tarixi hesablamalara görə 53 il qabaq dünyaya göz açmışdır. Atası Xüvəylid və anası Zaidə xanım idi. Hər ikisi ərəblərin Hicaz məntəqəsində əsil-nəcabətli insanlarından sayılırdı. Xanım Xədicənin atasının soykökü bu ardıcıllıqla tarixdə qeyd olunub:

Xüvəylid ibn Əsəd ibn Əbdül-Üzza ibn Qissi ibn Kəlab, Qüreyşin tanınmış və möhtərəm tayfasından idi. Xüvəylid cahiliyyət dövründə öz tayfasının böyüklərindən idi. O, İkinci ficar döyüşündə Qüreyş tərəfdən tayfasına başçılığı öhdəsinə götürmüşdü.

Xanım Xədicənin (əs) övladlarının sayı haqqında tarixçilər arasında müxtəlif nəzərlər mövcuddur. Məşhur tarixi qeydlərə əsasən xanımın Həzrət Peyğəmbərlə (s) evliliyindən altı övladı olmuşdur: 1- Haşim, 2- Abdullah (bu ikisinə Tahir və Təyyib deyirdilər), 3- Rüqəyyə, 4- Zeynəb, 5- Ümmü Külsüm, 6- Fatimə (əs)

Ən böyük qızları Rüqəyyə idi. Zeynəb, Ümmü Külsüm və Fatimə ardıcıl olaraq Rüqəyyədən sonra dünyaya gəlmişdilər. Xanımın (əs) iki oğlu Peyğəmbərin (s) besətindən (peyğəmbərliyindən) əvvəl dünyadan getmiş, amma qızları Peyğəmbərin (s) besətini görmüşdülər.

Bəzi tədqiqatçıların qənaətinə görə: Qasim və Peyğəmbərin (s) bütün qızları besətdən sonra dünyaya göz açmışlar və Peyğəmbərin (s) Mədinəyə köç etməsindən bir neçə gün sonra onlar da Mədinəyə hicrət etmişlər.

Xanım Xədicə (əs) İslamın zühurundan öncə Qüreyşin görkəmli xanımlarından sayılırdı və iffətli olduğuna görə onu Qüreyşin Tahirəsi (pak qadın) və Seyidəsi (xanımlar başçısı yaxud xanımlar xanımı) adlandırırdılar. Allahın peyğəmbəri (s) ilə ailə həyatı qurmamışdan öncə Xanım Xədicənin (əs) digər şəxslə ailəli olması bütün alimlər tərəfindən təsdiqlənmir.

Şübhəsiz Xanım Xədicə (əs) hörmətli, gözəl qadın və var-dövlət sahibi olub. Həzrət Əbu Talib (ə) tərbiyəsi ona həvalə edilmiş qardaşı oğlu Həzrət Muhəmmədi (s) xanım Xədicə (əs) ilə işləməyə yönəldir. Xanımın (əs) çoxlu imkanlı elçilərinin olmasına baxmayaraq Allah rəsulu (s) ilə evlənəndə çoxlarını təəccübləndirmişdi. Bəzi tarixçilər Xanım Xədicənin (əs) Rəsulullahla (s) evlənəndə yaşının 40 olduğunu iddia edirlər. Lakin bu iddia nəqz edən digər nəzəriyyəyə əsasən Xanımın (əs) 28 yaşı olub. Məqbul nəzəriyyəyə əsasən isə Xanım Xədicə (əs) Rəsulullaha (s) qədər heç zaman evli olmayıb. Yaş cəhətdən də Həzrət Muhəmmədə (ə) münasib yaşda olub.

İLK MÜSƏLMAN QADIN

Əli ibn İbrahimin Hicr surəsinin 94-cü ayəsinin təfsirində nəql etdiyi rəvayətdə gəlib: Bu ayə Məkkə şəhərində və Allah Rəsulunun (s) peyğəmbərliyindən üç il keçdikdən sonra nazil olmuşdur.

Peyğəmbərlik məqamı Həzrət Muhəmmədə (s) bazar ertəsi günü verildi və İmam Əli (ə) səhəri gün İslamı qəbul etdi, bundan sonra xanım Xədicə (əs) də İslam dinini qəbul etdi. Seyid ibn Tavusun “Əl-Mənaqib” kitabında qeyd etdiyi sənədə əsasən İmam Cəfər Sadiqdən (ə) nəql edir ki, Allah Rəsulu (s) onların ikisini (İmam Əlini (ə) və xanım Xədicəni (əs)) birgə İslama dəvət etdi və ikisi birlikdə iman gətirib İslamı qəbul etdilər.1

XANIM XƏDİCƏNİN (əs) VƏFATI

Xanım Xədicənin (əs) Həzrət Peyğəmbərə (s) xüsusi eşqi və əlaqəsi var idi. O Həzrət peyğəmbərliyə (s) seçildikdə, xanım Xədicə (əs) bütün var dövlətini Peyğəmbərin (s) ixtiyarında qoydu ki, İslam dininin inkişafı istiqamətində xərcləsin. O, bütün malını din yolunda infaq etdi və İslam uğrunda çoxlu əziyyətlərə qatlaşdı.2

Xanım (əs) həyatda ikən Həzrət Peyğəmbərə (s) yar və yavər olmaqla yanaşı vücudu Həzrətin (s) qəlbinə təsəlli idi. Müsəlmanların Əbu Talib dərəsində mühasirədə olduqları dövrdə bir an da olsa belə o Həzrəti (s) tək qoymur və bütün varlığı ilə Ona (s) dəstək olurdu.

Nəhayət, bu fədakar xanım, 25 il Allahın Peyğəmbərinə (s) və İslam dininə xidmət etdikdən sonra besətin 10-cu ilində Məkkə şəhərində dünyadan köçdü. Mühasirədən yeni çıxmış müsəlamanlar mübarək Ramazan ayının 10-da Xanım Xədicəyə (əs) əzadar oldular. Həzrət Peyğəmbər (s) xanımın pak bədəninə qüsl verib kəfənlədikdən sonra Məkkənin Həcun məntəqəsində yerləşən qəbiristanlıqda dəfn etdi.3

Həzrət Əbu Taliblə (ə) Xanım Xədicənin (əs) vəfatı eyni ilə təsadüf etdi. Az fasilə ilə müsəlmanlar iki böyük iqtisadi, siyasi və ictimai himayədarlarını əldən verdilər. O səbəbdən Rəsulullah (s) tərəfindən besətin həmin ili “Amul-huzn” yəni “hüzn və qəm ili” adlandırıldı.

Həzrət Peyğəmbər (s) xanım Xədicə (əs) haqqında buyurub: Allaha and olsun, Rəbbim Xədicədən daha yaxşısını mənə nəsib etmədi. Çünki, camaat küfr edəndə o mənə iman gətirdi, camaat məni inkar edəndə o məni təsdiq etdi, camaat məni məhrum edəndə o, var dövlətini mənimlə bölüşürdü və Allah ondan mənə övladlar əta etdi. Hansı ki, digər həyat yoldaşlarımdan belə bir nemət mənə nəsib olmadı.4

İMAM HÜSEYN (ə) XANIM XƏDİCƏNİN (əs) ZİYARƏTİNDƏ

Nəql olunan rəvayətə əsasən İmam Hüseyn (ə), Həcc və Ümrə mərasimini yerinə yetirmək üçün 25 dəfə piyada Məkkə şəhərinə getmişdi. Bu səfərlərin birində Ənəs ibn Malik də o Həzrətlə (ə) birlikdə səfər edirdi. İmam Hüseyn (ə) xanım Xədicənin (əs) qəbri kənarına gələrək orada (xanımın fədakarlığını xatırlayaraq çəkdiyi zülmlərə) ağladı və sonra mənə buyurdu: Məndən uzaq dur! Mən də kənara çəkildim və ona yaxın bir yerdə daldalandım. Həzrət (ə) namaza başladı və bir qədər də uzatdı. Eşitdim ki, o Həzrət (ə) namazında belə dua edirdi:
Ey Pərvərdigarım və mənim Rəbbim, Sən mənim mövlam və başçımsan. Pənahı sən olan aciz bəndənə rəhm elə. Ey cəlal və kəmal sifətlərə sahib olan Allah, Sənə söykənirəm. Xoş o kəsin halına ki, Sən onun başçısı və mövlasısan. Xoş o kəsin halına ki, Səndən qorxur və şikayətlərini, giriftarçılığının həll olmasını Səndən diləyir. Belə şəxsin giriftarçılığı heç də eşqindən çox deyildir (əslində Səni sevdiyi üçün dərdini Sənə danışır). (Belə birisi) Hər zaman Allah dərgahından onun müşküllərinin həll olmasını istəsə Allah onun istəyini yerinə yetirir və onun diləyinə müsbət cavab verir…5

Tərcümə və tərtib: Rəsul Mahmudzadə


1. www.hawzah.net
2. Ramazan dər tarix, s. 72
3. Yəqubi Tarixi, c2, s. 35
4. Təzkirətul-xəvas, s. 273
5. Mənaqibi Ali Əbi Talib, c. 4, s. 69, Biharul-ənvar, c. 44, s. 193

Hazırladı:

Dərc edilib: